Advertisment

“Ermənistanın əvvəl KTMT-nın sədri olduğu müddətdə Azərbaycana qarşı təzyiq rıçaqları olmayıb” - Samir Hümbətov

“Ermənistan artıq uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Hətta əvvəlki illərdə Ermənistanın bu təşkilata rəhbərlik etdiyi müddətdə də təcrübəyə baxanda görəcəyik ki, Azərbaycana qarşı hansısa bir ciddi fəaliyyət göstərə bilməyib. Bu da onunla əlaqədardır ki, təşkilatın tərkibində olan dövlətlərdən Belarus və Qazaxıstanın xüsusilə Azərbaycana qarşı münasibətləri çox yaxşıdır. Hətta demək olar ki, müttəfiqlik səviyyəsində bir münasibətlər mövcuddur. Ermənistanla Belarusun bir təşkilatda yer almasına baxmayaraq Belarus “Polonez” raketlərinin Azərbaycana satışını həyata keçirib. Bunu Belarus prezidenti Lukaşenkonun özü mətbuat konfransında açıq şəkildə bildirmişdi. Bundan əlavə Qazaxıstanla münasibətlərin yaxşı olması da Azərbaycanın xeyrinə işləyən amillərdəndir”.

Bunu siyasi analitik Samir Hümbətov Herbiand.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Ermənistan 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək. Təşkilatın 2021-ci ilin sentyabr ayında keçirilən son sessiyasında sədrlik Tacikistandan Ermənistana verilib. 

Siyasi analitik vurğulayıb ki, digər tərəfdən Rusiyanın burada müvəqqəti olaraq dırnaqarası da olsa sülhməramlı qoşunları fəaliyyət göstərir. Rusiya məcburən neytrallığını qorumağa çalışacaq:

“Çünki, əks təqdirdə Rusiya Ermənistanın sözünə qulaq asaraq hər hansısa bir hərəkət etsə bu, onun regionda qalmağını sual altına qoyur. Ona görə hesab edirəm ki, nə Rusiya, nə Belarus, nə Qazaxıstan Ermənistanın sözünə qulaq asacaq dövlətlər deyil. Həm də hər bir dövlət ilk növbədə özünün xarici maraqlarını təmin etməyə çalışır. Bütün bu deyilənləri nəzərə alsaq və əvvəlki tarixi təcrübəyə nəzər salsaq görəcəyik ki, Ermənistan bundan əvvəlki dövrlərdə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri olub. Lakin o səviyyədə əlində Azərbaycana qarşı təzyiq rıçaqları olmayıb. Ona görə bundan sonrakı mərhələdə də Ermənistanın bu təşkilat vasitəsilə hansısa bir təzyiq göstərəcəyinı inandırıcı kimi qəbul edə bilmirəm”.

Samir Hümbətov qeyd edib ki, Ermənistan 44 günlük 2-ci Qarabağ savaşı müddətində dəfələrlə bu təşkilatı münaqişəyə cəlb etmək istəsə də onlar bu münaqişəyə qoşulmadı:

“Təşkilatın baş katibi Stanislav Zas açıq şəkildə bildirdi ki, bu, Azərbaycan ərazisində gedən bir müharibədir. Ona görə də təşkilatın bura müdaxilə etmək imkanı və şansı yoxdur. Ümumiyyətlə niyyətləri də yoxdur. Zas bildirmişdi ki, əgər müharibə Ermənistan ərazisində gedərsə və onlara hər hansı bir təcavüz olarsa o zaman müdaxilə edə bilərlər. Yəni bütün bu deyilənləri təhlil etdikdə belə qənaətə gəlmək olar ki, Ermənistanın hətta sədrlik etməsi belə bu təşkilatı bizim üzərimizə qaldırmasına o qədər də imkan yaratmır. Eyni zamanda burada Türkiyə faktoru da var. Son günlər artıq Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Türkiyə və Azərbaycanın koordinasiyalı şəkildə bu addımları atdığını nəzərə alsaq hesab edirəm ki, 2022-ci ildə bölgədə hər hansı bir ciddi gərginliyin olacağını düşünmək olmaz. Amma hər vəziyyətdə bu beynəlxalq münasibətlər və xarici siyasətdir. Hər şeyə diqqətli olmaq lazımdır. Bizim üçün də bu keçərlidir. Hesab edirəm ki, gələn il bizim üçün daha uğurlu il olacaq və hətta Zəngəzur dəhlizinin açılmasının belə 2022-ci ildə reallaşması gözləniləndir”.

Bəxtiyar CƏFƏRLİ