Ümummilli Lider Heydər Əliyev: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”

Əsrin əvvəllərindən azərbaycançılıq ətrafında gedən ideya və fikir mübarizələrinə nəzər saldıqda aydın olur ki, azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəli və ziddiyyətli olub. Azərbaycan milli dövlətçilik hərəkatının qabaqcıl nümayəndələrinin və Xalq Cümhuriyyətinin qurucularının konsepsiyasına görə müstəqillik ideyası ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsası azərbaycançılıq, islamçılıq və müasirləşmə şüarından ibarət idi. Bu şüar Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinasını təşkil edirdi. “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.
Azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri var. Tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi.
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu – XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və bir əsr ərzində davamlı təkamül yolu keçib. XIX əsrin əvvəllərində güclənən milli dirçəliş proses bədii fikirdə və bədii söz sənətində Seyid Əzim Şirvanini, Mirzə Fətəli Axundovu, Qasım bəy Zakiri, Həsən bəy Zərdabini, Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Cəlil Məmmədquluzadəni, Məhəmməd Əmin Rəsulzadəni meydana gətirdi. Onların hər biri bu ideyanın inkişafında, təkamülündə, formalaşmasında çox ciddi rol oynadılar. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində milli özünüdərk məfkurəsi M.Hadi, M.B.Məmmədzadə, C.Cabbarlı, Ə.Cavad, Umgülsüm, S.Mənsur, Ə.Mütəlliboğlu, Ə.Müznib, Əbdürrahman Dai, Əli Yusif kimi şair və publisistlərin əsərlərində böyük inamla ifadə olunurdu. Azərbaycançılıq milli istiqlal ideyası olduğuna görə Çar Rusiyası dağılan kimi milli düşüncəli ziyalılarımız müsəlman Şərqinin ilk demokratik, parlamentli respublikasını qurdular.
Azərbaycançılıq məfkurəsi Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları, etnik qrupları birləşdirən dəyərdir. Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Məhz bu birgəyaşayış ənənəsi Azərbaycan vətəndaşı sayılan hər kəsi azərbaycançılıq ideyası ətrafında birləşdirib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini vahid konsepsiya halında birləşdirən azərbaycançılıq ideyasının tərkibində dini həmrəyliyimizin xüsusi yeri vardır. Bu gün dünyada dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq, birgəyaşayış, multikulturalizm kimi ülvi dəyərlər Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Müstəqil Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin banisi Ulu Öndər Heydər Əliyev daim mötəbər tribunalarda Azərbaycan Respublikasının çoxmillətli dövlət olduğunu, ölkəmizdə müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da sülh və əmin-amanlıq şəraitində yaşadığını, Azərbaycanın öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq imkanları verdiyini fəxrlə vurğulayıb. 
Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu göstərdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Heydər Əliyev inamla bunları bildirdi: “Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq – öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Azərbaycançılıq ideyası vasitəsilə bizlər qloballaşan dünyada milli-mənəvi dəyərlərimizi, milli kimliyimizi qoruyub saxlamaqla yanaşı, dünya birliyinə də inteqrasiya olunuruq. Milli düşünüb bəşəri hərəkət edən Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə öz varlığını qoruyub saxlayır, paralel olaraq dünya birliyinə töhfəsini verir, bəşər mədəniyyətinin inkişafında aktiv rol oynayır. Ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayır, tolerantlığın Azərbaycan nümunəsini yaradır, Azərbaycanı inkişaf etdirir. Bununla bağlı Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxış edərkən demişdir: “Azərbaycanda vicdan azadlığı tam təmin edilir və ediləcəkdir. Bundan sonra da Azərbaycan çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bundan sonra da, ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verirlər”.
Bir sözlə, ictimai həyatımızın bütün sahələrində – milli mədəniyyətimizdə, milli əxlaqımızda, mənəviyyatımızda və siyasətimizdə dövlətçilik ideologiyası kimi təzahür edən milli ideologiya – azərbaycançılıq istiqamətləndirici məfkurə kimi tarixi keçmişimizin məhsulu olan milli-mənəvi dəyərlərin varlığını qoruyub saxlayır. 
Aytən NAZİMQIZI

Copy link
Powered by Social Snap