ƏCƏL MƏKTƏBİ

ƏCƏL MƏKTƏBİ

İkinci yazı

Ömrünün sonuna və Üçüncü reyxin darmadağın olunmasına cəmi bir neçə ay qalmış Adolf Hitler “axıradək durmaq” barədə əmr vermişdi. 16 yaşından 60 yaşınadək kişi cinsindən olan bütün şəxslərin səfərbər edilməsi və “xalq dəstələri”, “könüllü qoşun hissələri”nin formalaşdırılması qərara alınmışdı. 1945-ci ilin yazında alman paytaxtının müdafiəsində beş min nəfərlik yeniyetmə və “Hitleryugend”çi iştirak edirdi. Hitler onları qəhrəmanlıqla ölməyə çağırırdı. Beləliklə, rejimin daha çox yaşaması naminə həyatını qurban verənlərin sayı daha da artdı. Üçüncü reyxin gənclər təşkilatı – “Hitleryugend”in 20 illik fəaliyyəti öz bəhrələrini verdi.

Hərbi oyunlar

Adolf Hitler partiyanın rəhbəri olan kimi qərara gəldi ki, xüsusi döyüşçü dəstələrinə böyük ehtiyac var. O, hərbi oyunları daha cəlbedici sayırdı; düşünürdü ki, işsiz gənclər paradlarda, küçə savaşlarında, ölkəboyu gəzintilərdə həvəslə iştirak edərlər. Hələ məktəbli ikən Hitler onu lider kimi qəbul edən kiçik yaşlı uşaqlarla oynamağa üstünlük verərdi. Bu, Karl Mayın (alman yazıçısı, şairi, bəstəkarı, macəra romanlarının müəllifi, 1842-1912 – S.M.) romanlarında təsvir olunan hərbi oyunlarla bağlı idi. Alman yazıçı heç vaxt Amerika çöllüklərində olmamışdı. Onun hindular barədə romanları təmiz fantaziyanın bəhrəsi idi. Lakin Almaniyada o heç də istedadına uyğun olmayan müstəsna bir rol oynadı. Karl Mayın romanlarını oxumaqdan Hitlerin az qala başı xarab olmuşdu.

Almanlar romantik və sentimentalist idilər. Onlara elə gəlirdi ki, çox sıx yaşayırlar, odur ki, imperiyalarının ərazilərini böyütmək lazımdır. Onların əsl vətəni isə müqəddəs və toxunulmaz olubdur. Karl Mayın ramedilməz hindular haqqında yazdıqları alman gənclərinə güclü təsir etmişdi. Yazıçı Hans Qrimmin ümumi adı bəlli olmayan romanı hələ nəşr olunmamışdı ki, almanlar artıq yuxularında müstəmləkə görürdülər. Və onları heç də təəccübləndirmirdi ki, niyə Karl Mayın qəhrəmanları ağlar deyil, hindulardır.

…Qəhrəman Vinnettu vətənini yadellilərdən qoruyur, Almaniyanın əbədi düşmənləri ingilis və fransızlarla mətanətlə döyüşürdü. Karl May və onun kimi digər sentimental alman ədibləri hərbi sərgüzəştləri, mübarizənin saflaşdırıcı gücünü, vətəni müdafiə edənlərin tükənməz dostluğunu təmtəraqla tərənnüm edirdilər. Karl Mayın cildləri Adolf Hitlerin stolüstü kitabları idi…

Hücum dəstələri

  Bu dəstələr ilk dəfə 1921-ci ilin avqustunda yaradıldı. Onun üzvü olan millətçi gənclər partiya qəzetləri və vərəqələrini yayır, maşın və motosikl sürməyi öyrənir, idmanla məşğul olurdular. İlk əvvəllər dəstə “İdman bölməsi” adlansa da, gimnastika Hitleri az maraqlandırırdı. Odur ki, az sonra ad dəyişdirildi. 1926-cı il noyabrın 1-də Hitler qərar verdi: “Hücum dəstələrinin hazırlanması partiyanın maraqları çərçivəsində olmalıdır. Fiziki hazırlıqda idmana əsaslanmaq lazımdır. Boks və cui-citsu hər hansı başqa şeydən vacibdir. Biz gizli şəraitdə işləməli deyilik – kütləvi marşlarda iştirak etməli, küçələri ələ keçirməliyik…”

                                       HÜCUM DƏSTƏLƏRİ

Hitler, nəhayət, gəncləri partiyanın ideyaları ilə silahlandıran belə bir adamı tapa bildi.

Baldur fon Şirax əsilzadə dvoryan ailəsindən çıxmışdı. Şeirlər yazır, skripkada çalırdı. Atası Veymarda dövlət teatrının direktoru idi. Anası amerikalı idi, nəsli Birləşmiş Ştatların qurucularına gedib çıxırdı. Şirax uşaqlıqda ancaq ingiliscə danışırdı. Amerikada qala bilərdi – dayısı Nyu-Yorkda şanslı bankirlərdən idi. Lakin bundan imtina etdi və Münhenə yollandı. Orada universitet təhsili aldı, filologiyanı, incəsənət tarixini öyrəndi. 1925-ci ildə, 18 yaşında ikən partiyaya və onun “hücumçu dəstə”sinə daxil oldu. Tələbələrin nasional-sosialist birliyinə başçılıq etdi. Gəncləri partiyaya cəlb etməyi Hitlerə məhz Şirax təklif etdi.

1931-ci ildə kommunistlərlə dava saldığına görə onu səkkiz sutkalıq həbs etdilər. Öz ətrafındakılar arasında qəhrəman sayılırdı. Bu savaşlarda tərəfdaşlarından iyirmiyədək “Hitleryugend”çi həlak oldu.

Tonqal başında mahnı

  Nasistlər uğur qazanmaq arzusunda olan gənclərə ümid bəsləyirdilər. Karyera həsrətində olanlar fürerə minnətdar idilər ki, irəliləyiş üçün onlara şanslar verib. Nasist idarəçiliyin ilk illərində elə görünürdü ki, uzun müddətli gərginlik və ümidsizlikdən sonra cəmiyyətə yeni enerji və əminlik qayıdıb. “Nəhayət, elə hakimiyyət yaranıb ki, o, ölkəni dirçəldəcək”. Gənc almanlar üçüncü bir yol axtarırdılar – nə sosializm, nə də kapitalizm – odur ki, nasistlərə doğru addım atdılar. İnanırdılar ki, Hitler ölkəyə sosial bərabərlik və həmrəylik gətirəcək.

Fürer almanlara bir vaxtlar nəhəng dövlətə malik olmalarından doğan qürurverici hissləri qaytardı, ən əsası isə – ölkənin əsl sahibinin meydana çıxması ilə yaranan duyğuları yaşatdı. Vahid partiya günü elan edildi – bütün partiya üzvləri siyasi maarifçilik sistemində məşğul olurdular. Nasional-sosialist siyasi təhsil və tərbiyə sistemi bütün təhsil müəssisələrini əhatə edirdi.

Hitleryugendçilər

Hakimiyyətə şübhəli yanaşma satqınlığa bərabər tutulurdu. Xalq vətənpərvərlərə və düşmənlərə bölünmüşdü. Nasistlərə qarşı olan və ya ən azı etiraz edə biləcək milyonlarla alman susmağa üstünlük verirdi. Diktatura, hakimiyyəti zorakılıq və terrorla saxlayırdı. “Qeyri-sağlam” gənclər birliyini nasistlər qadağan eləmişdilər. “Hitleryugend”ə üzvlük isə məcburi idi. Ancaq qaraçıları və yəhudiləri qəbul eləmirdilər.“Hitleryugend” hərbiləşmiş təşkilat idi, fəallar xüsusi forma geyinir, onlara rütbə verilirdi. Yerli özəklər on nəfərdən ibarət olurdu, rayon drujinaları isə – yüz əlli nəfərdən.

Gənc nəslə kollektivdə yaşamağı öyrədirdilər. Ölkə boyu səfərlər, gəzintilər, şənliklər, tonqal ətrafı oyunlar… Yayda gənclər düşərgələri açılır, qışda xizəklə gəzintilər təşkil edilirdi. Birlikdə kino və teatra gedirdilər. Və bir də – mütləq siyasi məşğələlər. Alman gənclərinə izah olunurdu: ölkə düşmən əhatəsindədir, müharibəyə hazırlaşmaq və buna mane olanları məhv etmək lazımdır.

Qızlar təşkilatı – ayrılıqda

  Hələ müharibədən əvvəl yaradılmış “Alman qızları birliyi” ayrıca fəaliyyət göstərirdi. Nasistlər hakimiyyətə gələndən sonra on-iyirmi yaşlı yeniyetmə və gənc qızların təşkilata üzvlüyü məcburi sayıldı. Birliyin vəzifəsi – ideal qadınlar tərbiyə edib yetişdirmək idi: sağlam, işlək və çoxlu uşaq doğmağa qadir olan.

Gənclər “Hitleryugend”ə hərbi hazırlıq keçir, qızlara isə evdarlıq öyrədirdilər. Bəs oğlanlar və qızlar niyə ayrılıqda məşğul olurdular? Məsələ burasındadır ki, nasist dövlətində qadınlar heç bir vəzifə tutmur və faktiki olaraq siyasi həyatdan kənarlaşdırılmışdılar. 1921-ci ildə partiyanın yığıncağında Hitler şərt qoymuşdu: bir nəfər qadın da partiyanın rəhbər orqanına daxil ola bilməz!

Nasistlər əvvəlki dövrlərə qayıtmağı arzulayırdılar: qızlar qadınlıq və analıq vəzifələri üçün lazımi bilik və təcrübəyə yiyələnirlər. Onlar işləyə bilərlər, lakin yalnız nigaha girənə və ailə qayğıları ilə məşğul olanadək.

Müharibə başlayan kimi qadınları istehsalata cəlb elədilər. Onlar cəbhəyə getmiş kişiləri əvəzlədilər. Qadınların əksəriyyəti əzab-əziyyətli və geridə qalmış kənd təsərrüfatı sahəsində çalışırdılar.

Almaniya aqrar ölkə olaraq qalırdı. Hökumət kənd rayonlarına diqqəti bir neçə dəfə artırdı, borclar silindi. Eyni zamanda, xaricdən məhsul idxalı dayandırıldı. Lakin bu, qiymətlərin artımına səbəb oldu. Kənd təsərrüfatı ölkəni lazımi məhsulla təmin edə bilmirdi. Tezliklə məlum oldu ki, iqtisadiyyat xarici idxalsız inkişaf edə bilməz. Hitler inanmırdı ki, sənayenin inkişafı və azad ticarət iqtisadiyyatı çiçəkləndirər. Bunu yəhudi təbliğatı hesab edirdi. Ölkə rəhbərliyi kənd təsərrüfatını da inkişaf etdirməyi bacarmadı. Onlar çıxış yolunu başqa cür görürdülər – yeni ərazilər əldə etmək! “Xarici aləmdən niyə asılı olmaq? Madam ki dünyanı Almaniyadan asılı olmağa məcbur etmək mümkündür!..”

Hitler zəngin ehtiyatlı böyük ərazilər mənimsəmək xülyasında idi.

“Sonadək durmalı”

  “Hitleryugend”in rəhbəri Baldur fon Şiraxı yorulmaz təşkılatçı sayır, gələcəyinə böyük ümidlər bəsləyirdilər. Bir zamanlar onu hətta Hitlerin varisi hesab edirdilər. lakin sonradan hər şey alt-üst oldu – aparatda onun homoseksuallığa meyilliliyi barədə söhbətlər dolaşmağa başladı. “Hücum dəstələri”nin rəhbərliyində belələrinin sayı artmaqda idi. Gənclər təşkilatlarında onlar söz sahibi olurdular.

Reyxsyugendfürer Baldur fon Şirax

Lakin tezliklə Baldur fon Şirax nəzərdən düşdü. Hitler 1940-cı ildə onu Berlindən uzaqlaşdırdı – Reyxə birləşdirilmiş Avstriya paytaxtı partiya təşkilatının katibliyinə göndərdi. “Hitleryugend”in yeni rəhbəri Artur Aksman oldu. Onun xəmiri başqa cür yoğrulmuşdu. Atası erkən ölmüş, anası işsiz qalmışdı. O, 15 yaşında “Hitleryugend”ə daxil olmuşdu. Yozef Gebbelsin başçılıq etdiyi dövrdə şəhər partiya təşkilatında əməlli-başlı irəliləmişdi.

Artur Aksman 18 yaşınadək gənclərə şər qarışanda küçəyə çıxmağa qadağa qoymuşdu. Təşkilatın patrulları gənclərin geyiminə nəzarət edirdi. Oğlanlara – saçlarını qısa vurdurmaq, qızlara – saçlarını hörükləməmək məsləhət görülmüşdü. Və heç bir kosmetika!..

Aksman “Hitleryugend”i millətçiliyə yuvarlatdı

  Müharibə kultu, cəbhə həyatı ictimai şüurun dərinliyinə yeridilirdi. “Əgər onlar (Qərbin demokratik ölkələri) müharibə istəyirlərsə, – almanlar hədə ilə bildirirdilər, – deməli, onu da görəcəklər…”

1941-ci ildə Aksman özü Vermaxtın formasını geyindi. Şərq cəbhəsində döyüşdü, sağ əlini itirdi. Bu onu şərəfləndirdi. Tərxis olunarkən gəncləri cəbhəyə getmiş yaşlı nəsli əvəz etməyə çağırdı. Qızlar məhsul toplamağa yollandılar. Gənclər, məktəbi qurtarmasalar belə, Vermaxtın yardımçı hissələrində xidmətə başladılar. Sonra isə özləri müharibəyə yollandılar.

Fürerin utopik ideologiyası real siyasətə çevrildi. Hitler dünya müharibəsini alovlandırdı, lakin məğlubiyyətə məhkum oldu. Müharibə Almaniyanın sərhədlərini adladı və onun qurbanları onu başlayanların özləri oldu. Alman komandanlığı təslim olmamaq üçün hər şeyə gedirdi. Almanlardan “axıradək durmaq” tələb olunurdu.

Müharibə nasist rəhbərliyi üçün “olum, ya ölüm” məsələsi idi. Məğlubiyyət nəinki milli alçalma və rejimin süqutu demək idi, həmçinin Reyxin rəhbərlərini müttəhimlər kürsüsü gözləyirdi.

Müharibənin sonlarında kimi gəldi “ət maşını”na atırdılar. Hələ 1943-cü ildə könüllü gənclərdən formalaşdırılmış “SS” diviziyasına 17 yaşlı məktəblilər daxil olurdular. Diviziyaya “SS” briqadenfüreri Kurt Mayer komandanlıq edirdi. O, üç il Şərq cəbhəsində döyüşdü, hətta Xarkovun alınmasında fəal iştirak etdi. Ən gənc diviziya komandiri fərqlənməyə elə can atırdı ki… Lakin bütün bunlarla yanaşı, “Hitleryugend” ağır məğlubiyyətə düçar oldu. Mühasirəyə düşən gənc döyüçülər Normandiyaya çıxarılan müttəfiq qoşunları tərəfindən darmadağın edildilər. Sağ qalan altı yüz nəfər sonralar Berlinin müdafiəsində iştirak etdi və digər gənclərlə birgə həlak oldu.

Onlar öz təkəbbürlüklərinin, kor-koranə itaətçiliyin, ümumi əxlaqsızlığın güdazına getdilər. Onlara elə gəlirdi ki, hamıdan qat-qat üstündülər.

(Ardı var)

Səfər Mahmudzadə

hərbi jurnalist

Copy link
Powered by Social Snap