Kəşfiyyatçı jurnalist: “O doyüş bir qığılcım oldu”

“Hərbi And”ın bu həftəki müsahibi tanınmış jurnalist, Qarabağ Qaziləri Birliyinin idarə heyətinin üzvü Rey Kərimoğludur.

– Siz birinci Qarabağ savaşında da iştirak etmisiniz. Hətta döyüş yolunuz barədə kitab da yazmısınız. O illərin təcrübəsi ilə indiki müharibədə nə kimi bənzərliklər və fərqlər var?

– Mən 1991-ci ilin sentyabr ayında Müdafiə Nazirliyinin ilk hərbi ərazi özünümüdafiə batalyonunda döyüşməyə başlamışam. Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olmuşam, daha sonra orda kəşfiyyatçı olmuşam.1993-cü ilin fevral ayının 26-na qədər həmin hərbi hissədə döyüşmüşəm, 2 dəfə yaralanmışam, 26 fevralda isə tərxis olunmuşam.

O dövrlə bu dövrü müqayisə edəndə çox şey demək olar. Hələ o dövrdə ordu təzə qurulurdu, silah-sursat çatışmırdı, yəni ən elementar silahlar belə yox dərəcəsində idi. Silahların sayı əsgərlərin sayından xeyli az idi. Müharibədə ən önəmli məsələ əsgərin silahı idi və o da bizdə çatışmırdı. Eyni zamanda geyim, zirehli texnikalar çatışmırdı. Buna da belə açıqlama vermək olar ki, o dövrdə dövlət təzə qurulurdu, hakimiyyət yeni formalaşırdı, vahid idarəetmə yox idi, yəni bir sözlə, xeyli çatışmazlıqlar var idi. Lakin İkinci Qarabağ döyüşlərində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət strukturları, ordu və xalq vahid bir komandanlıqda birləşdi və bu birliyin nəticəsində də böyük bir qələbə çaldı.

İndiki dövrlə müqayisədə aşkar şəkildə görə bilərik ki, indi Azərbaycan özünün silahını istehsal edir, həmçinin lazımi texnikaları almağa gücü var. İndiki zamanda Azərbaycan Ordusu dünyanın ən modern və güclü silahlarla təchiz edilmiş ordusudur. O dövrlə bu dövrü müqayisədə yalnız bir bənzərlik var, o da xalqın əhval-ruhiyyəsidir. İstər həmin dövrdə, istərsə də indiki döyüşlərdə (bura aprel döyüşləri, Tovuz döyüşləri də daxildir) xalq da, ordu da yüksək əhval-ruhiyyəyə malik idi.

– Siz mətbuatdakı yazılarınızda həmişə müharibənin mütləq olacağını, bizim o torpaqları azad edəcəyimizi dərin inamla vurgulamısınız. Bu inam nədən qaynaqlanırdı?

– Mən hər zaman inanırdım. Heç bir zaman qələbə qazanacağımıza ümidim itməyib. Çünki mən erməniləri bir millət olaraq tanıyıram, onların xislətini bilirəm. Həmçinin xalqımızın da gücünə, ordumuzun gücünə, millətimizin vətənpərvərliyinə bələdəm. Bir sözlə, onların da qabiliyyətlərini, nəyə qadir olduqlarını bilirdim, bizim də. Bütün bunların da hamısı qalib gələcəyimizə inamıma əsas verirdi. Hətta o vaxtı da (1990-cı illərdə belə) mənim bir an belə olsa ümidim itməmişdi və mən əmin idim ki, haçansa müharibə olacaq və biz qalib gələcəyik. Günü bu gün də çox böyük inamlarım var ki, bu yaxınlarda başqa şad xəbərlər də olacaq.

– Mən aprel döyüşləri zamanı düşünürdüm ki, artıq müharibə başlayacaq.

– Elə aprel döyüşləri manevr imkaları yaratdı, belə deyək, həmin döyüşlər əsas döyüşlərin başlanması üçün sınaq döyüşləri rolunu oynadı, qığılcım oldu. Biz elə həmin döyüşlərdə də strateji əhəmiyyəti olan bəzi yüksəkliklərimizi azad elədik. İndiki müharibəmizdə aprel döyüşlərinin də faydası oldu.

– Siz həm də jurnalistsiniz. Jurnalistika və vətənpərvərlik mövzusunda bəzən fərqli yanaşmalar ortaya çıxır. Sizcə, bu mövzuda hadisələrə jurnalist məsuliyyəti ilə yanaşmaq lazımdır, yoxsa vətəndaş məsuliyyəti ilə?

– Əlbəttə ki, vətəndaş məsuliyyəti ilə. Bu ölkədə hamı hər şeydən öncə vətəndaşdır. Vətəndaşlığın da bir məsuliyyəti var. Vətəndaşlığın yaratdığı məsuliyyət ona həm hüquqlar verir, həm də müəyyən öhdəliklər qoyur. Bu öhdəliklər Azərbaycanımızın dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyimizin qorunması, dövlət sirlərinin qorunmasıdır. Jurnalistikanın etik kodeksləri və jurnalistin məsuliyyəti dövlətin milli marağını və vətəndaşlıq məsuliyyətini üstələməməlidir.

Ermənistanda ermənilər bu məsələni həmişə öndə saxlayırlar. Sizə bir misal çəkim. Müharibənin tən ortasında oktyabrın 20-25-i arasında Ermənistanda İrəvandakı hərbi hissələrdən birində Qarabağa göndərilən erməni döyüşçülərinin valideynləri hərbi hissənin qarşısını kəsdilər və hərbi hissənin əsgərlərinin Qarabağa gəlməsinə mane olmağa çalışdılar. Bir nəfər erməni blogger, jurnalist, siyasətçi, vətəndaş onu çəkib paylaşmadı. Çünki onların milli maraqları bunu etməyə imkan vermədi. Müharibə dövründə ermənilərdə əksər jurnalistlərin fəaliyyətləri də dövlət maraqlarına xidmət edib. Jurnalist məsuliyyəti də vətəndaşlıq məsuliyyətindən və dövlətin milli marağından sonra gəlib. Yəni onlarda hər şeydən öncə dövlət və milli maraqlardır.

– Vətən Müharibəsi dövründə və ondan əvvəlki illərdə medianın Qarabağ mövzusunda işini necə dəyərləndirirsiniz?

– 2000-ci ildən sonra jurnalistikada durğunluq dövrü başladı. Amma 2016-cı ildən başlayaraq artıq xeyli irəliləmə oldu, yəni milli təhlükəsizlik baxımından jurnalistikamız qənaətbəxş idi, amma peşəkarlıq baxımından hələ də geri idi. Çünki Azərbaycan jurnalistikasının çox sanballı araşdırmaçıları, jurnalistləri var idi ki, onlar mediadan müəyyən səbəblərə görə uzaq düşdülər, xarici ölkələrə oxumağa, işləməyə və s. getdilər. İstər ölkə daxilində, istərsə də ölkə xaricində mediadan kənarda qaldılar. Əgər bu döyüşlər zamanı burda olsaydılar, onların yazıları, təhlilləri, araşdırmaları dünya informasiya çapında Azərbaycan informasiyasının yayılması baxımından çox böyük rol oynayardı. Amma buna baxmayaraq 2020-ci ilin sentyabrın 27-dən başlayaraq bu günə qədər ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev bu missiyanı digər məsələlərdə, məqamlarda olduğu kimi özü boynuna götürdü və yüksək peşəkarlıqla, şərəflə yerinə yetirdi.

Qarabağ Qaziləri Birliyini təmsil edən bir şəxs kimi, müharibədən sonra qazilərimizə və şəhid ailələrinə münasibət sizi qane edirmi?

Bu məsələ bir az spesifik məsələdir, bizim məşğul olduğumuz sahədir. Qeyd edim ki, mən Qarabağ Qaziləri Birliyinin idarə heyətinin üzvüyəm. Dövlət səviyyəsində Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən çox yüksək səviyyədə diqqət və qayğı var. Bu diqqət və qayğı bütövlükdə bu kateqoriyadan olan insanları, xüsusilə şəhid ailələrini tam əhatə edir. Eyni zamanda qazilərlə bağlı çox böyük işlər görülür. Dövlətin həssas kateqoriyaya aid insanlar üçün xüsusi sosial paketinin hazırlanması, Yaşat fondunun yaradılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında şəhid ailələri və yaralılarla vahid mərkəzin yaradılması, cənab Prezidentin tapşırığı ilə şəhər və rayon icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə iş şöbəsinin yaradılması və bu tipli bir çox görülən işlər bunun bariz nümunəsidir. Təbii ki, nöqsanlar və çatışmazlıqlar da var, bu da sırf bəzi məmurların öz işlərini məsuliyyətlə görməməsindən irəli gələn çatışmazlıqlardır. Bunu da zaman-zaman Qarabağ Qaziləri Birliyi də bu istiqamətdə baş verən problemlərin həllində əlindən gələn köməkliyi edir, bu prosesin içindədir və bundan sonra da çalışacağıq ki, digər hərbi yönümlü Qeyri Hökümət Təşkilatları ilə birgə əl-ələ verib bu problemlərin həllinə nail olaq.

Sizcə, bu məsələdə cəmiyyətin üzərinə düşən hansı vəzifələr var?

Mən “Hərbi And” qəzeti və saytı vasitəsilə məni eşidən, hörmət edən insanlara çağırış edirəm ki, Yaşat fonduna vəsait köçürsünlər. Ora köçürülən vəsait şəhid ailələrimizin, yaralı qazilərimizin müalicəsi və həyatda qalması üçün xərclənir. Cəmiyyətin bu gün görə biləcəyi iş Yaşat fonduna dəstək olmaqdır.

Əlavə etmək istədiyiniz nəsə var?

Bütün xalqımızı, şəhid ailələrini, qaziləri, bir sözlə vətənimizi, dövlətimizi sevən insanları Prezidentimizin ətrafında birləşməyə çağırıram. Çünki İlham Əliyevin ətrafında birləşmək bizim qələbə düsturumuzdur. Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə, Zəngəzura, Göyçəyə qayıtmaq istəyiriksə, İlham Əliyevin ətrafında birləşib, onun tövsiyə və tapşırıqları istiqamətində gecə-gündüz çalışıb hədəflərə doğru irəliləməliyik.

Zaman ayırdığınız üçün təşəkkür edirik.

Siz də sağ olun.

Aytən NAZİMQIZI

Copy link
Powered by Social Snap