Uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə də məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir

“Uşaqlar cəmiyyətimizin sabahıdır, onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün onlara zəruri şəraitin yaradılması bizim əsas məqsədimizdir”.

Azərbaycan Respublikasının Prezidenti,

Ali Baş Komandan İlham Əliyev

Bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Ölkəmizdə yeniyetmələrlə gənclərin fiziki və mənəvi cəhətdən inkişaf etməsi onların şəxsiyyət kimi formalaşmasında, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyüməsində xüsusi əhəmiyyətə malikdir. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Bu gün cəmiyyətdə insanlığın, insan xarakterinin böyük bir hissəsini vətənə məhəbbət hissi təşkil edir. Hər bir uşağa və gəncə işğal altında olan torpaqlarımız, onların azad olunması haqqında düşünməyi öyrətməliyik. Bunu edə bilməsək, deməli, insanlığımızda, mənəviyyatımızda hansısa kəm-kəsirlər var və gələcəkdə də şagirdlər bu çatışmazlıqdan yaxa qurtara bilməyəcəklər. İnsan mənəviyyatının inkişafında elm, bilik, savadla yanaşı, tərbiyəyə də xüsusi diqqət ayrılmalıdır. Gənc nəslin düzgün mənəvi tərbiyəsi, savadlı vətəndaş kimi böyüməsi ilə paralel onun fiziki cəhətdən də sağlam olması mütləqdir. Övladlarımızın sağlam böyüməsində məktəbin, ailənin, cəmiyyətin, hətta hər gün təmasda olduğu insanların da rolu var.

Hər bir uşaq və gənc hansı mühitdə böyüyürsə, gələcəkdə məhz onu nümayiş etdirir. Bu isə o deməkdir ki, onların inkişafı yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişaf göstəricisidir. Psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi ilk növbədə ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada ilk növbədə hər bir valideyn məsuliyəti dərk etməlidir. Valideynin sevgisindən, diqqətindən, qayğısından kənarda qalan heç bir uşaq sağlam tərbiyə ilə formalaşa bilməz. Ona görə də valideynlər bacardıqları qədər övladlarına zaman ayırmalı və onlara laqeyd olmamalıdırlar. Övladlarımızın sağlamlığını düşünərkən bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır. Onlardan ən birincisi və vacibi uşaq və gəncləri fiziki yükləmələrdən qorumaqdır. Əksi olduqda bu, uşağın psixologiyasına təsirsiz ötüşməyəcək. 

Daha sonra təhsil aldığı müəssisəsi və sosial çevrəsi gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Valideynlərlə olduğu kimi müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar. Valideynlərlə yanaşı, müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar.

Uşaq böyüdükcə bu münasibətlərdə mürəkkəbləşmə hiss olunur. Mənəviyyatın yeniləşməsi, zəmanəyə və məktəbin tələblərinə uyğunlaşması şagirdin yaşından, düşdüyü mühitdən və s.-dən asılı olaraq dəyişir. Bu zaman məktəbin tutduğu düzgün yol öz sözünü deməlidir. Ən acınacaqlı vəziyyət o vaxt baş verir ki, müəllim şagirdinə qarşı həssaslığını itirir. Bura pedaqoqun fərdlərə qarşı düzgün münasibətdə olmamasını və ədalət prinsiplərini pozmasını da əlavə etmək lazımdır. Onlar da hər bir yeniyetməyə bir şəxsiyyət kimi yanaşmağı bacarmalıdırlar. Sevindirici haldır ki, son illər sadalananlarla bağlı bir çox irəliləyişlər müşahidə olunur. Bu məsuliyyətli işdə mədəniyyət ocaqlarının, teatrlarını muzeylərin, kitabxanaların, radio və televiziya kanallarının, bütün kütləvi informasiya vasitələrinin imkanlarından kifayət qədər səmərəli istifadə olunur. Təhsil sistemində aparılan uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması bunu deməyə əsas verir.

Bu cür tədbirlərin vaxtında görülməsi təbii olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa məhəbbət və sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun, vətənin maraqlarının müdafiəsinə aid Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunları düzgün yerinə yetirmələrinə çox yaxşı hazırlıqdır. Uşaq və gənclərdə təlim- tərbiyənin bu cəhələri, onların eyni zamanda şəxsiyyət kimi formalaşmasına, dünya görüşünün inkişafına, sosial fəallığının yüksəlməsinə yaxşı təsir edir. Eyni zamanda ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Gənclərin mənəvi – fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan biri 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramıdır. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi” barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu. Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Çünki son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə ardıcıl olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Ümumilikdə bu gün əminliklə deyə bilərik ki, uşaqlar və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Unutmaq olmaz ki, hər bir dövlətin inkişafı uşaq və gənclərin fiziki və mənəvi inkişafından asılıdır.

Aytən NAZİMQIZI

Copy link
Powered by Social Snap