Gələn il il 2 Günəş və 2 Ay tutulması baş verəcək

2022-ci ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək.

Bu barədə APA-ya Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

O bildirib ki, 1-ci Günəş tutulması 30 aprel 2022-ci ildə baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 30 aprel 22:45:19-da başlayacaq və 01 may 02:37:56-da sona çatacaq. Tutulmanın maksimumu 01 may 01:41:37-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 37 saniyə davam edəcək. İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2-ci Günəş tutulması isə 2022-ci il 25 oktyabrda baş verəcək. Bu tutulma 2022 -ci ilin ikinci qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq. Bakı üçün tutulma hadisəsi saat 13:59:38- də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

X.Mikayılov qeyd edib ki, 2022-ci ildə 2 Ay tutulması hadisəsi olacaq: “1-ci Ay tutulması 2022-ci il 16 mayda baş verəcək. Bu, tam Ay tutulması olacaq. Yarımkölgəli tutulma saat 05:32:05-də, qismən tutulma saat 06:27:52-də, tam tutulma saat 07:29:03-də başlayacaq. Tutulmanın maksimumları saat 08:11:28-də və 15:18:42-də qeydə alınacaq. Tam tutulmanın sonu saat 08:53:55-də, qismən tutulmanın sonu saat 09:55:07-də, yarımkölgəli tutulmanın sonu saat 10:50:49-da olacaq.

Bu qanlı tam Ay tutulması mərhələsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

2-ci Ay tutulması 2022-ci il 8 noyabrında baş verəcək. Bu, tam Ay tutulmasıdır: “Yarımkölgəli tutulma saat 12:02:00-də, qismən tutulma saat 13:09:00-da, tam tutulma saat 14:16:00-da başlayacaq. Tutulmanın maksimumu saat 14:59:00-da qeydə alınacaq. Tam tutulmanın sonu saat 15:41:00-da, qismən tutulmanın sonu saat 17:56:00-da baş verəcək.

2022 – ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünmür, yalnız son 25 dəqiqə (17:31 – 17:56) müddətində Şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olar. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

2022-ci ilin Ayın Yerə ən çox yaxınlaşması hadisəsi 13 iyulda 9:09-da baş verəcək. Bu zaman məsafə 357263 km olacaq.

Copy link
Powered by Social Snap