Advertisment

Türkiyə-Ermənistan münasibətləri son 30 ildə

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu illik qiymətləndirmə toplantısında Ermənistan tərəfiylə ilk görüşün bu ölkənin xahişi ilə Moskvada keçiriləcəyini, amma Türkiyənin birinci görüşdən sonra birbaşa təmaslara üstünlük verdiyini bildirib.

"Çarter reysləri də tezliklə açılacaq. Qarşılıqlı səfərlər də daxil olmaqla, birbaşa əlaqə qurulmalı və yol xəritəsi müəyyən edilməlidir. Bu prosesdə can Azərbaycanla koordinasiya vacibdir," - Çavuşoğlu belə deyib.

Nazirin çıxışından irəli çıxan iki əsas məqam bunlardır: Moskvanın rolunun Ermənistan üçün əhəmiyyəti və Türkiyənin bu prosesdə Azərbaycanın mövqeyinə verdiyi önəm.

Türkiyə və Ermənistan arasında yaxınlaşma Sovet İttifaqının dağılmasının və iki ölkə arasında münasibətlərin başlanmasının 30-cu ildönümündə baş verir.

Bu iki məqam təkcə indi yox, yaxınlaşma üçün son 30 ildə atılan hər addımda həlledici olub.

1915-ci il hadisələri lap əvvəldən ciddi problemlər yaradıb; hələ qarşılıqlı diplomatik nümayəndələr təyin olunmazdan əvvəl kəsilmiş diplomatik münasibətlər 30 il ərzində dəfələrlə dalana dirənib. Kiçik cəhdlərdən və ya vacib qərarlardan bəzən üçüncü ölkələrin, bəzən də ölkə daxilindəki millətçilərin etirazlarına görə vaz keçilib.

Münasibətlərin yenidən qurulması istiqamətində ciddi addımların atıldığı bu yeni dövrdə biz Ankara-Yerevan münasibətlərində 30 ildə baş verənləri bir yerə topladıq.

"İnanıram ki, münasibətlər sərhədlərin dəyişməzliyi prinsipinə hörmət əsasında qurulacaq".

1915-ci ildə Anadolu torpaqlarında yaşayan yüzminlərlə erməni Osmanlı İmperatorluğu tərəfindən deportasiya edildi.

Deportasiyanın təsirləri hələ davam etməkdəykən bir çox imperiyalar kimi Birinci Dünya müharibəsinin sonunda Osmanlı İmperiyası da ləğv edildi. Onun yerində Türkiyə Böyük Millət Məclisiylə Ermənistan arasında 1921-ci ildə imzalanmış Moskva müqaviləsinə və Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanmış Qars müqaviləsinə əsasən, bu gün də qüvvədə olan sərhədlər müəyyənləşdirildi.

1980-ci illərin sonunda - Sovet İttifaqının dağılmağa başladığı ərəfədə Ankara tezliklə müstəqillik əldə edəcəyi gözlənən Yerevanla münasibətlərində yeni səhifə açmaq üçün bölgəyə elektrik enerjisi verdi, aclıq təhlükəsi yaranan yerlərə ərzaq yardımı göndərdi, Qərbdən gələn yardımların Türkiyə üzərindən Ermənistana çatdırılmasına kömək etdi.

1991-ci il sentyabrın 21-də Ermənistan müstəqilliyini elan etdikdən sonra Türkiyənin rəsmi nümayəndə heyəti münasibətlərin müsbət məcrada inkişafına nail olmaq üçün Yerevanda ölkənin birinci Prezidenti Levon Ter-Petrosyanla görüşdü.

Müstəqilliyini yenicə elan etmiş Ermənistanın 1915-ci il hadisələri və legitim görünməyən Türkiyə sərhədi məsələlərinə həssaslığı davam edirdi. Ona görə də Ter-Petrosyan Ankaradan gələn nümayəndə heyətilə yalnız ticarət və iqtisadi əlaqələr sahəsindəki perspektivləri müzakirə etməklə kifayətləndi.

Ermənistan Türkiyə

16 dekabr 1991-ci ildə Ermənistanı ilk tanıyan ölkələrdən biri Türkiyə oldu. Ancaq rəsmi Ankaranı narahat edən məqamlar vardı. 24 dekabr 1991-ci ildə ozamankı Baş nazir Süleyman Demirel Levon Ter-Petrosyana ünvanladığı məktubda bunları yazmışdı:

"Hökumətimiz Ermənistan Respublikasını tanımaqla yanaşı, onun ərazi bütövlüyünə və sərhədlərinin dəyişməzliyinə hörmət prinsipinə əməl edəcəyi anlayışıyla hərəkət edib. İnanıram ki, əlaqələr bu təməl prinsiplər əsasında qurulacaq və inkişaf etdiriləcək".

1992-ci ildə - iki ölkə arasında diplomatik nümayəndəliklər hələ açılmamış erməni əsgərləri Dağlıq Qarabağa daxil oldular. Ermənistan beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan və əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyi Dağlıq Qarabağda işğalçılıq siyasətini genişləndirməyə davam etdirdi və Türkiyə bu məsələdə Bakının mövqeyini dəstəklədi.

Ermənistan Kəlbəcərə daxil olduqdan sonra, Ankara 1993-cü il aprelin 3-də bu ölkəylə bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi.

Və ikitərəfli münasibətlər sürətlə yeni dövrə qədəm qoydu. Ermənistanın "soyqırımın tanınması" cəhdlərindən tutmuş Türkiyənin "komissiya yaratmaq" təklifinə qədər.

Müstəqilliyinin ilk illəri müharibələrdə keçən Ermənistanın 1998-ci ildə hakimiyyətə gələn yeni administrasiyası diqqətini diplomatiyaya yönəltdi. O günə qədər ancaq erməni diasporası tərəfindən həyata keçirilən "1915-ci il hadisələrinin soyqırımı kimi tanınması" fəaliyyəti Xarici İşlər Nazirliyi vasitəsilə dövlət səviyyəsində həyata keçirilməyə başladı.

Həmin dövrdə Ermənistanın bu yöndəki diplomatiyası sayəsində Ankaranın etirazlarına rəğmən bəzi ölkələrin parlamentləri 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıdı.

"Soyuq müharibə"dən dərhal sonra bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasını istəyən, o zaman George Bush-un rəhbərlik etdiyi ABŞ administrasiyası Türkiyə və Ermənistan xarici işlər nazirlərinin beynəlxalq tədbirlərdə görüşməsini təmin etdi.

Ancaq bu görüşlərin heç bir nəticəsi olmadı.

Nəhayət, 2005-ci ildə AKP və CHP-nin ozamankı ortaqlığıyla Türkiyə Böyük Millət Məclisində "Tarixçilər Komissiyası"nın yaradılması haqqında bəyannamə imzalanaraq təsdiqləndi. Bu bəyannamə Ankara tərəfindən "problemin elmi həlli istiqamətində atılan ilk rəsmi addım" kimi qiymətləndirildi.

Erdoğan o zaman Ermənistan prezidenti olan Robert Koçaryana da məktub yazaraq hər iki ölkənin tarixçiləri və ekspertlərinin arxiv sənədlərini araşdırmasını təklif etdi.

Məktuba 1915-ci il hadisələrinin ildönümündən bir gün sonra, aprelin 25-də cavab verildi.

Abdulla Gül Serj Sarkisyan Ermənistan Türkiyə

Koçaryan bildirdi ki, "İkitərəfli münasibətlərin inkişafı üçün məsuliyyət hökumətlərin üzərinə düşür, bizim bu məsuliyyəti tarixçilərin öhdəsinə buraxmağa haqqımız yoxdur".

Etirazlara rəğmən milli matçda barışıq

 

2007-ci ildə Abdulla Gül Türkiyə prezidenti oldu. Ermənistanda isə 2008-ci il fevralın 19-da Serj Sarkisyan prezident seçildi.

Sarkisyanla bağlı "saxtakarlıq" iddialarının səsləndiyi, seçkinin nəticələrinə qarşı etirazların davam etdiyi və bir çox dövlət başçılarının təbrik üçün vəziyyətin sakitləşməsini gözlədiyi günlərdə Abdulla Gül fürsətdən istifadə edərək Sarkisyana ənənəvi üslubda olmayan təbrik məktub göndərib ikitərəfli münasibətlərin inkişafını arzuladığını bildirdi.

Eyni zamanda, o zaman Baş nazir olan Recep Tayyip Erdoğan və xarici işlər naziri Ali Babacan da erməni həmkarlarına xoşməramlı məktublar ünvanladılar.

Həmin dövrdə Türkiyədə 1915-ci il hadisələri üçün "soyqırımı" ifadəsini işlədənlər haqqında məhkəmə prosesləri davam edir; erməni jurnalist Hrant Dinkə qarşı sui-qəsddə dövlət təhlükəsizlik qüvvələrinin əli ola biləcəyi haqda xəbərlər getdikcə çoxalırdı.

İlham Əliyev Recep Tayyip Erdoğan Nalbandyan Davos 2009

Sarkisyan Türkiyənin yeni administrasiyanın məktublarına müsbət cavab verdi. Moskvaya səfər edən Ermənistan lideri iqtisadiyyat və müdafiə kimi bir çox sahədə az qala asılı olduğu Rusiyanın da razılığıyla Gülü Ermənistan və Türkiyə milli futbol komandalarının Yerevanda keçiriləcək oyununa dəvət edəcəyini açıqladı.

İki ölkənin millətçi qüvvələrinin etirazına baxmayaraq bir neçə ay davam edən qarşılıqlı müsbət bəyanatlardan sonra 2008-ci il sentyabrın 6-da Abdulla Gül Yerevana getdi. Bu, bir Türkiyə prezidentinin Ermənistana ilk səfəriydi. Matçdan sonra Prezident sarayında Sarkisyanla görüşən Gül bu danışıqları "konstruktiv və müsbət" adlandırdı.

Həmin səfərin ardınca 15 ildən sonra ilk dəfə ikitərəfli münasibətlərdə ciddi təkan yarandı. Türkiyə Ermənistan təyyarələrinə öz hava məkanını tamamilə açdı, iki ölkənin xaricdəki nümayəndəliklərində diplomatlar bir-birlərinin tədbirlərinə qatılmağa başladılar, xarici işlər nazirləri beynəlxalq tədbirlər vəsiləsiylə bir neçə ay ərzində 6 dəfə görüşdülər.

Eyni zamanda, Azərbaycanla yaxın münasibətlərini korlamaq istəməyən Türkiyə Azərbaycan-Ermənistan-Türkiyə üçtərəfli görüş formatı yaratmağa çalışdı. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2008-ci ilin sentyabrındakı toplantıları zamanı yüksək səviyyəli olmayan üçtərəfli görüş baş tutdu. 2009-cu ilin yanvarında İlham Əliyev, Erdoğan və Ermənistanın xarici işlər naziri Nalbandyan Davosda keçirilən sammitdə birlikdə kameralar qarşısına keçdilər. Amma Azərbaycan növbəti cəhdlərə müsbət cavab vermədi.

Bütün bunlar baş verərkən ABŞ, Türkiyə və Ermənistan mətbuatı öz xəbərlərində müsbət atmosferi əks etdirən bəzi iddialara yer verir; sərhədlərin sürətlə açılacağın, diplomatik əlaqələrin qısa müddətdə bərpa ediləcəyini yazırdı.

Bu iddialar o günə qədər hadisələrə publik reaksiya verməmiş rəsmi Bakının açıq narazılığına səbəb oldu - Azərbaycan prezidenti İlham Əliyev 6-7 aprel 2009-cu il tarixlərində Türkiyədə keçirilən, bir çox dünya liderlərinin qatıldığı Sivilizasiyalar Alyansının toplantısına getməkdən imtina etdi.

ABŞ-ın ozamankı prezidenti, Yerevan-Ankara yaxınlaşmasını "məmnuniyyətlə izləyən" Barak Obama toplantıya qatılacağı təqdirdə Əliyevə özüylə təkbətək görüş vəd etdi, amma bu da onu qərarından döndərmədi.

Ermənistan Türkiyə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Barak Obama 2009-cu ilin aprel ayında Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşünü təşkil etdi.

"Bir stəkan suda fırtına yaradıldı"

2009-cu il aprel ayının 9-da Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan sərhədinin açılmasının qəbul edilməyəcəyi ilə bağlı bəyanat yaydı.

Gül və Babacanın Bakıya səfərləri də heç bir nəticə vermədi.

Bir müddət sonra həm Erdoğan, həm də Gül öz çıxışlarında "Dağlıq Qarabağ erməni işğalı altındadır" deməyə və "işğala son qoymaq" çağırışları səsləndirməyə məcbur oldular. Bu tip açıqlamalar çoxaldıqca, Ermənistan tərəfindən narahatlıq bəyanatları səslənməyə başladı.

Ali Babacan Yerevana səfər etdi. Onun həmkarı Nalbandyan görüşlə bağlı açıqlamasında "sərhədlərin açılması məsələsində irəliləməyə nail olduqlarını, amma konkret nəticənin əldə edilmədiyini" bildirdi.

Ermənistan Türkiyə

Nəhayət, 22 aprel 2009-cu ildə Türkiyə, Ermənistan və İsveçrə XİN-ləri birgə bəyanatla çıxış edərək iki ölkənin "əhatəli çərçivə haqqında razılığa gəldiyini və normallaşma üçün yol xəritəsinin müəyyən olunduğunu" elan etdilər. Amma yol xəritəsinin təfərrüatları açıqlanmadı.

Azərbaycan mətbuatında tənqid tonu o qədər sərtləşdi ki, "Türkiyə Qarabağı satır" başlıqlı məqalələr çap olundu. Bakı SOCAR vasitəsilə Türkiyəyə satdığı təbii qazın qiymətini artırmağa cəhd etdi.

Birgə bəyanatdan bir ay keçməmiş ozamankı Baş nazir Erdoğan 14 may 2009-cu ildə Bakıya səfər etdi və Azərbaycan parlamentindəki çıxışında bunları söylədi:

"Son zamanlar qardaşlıq ab-havasını yalan xəbərlərlə kölgədə qoymağa çalışdılar, bir stəkan suda tufan qopartdılar. Qapılar Yuxarı Qarabağ Ermənistanın işğalı altına düşəndə bağlanıb. Bu vəziyyət dəyişəndə qapılar açılacaq. Azərbaycanlı qardaşlarımızla razılaşmadan bu məsələylə bağlı heç bir addım ata bilmərik".

Ermənistan Türkiyə

Azərbaycan Prezidenti İlham Əliyev "artıq heç bir şübhəyə yer qalmadığını" deyərək Erdoğana təşəkkür etdi.

Ancaq Erdoğanın "bir stəkan su" dediyi proses - Ermənistanla tarixi danışıqlar davam edirdi. Hər iki tərəf üçün həssas olan Dağlıq Qarabağ məsələsi bu görüşlərdə heç vaxt gündəmə gətirilmir, ya da ictimaiyyətə açıqlanmırdı.

Nəhayət, 31 avqust 2009-cu ildə iki protokol üzrə razılıq əldə edildi. Onlardan biri "Diplomatik əlaqələrin qurulmasına dair Protokol", digəri isə "Əlaqələrin inkişafı haqqında Protokol" idi. Bu sənədlər qüvvəyə mindikdən sonra sərhədin açılmasına start veriləcəkdi. Ancaq protokolların Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanması və hər iki ölkənin parlamentində təsdiqlənməsi üçün çətin bir proses nəzərdə tutulurdu.

Türkiyədə müxalifət partiyaları buna etiraz edib protokollara səs verməyəcəklərini bildirdilər, ölkədə kiçik miqyaslı etiraz aksiyaları keçirildi.

Erdoğan İlham Əliyev

Ermənistanda isə həm kilsə, həm də parlamentdəki millətçi partiyalar protokollara etiraz etdilər. Müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirildi. Sarkisyan Türkiyənin böyük bir ticarət tərəfdaşına çevriləcəyini açıqlayaraq etirazları sakitləşdirməyə çalışdı. Sonra da diasporu razı salmaq üçün Parisdən başlayan xaricə səfərlərə start verdi və səfər boyu "satqın" şüarlarıyla qarşılaşdı.

Ən böyük etiraz Ermənistanın Konstitusiya Məhkəməsindən gəldi. Məhkəmə bəyan etdi ki, "soyqırım qurbanlarına da təzminat tələb edilməlidir". Bu, vacib açıqlamaydı, çünki bütün növ beynəlxalq müqavilələr parlamentə göndərilməzdən əvvəl Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

"Ölü doğulmuş" Sürix Protokolları

Bu etirazlar fonunda Ankara və Yerevan danışıqları davam etdirdilər və nəhayət, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində ABŞ-ın Dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Bernard Kouchner-in iştirakıyla Türkiyə və Ermənistanın xarici işlər nazirləri Ahmet Davutoğlu və Edvard Nalbandyan protokolları imzaladılar.

Nalbandyan Davudoğlu Hillari Klinton

Həmin gün edilən çıxışlarda nə Dağlıq Qarabağ münaqişəsinə, nə də 1915-ci il hadisələrinə toxunuldu.

Ancaq hər iki tərəfdə etirazlar davam etdi. Nəhayət, 2010-cu il yanvarın 10-da Ermənistanın Konstitusiya Məhkəməsi müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə protokolların icrasının konstitusiyaya zidd olmayacağı barədə qərar qəbul etdi. Əsas şərtlərdən biri "1915-ci il hadisələrinin qeyd-şərtsiz soyqırımı kimi qəbul edilməsi" idi.

Türkiyə Xarici İşlər Nazirliyi sərt bir bəyanatla çıxış edərək bu şərti qəbul etməyəcəyini açıqladı. Parlamentdəki MHP və CHP üzvləri də eyni məzmunlu açıqlamalar verirdilər.

Aprelin 10-da son addım atıldı - Nüvə Təhlükəsizliyi Sammiti üçün Waşinqtona gedən Erdoğanla Sarkisyan sonuncu dəfə görüşdülər. Sonrakı açıqlamalara görə, danışıqlarda Erdoğan "Dağlıq Qarabağın işğalına son verilməsi" şərtindən, Sarkisyansa "soyqırımının tanınması və qurbanlara təzminat ödənilməsi" tələbindən vaz keçməyib. Beləliklə, son cəhdlər də nəticəsiz qaldı və o dövrün türkiyəli diplomatlarının dediyi kimi, protokollar "ölü doğuldu".

Görüşdən bir neçə gün sonra Sarkisyan Türkiyənin "Dağlıq Qarabağ problemini ilkin şərt kimi təqdim etdiyini və bunu qəbul etməyəcəklərini" bildirərək protokolların parlamentə göndərilməsini qeyri-müəyyən müddətə təxirə saldı.

Dağlıq Qarabağ Ermənistan Türkiyə

Yaxşı, Dağlıq Qarabağ problemi müzakirə mövzusu kimi artıq xeyli dərəcədə kənarda qalandan sonra başlayan görüşmələrdə protokollar yenidən gündəmə gətiriləcəkmi?

Çavuşoğlu dekabrın 27-də bu məsələylə bağlı açıqlama verib dedi ki, "Protokolların heç bir mənası yoxdur, Ermənistanın Konstitusiya Məhkəməsi ən mühüm hissələri ləğv edib. Onlar artıq geridə qalıb. Bu gün yeni proses başlayıb".

"Səssiz diplomatiya" və Dağlıq Qarabağ müharibəsi

2010-2020-ci illər Türkiyə-Ermənistan münasibətlərində ciddi irəliləyişin müşahidə olunmadığı dövr oldu, baxmayaraq ki, həmin müddət ərzində bəzi ciddi bəyanatlar səsləndirilmişdi.

Qəzet manşetlərinin və açıqlamaların prosesə mənfi təsir etdiyini bildirən Abdulla Gül "səssiz diplomatiyaya" üstünlük verəcəklərini bildirmişdi.

2012-ci ildə Davutoğlu "iqtisadi əlaqələri gücləndirib siyasi problemləri həll etmək" yolunu sınaqdan keçirdi. O, Ermənistanın Dağlıq Qarabağdakı 7 rayondan geri çəkilməsi müqabilində iki ölkə arasında birbaşa dəmiryolu xətti çəkə biləcəklərini açıqladı.

2013-cü ildə Yerevanda keçirilən beynəlxalq toplantı zamanı Nalbandyanla görüşən Davutoğlu "deportasiyanı yanlış qərar hesab edirik" deyə açıqlama verdi.

Rusiya Azərbaycan Ermənistan Türkiyə

Erdoğan 1915-ci il hadisələrinin ildönümü ilə bağlı 2014-cü ildə dərc etdiyi mesajda "Ermənilərin o dövrdə çəkilən iztirabları anmalarını başa düşmək və bölüşmək bir insanlıq vəzifəsidir" ifadələrini işlətdi, həmin hadisələrdə həyatını itirən ermənilərin nəvələrinə başsağlığı verdi.

Ancaq onda Ermənistan 1915-ci il hadisələrinin 100-cü ildönümündə "soyqırımın tanınması" işinə fokuslanmışdı. 2015-ci ildə "soyqırımı" faktını tanıyan ölkələr siyahısına daha bir neçəsi əlavə edildi. Türkiyənin Ermənistana qarşı bəyanatları və münasibəti növbəti dəfə sərtləşdi.

2020-ci ilin sentyabr ayında indiyə qədər atılan addımların reallaşmasına mane olan səbəblərdən biriylə bağlı vacib irəliləmə baş verdi. Dağlıq Qarabağda qarşıdurma başladı. Müharibə dövründə Türkiyə həm müdafiə sənayesi, həm də diplomatiya sahəsində Azərbaycana ciddi dəstək verdi.

Noyabrın 9-da Ermənistan məğlubiyyətini etiraf etdi. Dağlıq Qarabağ ətrafındakı 7 rayondan geri çəkildi və Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağda xidmət etməyə başladılar.

Bundan bir ay sonra "Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər" deyən Erdoğan bu məsələdə Əliyevlə razılaşdıqlarını bildirdi.

Nəhayət, 2021-ci ilin dekabr ayında hər tərəfdən bir nəfər olmaqla, Türkiyə və Ermənistan birbaşa danışıqlar üçün xüsusi nümayəndələr təyin etdilər. Türkiyə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı, Ermənistan vitse-spiker Ruben Rubinyanı seçdi.

Hazırda Türkiyə və Azərbaycanı Naxçıvan üzərindən birləşdirəcək dəhliz mövzusu və Türkiyə əsgərlərinin Dağlıq Qarabağ Rusiya hərbçiləriylə birgə işləməsi kimi məsələlərdə Ermənistanla problemlər davam edir. Ancaq bunların heç biri Dağlıq Qarabağ məsələsi və Azərbaycanın etirazları kimi ciddi əngəl olaraq görünmür, normallaşmanın qarşısını alacaq maneə deyil.

Gündəlikdən çıxarılmasa və ya birgə komitənin tövsiyələri qəbul olunmasa, indi danışıqlara təsir edəcək əsas mövzu 1915-ci il hadisələridir.

Ece Göksedef
BBC