“Zəngilanın azad olunmasından sonra 132 km-lik cənub sərhədimiz tam nəzarətə götürüldü” – Ruslan İmamquliyev

Bu gün Zəngilan şəhərinin azad edilməsindən 1 il ötür. Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalçılarından azad edilib. Bundan başqa həmin gün Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də düşməndən təmizlənib. Döyüşlər zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Ruslan İmamquliyev Zəngilanın azad olunmasının 1-ci ildönümü ilə bağlı hebiand.az-a bildirib ki, 44 günlük müharibədə başlanğıc olaraq əməliyyatlar sadəcə şərq-qərb istiqamətində həyata keçirilirdi. Bu geniş miqyaslı əməliyyatlar öz-özlüyündə düşməni tədirgin edirdi və çətin vəziyyətə salmışdı:

“Döyüşün artıq gedişatında bizim silahlı qüvvələrimizin bir çox istiqamətlərdə düşmənin dərinliyinə sızmış ola bilməsi artıq onların sadəcə şərq istiqamətində deyil, bütün istiqamətlərdə bir təhdid altında olması demək idi. Bu da düşmənin bir çox hallarda ya ehtiyatlarını tətbiq etmək məcburiyyətində qalması, yaxud da ehtiyatların tətbiq olunmasından məhrum vəziyyətinə düşməsi idi. Çünki bir çox ehtiyatlar artıq darmadağın edilmiş vəziyyətdəydi. Bunun da əsas səbəblərindən biri artıq döyüşün ilk günlərində hava üstünlüyünün Azərbaycan Silahlı Qüvvələrində olması, düşmənin kəşfiyyat vasitələrinin darmadağın edilməsi və kor vəziyyətə gətirilməsi idi. Belə olan ərəfədə cənub istiqamətində ordu korpuslarının həyata keçirdiyi yarma əməliyyatı düşmənin dərinliyinə qədər nüfuz etmiş oldu”.

Ehtiyatda olan polkovnik vurğuladı ki, Cəbrayılın ardından Hadrutun, Füzulinin azad olunması və cənub istiqamətindəki əməliyyatların daha da genişləndirilərək Zəngilanın və Qubadlının azad olunması ilə cənub istiqaməti demək olar ki, tam olaraq nəzarətə götürülmüş sayıldı:

“Bu qisimdən baxılsa ard-arda azad olunan ərazilərdən sonra xüsusilə də Zəngilanın azad olunmasından sonra artıq 132 km-lik cənub sərhədimiz tam nəzarətə götürüldü. Bu səbəblə də artıq düşmən bu dəfə şərq və qərb istiqamətindən əks-hücum əməliyyatlarına məruz qalmaqla yanaşı eyni şəkildə cənub-şimal istiqamətində də geniş cəbhədə əks-hücum əməliyyatlarının icra edilməsi üçün 132 km-lik yeni bir təmas xətti yaranırdı. Nəticə də göz qabağında idi. Düşmən tez bir zamanda artıq təslim vəziyyətinə gəldi. Qubadlının azad olunmasının şahidi olduq. Laçında bir sıra hakim yüksəkliklərin azad olunması, Laçın dəhlizinin nəzarətə tutulmuş olması və Şuşanın azad olunması ilə nəticələndi. Düşmən təslim aktına imza atmaqla hətta bir sıra rayonları – Ağdam, Kəlbəcər, Laçının da tərk etdi”.

Ruslan İmamquliyev qeyd edib ki, ümumi əməliyyat olaraq götürsək bu əməliyyatların icra olunmasında cənubda həyata keçirilən əməliyyatların da ciddi bir önəmi var:

“Bu həm düşmənə yeni bir cəbhə açması adına, həm də İranla olan sərhədimizin nəzarətdə tutulması və düşmənə ola biləcək hər hansı bir kənar vasitələrin, texniki dəstəklərin qarşısının alınması demək olacaqdı. Bu qismdə Zəngilan və onun bir sıra kəndlərinin, yüksəkliklərin azad olunması çox önəmli idi”.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap