Dəyərlərimiz mənəvi sərvətimizdir

Azərbaycan zəngin dövlətçilik tarixinə, milli adət-ənənələrinə, mənəvi dəyərlərinə bağlı olub və xalqımız hər zaman bununla öyünərək qürur duyub. Düzdür, keçmişlə yaşamaq olmaz. Lakin keçmişin elə dəyərli tarixləri var ki, bu gün də biz onlar sayəsində var olmaq gücündəyik, tanınırıq, ən uca zirvədə dayanmaq iqtidarındayıq. Bu ucalığımıza səbəb də keçmişin şanlı tarixini, adət-ənənələrini, mənəvi dəyərlərini yaşadıb bu günə qədər gətirməyimizdir.
Xalqımız əsrlər boyu öz torpaqlarında zəngin, özünəməxsus mədəniyyət, dövlətçilik ənənəsi yaradıb. Qarşıda duran əsas iş Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini təbliğ etməkdir. Bu işdə dövlət və xalq olaraq hamı üzərinə düşənin öhdəsindən layiqincə gəlməyə çalışmalıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın tarixini, adət-ənənələrini, elm və mədəniyyətini yüksək qiymətləndirərək dəyərli fikirlərini bildirirdi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.
Dövlətçilik tariximizin araşdırılması, təbliğ edilməsi, həm də gənclərimizin tariximizi dərindən bilməsi, eyni zamanda onunla fəxr edib vətənimizə, dövlətimizə məhəbbət ruhunda böyüməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ruhda böyüyən gənclik təbii ki, dövlətinə, adət-ənənəsinə, mənəvi dəyərlərinə sıx bağlı olub onun dərin qatlarını daha yaxından öyrənməyə çalışacaq. Tarixi araşdırmalar göstərir ki, dünənimizlə bu günümüz arasında sarsılmaz bir mənəvi körpü var. Onu da qeyd edək ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycan əhalisi lap qədim dövrlərdən başlayaraq, yüksək mədəniyyət yaradıb.
Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin tərəqqisinə səbəb olub. Bu gün də dövlətçilik tariximizin, milli dəyərlərimizin, milli adət-ənənələrimizin qorunması və nəsildən-nəsilə ötürülməsi işi öz aktuallığını qoruyaraq davam etdirilir. Çünki milli dəyərlərimiz xalqımızın formalaşmasında önəmli olduğu kimi, milli dövlətçiliyimizin möhkəmlənməsində də əhəmiyyətli rol oynayır. Bu səbəbdən də müdrik dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizə qayıdışın xalqımız üçün vacibliyini nəzərə alaraq bu istiqamətdə lazımi tədbirlərin görülməsinə zəmin yaratmışdır. Məhz Ulu Öndərin gördüyü tədbirlər nəticəsində milli-mənəvi dəyərlər sistemimiz güclənərək dövlətçiliyimizin möhkəmlənməsində öz töhfəsini vermişdir. Xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə böyük ehtiram göstərən ümummilli lider Heydər Əliyev deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Ümummilli Lider yaxşı bilirdi ki, gənc nəsildə güclü təsir buraxan adət-ənənələrimiz onların vətəninə, xalqına sevgi ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıyır. Adət-ənənələrimiz mənəvi baxımdan nə qədər zəngin olarsa, gənclər də bir o qədər cəmiyyət üçün layiqli bir şəxs olaraq yetişər, dövlətin güclü və qüdrətli olmasında öz töhfəsini verər.
Müdrik dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin gördüyü tədbirlər nəticəsində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alınaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edilərək uğurlar əldə olunub. Sevindirici haldır ki, bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə ən böyük nailiyyətlərə imza atan ölkələrdəndir. Və əldə etdiyi uğurlar nəticəsində dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş olaraq özünü təsdiqləyə bilib. Fəxrlə deyə bilərik ki, ölkəmiz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə dünyada heyrət doğurub. Burda bir maraqlı məqamı da xatırlatmaq istərdim. 2018-ci ildə Cənubi Qafqaz bölgəsinə olan səfərini Azərbaycanla yekunlaşdıran Almaniya Kansleri Angela Merkel “Azərbaycan ənənələri olan ölkədir” fikrini təsadüfən deməmişdir. Səfərinin Azərbaycanın Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd olunduğu bir vaxta təsadüf etdiyini deyən Almaniya Kansleri bildirib ki, Azərbaycan zəngin tarixə, milli-mənəvi dəyərlərə malikdir. Qeyd etmişdir ki, ölkəmiz dünya sivilizasiyasına öz töhfələrini verib. Xatırladaq ki, Azərbaycanla Avropa arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın tolerant ölkə olduğu, multikultural dəyərlərin inkişafı istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımlar, zəngin tarixə, elmə və mədəniyyətə malik olması öz əksini tapıb.
Azərbaycanın elm sahəsində qazandığı uğurlu nəticələr də təqdirəlayiqdir. Bu gün elm sahəsində həyata keçirilən yeniliklər Azərbaycanın elmi potensialını gücləndirib. Həyata keçirilən islahatlar elmin inkişafında yeni mərhələ açaraq bu sahənin fəaliyyətini tənzimləyib. Bunun nəticəsində qanunvericilik aktları müasirləşdirilib. Bu səbəbdəndir ki, gənclərimizin Azərbaycan elmində əldə etdiyi nailiyyətlər hamıda heyrət doğurur.
Bu gün ölkəmiz həm də beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bir çox ölkələrin nümayəndələri məhz bu tədbirlərdə iştirak üçün ölkəmizə səfər edirlər. Bu tədbirlər nəticəsində Azərbaycan mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri gələn qonaqların diqqətini çəkir və onları heyran edir.
2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdi. Bununla İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getmək iqtidarı nümayiş etdirir. Müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik durur.
Azərbaycan xalqının mədəniyyətini, mənəviyyatını, həyat tərzini islam dini-mənəvi dəyərləri olmadan təsəvvür etmək çətindir. Azərbaycan xalqı həm ümumi islam mədəniyyəti, həm də xüsusi, spesifik Azərbaycan mədəniyyətinin daşıyıcısıdır. Müqəddəs kitabımız Qurani-Kərimdən gələn dəyərlər də milli ənənələrimizlə birgə min üç yüz ildən artıqdır ki, xalqımızın yüksək mənəvi dünyasını təşkil etməkdədir. Məhz bu xüsusiyyətlərinə görə islam tariximizin müxtəlif dövrlərində mədəni inkişafımızda, intibahımızda öz əhəmiyyətilə seçilib. 
Müdrik dövlət xadimi Heydər Əliyev dini-mənəvi dəyərlərə yüksək qiymət verərək, onun azərbaycançılıq ideologiyasına, vətənpərvərlik tərbiyəsinə güclü təsiri olduğunu söyləyirdi. Ulu öndər qeyd edirdi ki, islam dini həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət edib. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. 
Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları – Nizami, Füzuli, Nəsimi və digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına öz töhfələrini verib və islam mədəniyyətini və fəlsəfəsini yaradıcılıqları ilə zənginləşdiriblər. Məhz bu səbəbdəndir ki, islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla fəxr edirik.
İslamın da daxil olduğu milli-mənəvi dəyərlər əsrlər boyu həm də Azərbaycan xalqının formalaşmasında, dövlətçiliyimizin yaranmasında, yaşamasında və möhkəmlənməsində böyük rol oynayıb.
Bu gün hər birimizin qarşısında duran vəzifə Azərbaycan dövlətçiliyini, milli adət-ənənələrini, elm və mədəniyyətini qorumaq, onu yaşatmaq, dünyada layiqincə təmsil etməkdir. Bu işin öhdəsindən gəlmək üçün hamı Azərbaycan Prezidentinin ətrafında sıx birləşib onun apardığı siyasi xətt üzrə fəaliyyətini davam etdirməlidir.
Elnurə İSAXAN

Copy link
Powered by Social Snap