Ədalət Verdiyev: “İrəvana yağış belə yağmayanda Ermənistanın ombudsmanı az qala Azərbaycanı günahkar bilir”

Son günlər Ermənistanda Azərbaycan Ordusunun sərhəd məntəqələrində apardığı istehkam qurğularının tikintisi işləri müəyyən xof yaradıb. Göyçə ətrafında istehkamların tikməsinə Ermənistanın ombudsamanı narahatlığını ifadə edib. Ermənistan Müdafiə Nazirliyi bununla bağlı açıqlama verib və ombudsman Arman Tatoyanın dediklərini “şişirtmə” adlandırıb.

Bəs Azərbaycan- Ermənistan sərhədində nə baş verir?

Hərbi ekspert Ədalət Verdiyev Herbiand.az-a bildirib ki, Azərbaycan müharibədən sonrakı prosesləri ombudsman və ya kimləsə razılaşaraq həyata keçirmir. Bu proseslərin nizamlanması üçün 3 tərəfli komissiya var. Burda da təmsil olunan nümayəndələr Baş nazirin müavinləri səviyyəsindədirlər. Yəni bu məsələlər ombudsmanla müzakirə ediləcək bir məsələ deyil. Bu dövlət səviyyəsində razılaşdırılır və həyata keçirilir.

Ədalət Verdiyev prosesin müvafiq üçtərəfli razılaşmaya uyğun aparıldığını da bildirib:
“İrəvana yağış belə yağmayanda Ermənistanın ombudsmanı az qala Azərbaycanı günahkar bilir. O, qeyri- ciddi biridir. Mənə görə, onun sözlərinə reaksiya vermək belə artıqdır. Azərbaycan öz ərazisində istehkam da tikə bilər, hərbi hissə də aça bilər, istədiyi ölkə ilə əməkdaşlıq da edə bilər, istədiyi ölkə ilə hərbi təlim də keçə bilər. Bunun nə Ermənistana, nə də onu dəstəkləyən “molla rejim”inə aidiyyatı yoxdur. Öz ərazimizdə nə istəsək, onu da edə bilərik. Bu qədər sadədir.

Ermənistanın birgə bəyanatda yazılan müddəaları qəbul edib razılaşmaqdan başqa variantı yoxdur. Sadəcə olaraq bu ağır proseslər Ermənistan üçün daha yüngül olsun deyə, qarşılıqlı şəkildə müəyyən humanist addımlar da atılır.

Hazırda Azərbaycan və Ermənistanın münasibətlərində müəyyən qədər yumşalma müşahidə olunur. Bu proseslər bir neçə istiqamətdə fəallaşıb. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin təyin edilməsi, Azərbaycan ərazisində yüngül cinayət törətmiş ermənilərin vətənlərinə geri qaytarılmasını müşahidə edirik. Bütün bunlar bir daha bunu nümayiş etdirir ki,  3 tərəfli birgə bəyanatın şərtlərində göstərilən fəaliyyətlərin həyata keçirilməməsinin qeyri-mümkün olduğunu Ermənistan artıq anlayır. Bütün bunlar, həm də Ermənistanın maraqlarına uyğundur. Vəziyyətin uzun müddət bu formada davam etməsi Azərbaycanın məğlub Ermənistan üzərində hərbi təzyiqlərinin artırılması ilə nəticələnə bilər.  Bütün baş verən hadisələri müsbət qiymətləndirmək olar”.

Emin Şirvanzadə

Copy link
Powered by Social Snap