Advertisment
  • XƏBƏR
  • 29-12-2021 12:21

“Fədakarlıq göstərmiş döyüşçü heç vaxt saxta pulla medal almaz” - Hərbi ekspert Abuzər Əbilov

Bakı şəhəri Yasamal Rayon Məhkəməsində “Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Aydın Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi Qələbə münasibətilə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, Aydın Bağırov qeyd olunan MMC-də orden və medalların hazırlanmasında texnoloji və keyfiyyət üzrə nəzarətə cavabdeh şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Şuşa, Suqovuşan, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Laçın, Ağdam, Xocavənd və Cəbrayılın azad olunmasına görə medalların, “İgidliyə görə” medallarının, “İstiqlal”, “Azərbaycan Bayrağı”, “Rəşadət”ə görə ordenlərin, digər orden və medalların saxta nümunələrini hazırlayaraq müəssisə ərazisindən kənara çıxarıb pul müqabilində satılmasını həyata keçirib.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Aydın Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bununla bağlı Herbiand.az-a danışan ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov ilk əvvəl onu deyib ki, bunun adı nəinki Vətənə xəyanət, hətta ondan da ağır bir ittiham materialıdı:

“Çünki bizim fikrimizcə, bu, tək Vətənə xəyanət deyil, Azərbaycanın şanlı tarixinə, döyüş ənənəsinə, qələbəsinə xəyanətdi. Belə hallar çox kəskinliklə aradan qaldırılmalı, bu şəxslər çox ağır cəzalandırılmalıdır. Çünki, bizim qələbəmiz 5-10 günlük, bir neçə illik deyil. Bu, Azərbaycanın qızıl hərflərlə yazılacaq bir tarixidir və gələcək nəsillər üçün bir örnəkdir. Bu tarixi saxtalaşdırmaq və bundan özünün varlanması üçün istifadə etmək istəyən insanlar çox qəti şəkildə cəzalandırılmalıdır”.

Hərbi ekspert burada ikinci bir məsələnin də olduğunu vurğulayıb:

“Bu insan tək deyil. O medalları almaq istəyən insanlar da xəyanətkardılar. Medal, orden və digər mükafatlar dövlətin atributudur. Bu atributlar dövlət tərəfindən təsdiq olunmuş sənədlərlə, kitabçalarla həmin insanlara təqdim olunmalıdır. Onlar sözsüz ki, müharibə vaxtı göstərdikləri rəşadətin, yaxud digər sahələrdə etdikləri işlərin mükafatını almalıdırlar. Lakin çox təəssüflər olsun ki, hələ Qarabağ savaşının ilk dövrlərindən sonrakı illərdə də bu praktika olub. Dövlətə bağlılığı olmayan cürbəcür nişanların, medalların hazırlanması və insanlara təqdim olunması çox pis tendensiyadır. Biz öz savaş tariximizi saxtalaşdırırıq. Fədakarlıq, qəhrəmanlıq göstərmiş döyüşçü heç vaxt gedib saxta pulla medal almaz. O öz medalını, mükafatını gözləyəcək. Dövlət də bu mükafatı ona verəcək. Əgər o saxta yolla bu medalları, nişanları alırsa deməli onun özü də saxta döyüşcüdür. Mən belə düşünürəm ki, bu insanlar da həddindən artıq ciddi şəkildə cəzalandırılmalıdırlar”.

Bəxtiyar CƏFƏRLİ



Oxşar xəbərlər