Advertisment

"Moskva hərbi əməliyyatlara qərar verib..." - QƏRB ANALİTİKLƏRİ

Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik razılaşması layihəsi, bunun ardınca prezident Vladimir Putinin Müdafiə Nazirliyinin kollegiyasında verdiyi bəyanatlar ultimatumdur. Və Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanə formalaşdırdığını göstərir.

 

virtualaz.org xəbər verir ki, bu haqda Qərb analitikləri deyirlər. Xəbər verildiyi kimi, Rusiyanın təqdim etdiyi təhlükəsizlik təminatı layihəsində NATO-nun Ukrayna və digər keçmiş sovet respublikaları ərazisində, o cümlədən Cənubi Qafqazda istənilən hərbi fəaliyyətinin dayandırılması, Şərqi Avropada NATO-nun hərbi iştirakının zəiflədilməsi kimi tələblər yer alır. ABŞ və NATO rəhbərliyi bu tələbləri artıq rədd edib. Putin isə bəyan edib ki, əgər Rusiyanın şərtləri əsasında danışıqlar başlamasa Moskva “hərbi-texniki cavab addımları” görəcək.

 

“Bu, hərbi gücdən istifadəyə dair real təhdidə əsaslanan ultimatumdur. Rusiya prezidentinin sözləri və bu ölkə Xarici İşlər Nazirliyinin hərəkətləri göstərir ki, Moskva Ukraynaya qarşı hərbi əməliyyatlara başlamağa qərar verib”, - ABŞ-dakı hərbi-siyasi analiz Mərkəzinin Rusiya proqramının rəhbəri Maykl Kofman BBC rus xidmətinə bildirib.

Onun sözlərinə görə, sənəd layihəsinin Rusiya XİN-in saytında dərc edilməsi bunu göstərir ki, Moskva nəinki mümkün olmayanı tələb edir, eyni zamanda bunu elə formada edir ki, imtina cavabı alacağını dəqiq bilir. Çünki bu cür ciddi danışıqlar bağlı qapılar arxasında aparılır.

 

Barak Obama administrasiyası dövründə ABŞ-ın ATƏT-dəki və Gürcüstandakı səfiri vəzifələrində işləmiş Yan Kelli də bu qənaətlə razıdır.  “Ölkələr sənədlərin ciddi şəkildə müzakirəsini istəyirlərsə onları əvvəlcədən dərc etmirlər. Bu layihənin dərc edilməsi faktının özü onu danışıqlara dəvətə yox, tələbə çevirir”, - diplomat deyib.

Kellinin sözlərinə görə, Rusiyanın təklifi o dərəcədə birtərəflidir ki, onun müzakirəsi iflasa məhkumdur.  “Rusiyalılar bilirlər ki, biz avropalı müttəfiqlərimizin iştirakı olmadan Avropa təhlükəsizliyinə dair Rusiya ilə müzakirələr aparmayacağıq. Mən qorxuram ki, bu sənəd sadəcə olaraq bəhanədir və onların hazırlaşdığı hərbi əməliyyatlara haqq qazandırmaq üçündür. Rusiya bu tələbləri irəli sürür, bilərəkdən ki, biz onları müzakirə edə bilmərik, etməyəcəyik”, - Yan Kelli deyib.

O əlavə edib ki, Putin NATO-nun şərqə doğru genişlənməsinə ən azından 2008-ci ildən bəri etiraz edirdi, amma alyansın postsovet ölkələri ilə hər hansı hərbi əməkdaşlıqdan imtina etməsi tələbi artıq yenidir.

virtualaz.org