Xalqımız öz mədəniyyəti, milli dəyərləri ilə dünyada tanınır

Azərbaycanın qədim dövlətçilik tarixinə, adət-ənənələrinə malik olduğunu sübut edən bir çox faktlar mövcuddur. Bunların sırasında tarixi abidələrimiz, sənət əsərlərimiz, milli musiqilərimiz var ki, bu gün də ölkəmiz bu dəyərlərilə tanınır, dünya arenasında öncül yerlərdə dayanır.
Mədəniyyətimizi ucaldan, onu yaşadan dahi şəxsiyyətlərimiz, dəyərli sənət əsərlərimizdir ki, hər birimiz bunlarla qürur duyuruq.
Bir neçə il öncə dahi Volfqanq Amadey Motsartın 250 illik yubileyinə həsr olunmuş festival Azərbaycan üçün bir özəlliyilə yadda qaldı. Belə ki, festivalın açılışı Üzeyir bəy Hacıbəyovun musiqisi ilə yaddaşlara yazıldı. Həmin gün dünya bir neçə dəqiqəlik Azərbaycan musiqisinin sehrinə düşdü. Diqqət Azərbaycana yönəldi. Əslində festival yubilyarın öz musiqisi ilə açılmalı idi. Lakin festivalın tanınmış mütəxəssislərdən ibarət təşkilat komitəsi ən məşhur musiqi əsərləri arasında məhz Üzeyir Hacıbəyovun “Motsart mövzusunda fantaziya” əsərinə üstünlük verdi. Bununla da, ən məşhur dünya musiqiçiləri sırasında öncül yeri Azərbaycanın dahi bəstəkari Üzeyir Hacıbəyov tutdu. Bu, Azərbaycan musiqisinə verilən yüksək dəyərin bariz nümunəsi idi. Bu da onu göstərir ki, hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli dəyəridir. Azərbaycan xalqı da yaşatdığı və təbliğ etdiyi milli dəyərləri, adət-ənənələri, mədəniyyəti ilə dünyada özünəməxsus yer tutub.
Xalqın mədəni irsinin düzgün formalaşmasında, onun cəmiyyətin inkişafı üçün məqsədyönlü şəkildə istifadə olunmasında mütləq liderlər müstəsna rol oynayır. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü tədbirlər isə Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin yaşadılması, inkişafı, təbliği yönündə Ümummilli Liderin gördüyü işlər xalqımızın bütün dünyada görünməsi demək idi. Ümummilli Lider bir məqamı xüsusi vurğulayaraq qeyd edirdi ki, xalqın mədəni irsi, mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. O deyirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edərək qeyd edirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Onu da qeyd edək ki, dövlətin mədəni siyasətində mühüm yeri məhz xalqımızın mədəni irsinin qorunması, yayılması ilə bağlı fəaliyyət tutur ki, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Görülən tədbirlər sırasında Azərbaycanda və Gürcüstanda mədəniyyətimizin görkəmli nümayəndələri Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Bülbül, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mirzə Fətəli Axundovun ev muzeylərinin açılması və fəaliyyət göstərməsi önəmliliyi ilə diqqət çəkir. Eyni zamanda beynəlxalq əhəmiyyətli tədbirlər sırasında Azərbaycanın görkəmli mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyinin Türkiyə, Rusiya, Fransa, İraq və İranda keçirilməsi, dahi bəstəkar Qara Qarayevin, dünya şöhrətli sənətkarlarımız Bülbül və Rəşid Behbudovun yubileylərinə həsr olunmuş tədbirlərin müxtəlif ölkələrdə təşkil olunması mədəniyyət tariximizdə parlaq səhifələr yazılmasına nail olundu. Azərbaycanın milli eposu olan Dədə Qorqudun 1300 illik yubileyinin UNESKO-nun rəhbərliyi altında keçirilməsi öz möhtəşəmliyilə seçildi.
Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün özünün yüksəliş dövrünü yaşayan ölkəmizdə mədəniyyət sahəsində də önəmli tədbirlər görülməkdə davam edir. Cənab Prezident mədəniyyətin xalqımızın taleyində mühüm əhəmiyyət daşıdığını hər zaman qeyd edərək yüksək qiymətləndirir: “Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün dünya bilir. Azərbaycan cəmiyyəti həmişə mədəniyyətə çox bağlı olub və bu gün müstəqil Azərbaycan dövləti çox güclü əsaslar – tarixi, mədəni əsaslar, mənəvi dəyərlər üzərində qurulubdur”.
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xidmətləri öz möhtəşəmliyilə diqqəti çəkir. 2004-cü ildə Mehriban xanımın UNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ölkəmizin maddi və qeyri-maddi mədəni irsinin dünyada tanıdılması istiqamətində mühüm tədbirlərin görülməsinə yeni yollar açdı. Belə ki, Azərbaycan muğam sənəti UNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına daxil edilib. Həmçinin aşıq sənəti qurumun qeyri-maddi mədəni irs siyahısına salınıb. O cümlədən, beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti, Qarabağ atları üzərində çövkən milli oyunu, kəlağayı sənəti, Lahıc misgərlik sənəti, ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş-nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, bundan başqa, milli mətbəximizin ləziz nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi UNESKO-nun müvafiq siyahısına salınıb. Bunlarla yanaşı, Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər, Qobustan qayaüstü rəsmləri də UNESKO-nun Dünya İrs siyahısında yer alaraq diqqət çəkir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, həmçinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları da öz əhəmiyyətilə seçilir. Bütün bunlar mədəniyyətimizin təbliği istiqamətində görülən tədbirlərdir ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Məşhur dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisinin açılması, həmçinin Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı da mədəniyyətimizin təbliği istiqamətində görülən önəmli məsələlərdəndir.
Ölkəmizdə mədəniyyət sahəsinin ən mühüm istiqamətlərindən olan kino, teatrdır ki, burda da önəmli tədbirlər görülüb. 2010-cu ildə əsası qoyulan Bakı beynəlxalq Teatr Konfransı bu sahənin inkişafında, təbliğində öz töhfəsini verir. Ötən müddət ərzində teatr sahəsində digər beynəlxalq tədbirlər də diqqəti çəkib. Bakı Beynəlxalq Kukla Teatrları Festivalı, Şəki “Üç məkan” Beynəlxalq Teatr festivalı da diqqət çəkən məqamlardandır.
Bu gün sevindirici haldır ki, bəzi bölgələrimiz mədəniyyət paytaxtı adını alıb. Onların içərisində ən qürurverici an Prezident İlham Əliyevin sərəncamı ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi oldu. Fəxrlə qeyd edək ki, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Həmçinin Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı”, Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi mədəniyyətimizin təbliğində önəmli rol oynadı. Bundan başqa, Şəki şəhərinin UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınması da mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Multikulturalizm ili”, həmçinin “İslam həmrəyliyi ili” elan edilməsi də mədəniyyətimizin təbliğində mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan mədəniyyətinin inkişafı, təbliğ olunması istiqamətində ölkəmizdə mühüm işlər aparılır, önəmli layihələr, dövlət proqramları həyata keçirilir. Sevindirici haldır ki, Azərbaycan dünyanın mədəniyyət paytaxtına çevrilərək Beynəlxalq humanitar forumlara, festivallara, konfranslara ev sahibliyi edir. Bu da öz növbəsində ölkəmizin mədəniyyət beşiyi, xalqımızın sülhpərvər olduğunu təsdiqləyir. Xalqımızın, ən əsası isə gənclərimizin qarşısında duran önəmli vəzifə isə Azərbaycan mədəniyyətini, milli dəyərlərimizi qorumaq, yaşatmaq, dünyada layiqincə təbliğ etməkdir.
Elnurə İSAXAN

Copy link
Powered by Social Snap