“O gələcək deyib səhərə kimi gözlədik, ancaq sonda yenə də ümidlərimiz puç oldu…”

Şəhidlik – vətənpərvərliyin ən uca məqamıdır. Bu zirvəyə yüksələnlərin ömür yolu nə qədər qısa olsa da şərəflidir. Bu qəhrəmanlar hər birimiz üçün örnək sayılır. Onları tanımaq, əbədi yaşatmaq ən ümdə vəzifəmizdir. Azərbaycanın igid oğullarından yazı hazırlamaq nə qədər çətindirsə də, eyni zamanda qürurvericidir. 44 günlük Vətən Müharibəsində mərd, cəsur oğullarımız öz qəhrəmanlıqları, cəsarəti, vətənpərvərliyilə tarix səhifəsində adlarını qızıl hərflərlə yazdırdılar. Ölümün gözünə dik baxıb düşmənlə üz-üzə rəşadətlə döyüşdülər. doğma torpaqlarımızı azadlığa qovuşdurub düşmən üzərində böyük qələbənin əldə olunmasına nail oldular. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Torpaqlarımızın müdafiəsi naminə canlarından keçən igidlərimiz şərəfli ömür yolu keçib ən uca zirvəni fəth etdilər. Bu gün onların yoxluğu hər birimizin qəlbini göynədir. Amma bir təsəllimiz mərd oğullarımızın ən ali məqamda yer almalarıdır. Şəhadətə yüksələn oğullarımızın sırasında bir ad da var. Şəhid Eyvazov Əbülhəsən Balaş oğludur.

Atamın məzarını ziyarət etməyə gedərkən ağsaçlı bir atanın şəhid qardaşımızın məzarı başında səssiz-səssiz dayanıb ağladığını görəndə ayaq saxlamaya bilməzdim. Ətrafında yaxınları olsa da, heç kim oğul həsrətindən yanıb qovrulan ataya təsəlli verə bilmirdi. Yaxınlaşıb təsəlli edəcək bir söz demək istəsəm də, danışa bilmədim. Sanki deyəcəyim sözləri unutmuşdum. O an sözün bitdiyi məqam idi. Bu səbəbdən də ata ilə söhbətimi sonraya saxladım. Bir müddət keçdikdən sonra əlaqə saxlayıb qəhrənanımın bacısı ilə xatirələrini bölüşdüm.   

Əbülhəsən Eyvazov 1996-cı il noyabrın 1-də Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya göz açıb. İki bacının bir qardaşı, ailənin kiçiyi və ən sevimlisi olub Əbülhəsən. Sapsarı saçları, göy gözləri olan Əbülhəsəni hamı əzizləyər və Əbi deyə çağırardı. Əbülhəsən hələ 9 aylıq olarkən ailəsi Nardaran kəndinə, bir müddət orada yaşadıqdan sonra isə Bakı şəhərinə köçür. Üç yaşından Bakı şəhəri NZS qəsəbəsində yaşayan qəhrəmanımız hələ uşaq yaşlarından öz tərbiyəsi və mədəniyyətilə yaşıdlarından seçilir. 2003-cü ildə 165 saylı orta məktəbin 1-ci sinfinə gedən Əbülhəsən oxuduğu müddətdə tərbiyəsi, davranışı ilə fərqlənir. Məktəbi bitirdikdən sonra, 2014-cü ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Bacısı Leyla Eyvazova söyləyir ki, qardaşı üçün çox gözəl məclis düzənlənir. Deyir, sanki Əbiyə toy etdik, toyu olmayacağını bilirmişik kimi.

Əbülhəsən Ağdam rayonunda hərbi xidmətə başlayır. Bacısı qəhrəmanımızın əsgərlikdə olduğu müddətdə də daim seçilən əsgərlərdən olduğunu söyləyir: “Komandiri, atamı xüsusilə görmək istəmişdi. Demişdi ki: “Əbülhəsənə bu cür tərbiyə verən ataya minnətdarlıq bildirəcəm…” Əsgərlikdən gəlməyinə bir gün qalmış “aprel döyüşləri” kimi yadda qalan müharibə başladı. Orada qəhrəmancasına döyüşən qardaşım müharibədən sonra xüsusi təşəkkürnaməylə evə qayıtdı.

Heç yadımdan çıxmaz, Əbi müharibədən qayıdanda sanki bir ordu qarşıladı onu. Maşından enərkən əlində yuxarı qaldırdığı hərbi bilet və tərifnamələriylə hər kəsi keçərək atamın yanına gəlib böyük fəxrlə əlindəkiləri ona təqdim etdi və ilk olaraq atama sarıldı. Əbinin gəlişi hər birimiz üçün bayram olmuşdu”.

Əbülhəsən bir müddət sonra şadlıq saraylarından birində operator vəzifəsində işləməyə başlayır. Sonradan toyun səs-küyündən yorulduğunu deyərək oradan çıxır və bir müddət fərqli sahələrdə çalışır. Sonradan restoranlardan birində aşpazlıq öyrənir. Çox qısa müddətdə bu işi mənimsəyir və işləməyə başlayır. Leyla deyir ki, qardaşı işlədiyi kollektivdə özünə çox gözəl hörmət qazanmışdı. Hər kəs onun haqda bir başqa gözəl sözlər danışırdı: “Əbi çox şən, hər kəslə dil tapan, böyük-kiçiyin yerini bilən oğlan idi. Heç bir pis vərdişi, dilindən çıxan bircə kəlmə qəlb qıran sözü olmazdı. Çox diqqətcil, istiqanlıydı. Əvvəllər onun elədikləri bəlkə də adi, normal gəlirdi mənə. Öz-özümə deyirdim, qardaşımdı da, qardaş belə olmalıdı, lakin indi görürəm ki, yox, o, həqiqətən çox fərqliymiş. Heç vaxt nəyəsə yox deməzdi, qəlb qırar deyə, çox ehtiyat edərdi”.

Əbülhəsənin atasına qarşı münasibəti isə xüsusilə fərqli idi, yalnız valideyn-övlad münasibəti deyil, həm də çox yaxın dost olublar, sözləri, sirrləri ayrı olmazdı. Toylarda belə həmişə ata-bala oynayardılar. Leyla deyir ki, bu zaman anam əl çalar, biz də fəxrlə ya onlara qoşular, ya da Əbinin hər anını lentə almağa çalışardıq: “ Bəlkə də hiss edirdim, doymurdum ondan, ya da ona qarşı olan həssaslığım idi, elə fəxr edirdim ki, ürəyim dayanırdı sanki ona baxanda”.

Ötən ilin sentyabr ayı qəfil gələn zəng ailənin bütün sevincini əlindən alır. Leyla üçün həmin anları xatırlamaq çox çətin idi. Deyir, sentyabrın 21-i səhər tezdən evimizə zəng gəldi ki, səfərbərlik elan olunub, Əbülhəsən də hərbi təlimlərə getməlidi: “Elə bil birdən-birə gözəl həyatımızda qara yellər əsməyə başladı. “Birdən müharibə başlayar” düşüncəsi hamımızı təşvişə salmışdı. Amma Əbi çağırışa elə sevinə-sevinə getdi ki, sanki sevincindən uçurdu. Hamılıqla getdik yola salmağa, görüşərik deyib, gülə-gülə bizdən ayrıldı. O zaman biz bilməzdik ki, bu, qardaşımızla olan son görüşümüzdü. Biz bundan sonra onunla görüşmədik, sözündə dura bilmədi, gəlmədi. Sentyabrın 27-si Vətən Müharibəsi başladı. Bunu eşidən atam cəbhə bölgəsinə yollandı, bizlər də təlaş içində xəbər gözləyirdik.

Atam gedib Əbini orada tapdı, bizlə danışdırdı, 2 gün də yanında oldu. Son dəfə sentyabrın 28-i əlaqə saxlaya bildik. O zaman bir başqa idi danışığı, bizə sanki son dəfə danışırmış kimi, – özünüzə yaxşı baxın, narahat olmayın – dedi. Bir az danışıb sağollaşdıq və bu, son danışığımız oldu. O gündən atam da evə gəlmədi. Döyüşə könüllü yardım edib, bəlkə Əbini görərəm deyə, cəbhədə qaldı, lakin tapmadı ki, tapmadı”.

Qızğın döyüşlər gedən vaxtı ailəyə Əbinin şəhid olma xəbəri gəlir. O zaman hər kəsin sanki dünyası qaralır. Lakin bu, yanlış məlumat olur. Daha sonra qəhrəmanımın ailəsinə onun yaralı olduğu haqda məlumat verilir. Lakin bu da yalan olur. Günlərlə axtarılır, atası cəbhədə, bacısıgil də Bakıda xəstəxanalarda, amma heç bir xəbər, heç bir iz olmur. Atam “narahat olmayın, tapacam balamı, qardaşınızı gətirəcəm sizə deyirdi, lakin çox təəssüf ki, olmadı. Anam pərişan halda, qohumlarımız hər kəs gecə-gündüz yığışıb atamın zəngini gözləyirdik… Beləcə, günlər keçdi, ancaq ümidimizi itirmirdik. Artıq 1 ay 1 gün idi ki, Əbimdən heç bir xəbər yox idi. Günorta saatlarında “evə yığılın, Əbini tapmışam yaralıdı, vəziyyəti yaxşı deyil” – dedilər. “Evə yığılın” sözü ürəyimi yandırdı, hər kəs yığışdı, bilmirdim kimin üstünə qaçım, kimdən nə soruşub, nə deyim. Hər kəsə “nə olar, bir söz deyin də, əgər yaralıdırsa, yanına gedək, niyə burda gözləyirik axı” – deyirdim. Artıq hava qaralmışdı, atam zəng elədi, telefonu mikrofona qoyduq: “Eşidirsiz? Əbini tapmışam” – dedi. Ay Allah, o bircə anın sevincini dünyada heç nəyə dəyişməzdim, lakin ardından – şəhid olub – dedi. Dünyamız qaraldı. Həyatda bundan pis nə ola bilərdi ki? Səhərə qədər yox, yalandı deyib, qardaşımızın gəlməyini gözlədim, yenə də bir ümid vardı içimdə, bəlkə o deyil. Əbi bizə söz verib, arzularımız var, xəyallarımız var axı. Yox, o gələcək deyib səhərə kimi gözlədik, ancaq sonda yenə də ümidlərimiz puç oldu…”

Sağ-salamat Allaha əmanət edib yola saldıqları qardaş 2020-ci ilin 30 noyabrında bayrağa bükülü tabutda Şəhid kimi gəlir və beləliklə, Eyvazov Balaşın ailəsi qara dumana bürünür və bütün gözəl günlərini, arzularını, xəyallarını Əbiylə bir yerdə dəfn edib öz kitabını bağlayır. Ailənin bütün sevincini, ən xoş anlarını özüylə aparır Əbülhəsən. Qardaşı ilə bağlı xatirələrə yenidən işıq salmağa çalışan Leylaya indi qəhrəmanımız haqqında keçmişdə danışmaq çox ağır idi. Deyir, hər kəs başqa ölkələrin xəyalını quranda Əbi həmişə Azərbaycanın rayonlarından danışar, “dünyanın ən gözəl yerindəsiniz, sadəcə görmürsünüz” – deyərdi. “Elə bil bilirmiş bu Vətən üçün, bu torpaq uğrunda şəhid olacağını. Çox qeyri-adi danışırdı, həmişə “özüm gedib alacam torpaqları, görərsiz” – deyirdi. Füzulidə olanda, danışıqların birində “ay ana, çox gözəl yerlərdi buralar, torpaqları alaq inşallah, mən də torpaq alıb burada qalacam, gəlməyəcəm oralara” – dedi.

Qəhrəmanımızdan xəbər olmayanda ad gününə az qalıbmış: “Ad günündə gələcəyini deyirdi. Gəldi, amma ad günü üç mərasimi gününə düşdü. Artıq 3 gün idi ki, Şəhadətə qovuşmuşdu qardaşım”.

Əbülhəsən Eyvazov ölümündən sonra döyüşlərdə göstərdiyi şücaətə görə “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Bu isə ondan ailəsinə qalan son yadigarı olur…

Elnurə İSAXAN

Copy link
Powered by Social Snap