Advertisment

Azərbaycançılıq ideologiyası bütün fərqli etnikləri bir arada birləşdirir

“Bizim üçün bir tarixi amil - Azərbaycançılıq ideologiyası var”

Heydər Əliyev,

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın, millətin özünəməxsus adət-ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, milli xüsusiyyətləri var. Bu faktorlar bütövlükdə həmin xalqın milli ideologiyasını təşkil edir. Hər birimizə məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik və azərbaycançılıq ideyalarının yüksəldilməsi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. Onun bizə miras qoyub getdiyi “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” cümləsi xalqımızın həyat devizi olub. “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

 Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideoloji bünövrədir. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Ötən illər ərzində bu ideologiyanın dünya azərbaycanlıları arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb. Azərbaycançılıq ideyasının təbliği milli birliyin gücləndirilməsinə də töhfədir. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır.

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Azərbaycançılıq ideologiyası milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Bu ideologiya XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçmişdir. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilmişdir.

Hər bir dövlətin oturuşması, möhkəmlənməsi və dayanıqlı əsaslara söykənərək inkişaf etməsi həmin dövlətin milli ideologiyası əsasında baş verir. Ən əsası isə odur ki, Azərbaycanın milli ideologiyası birləşdirici funksiyanı özündə ehtiva etdiyi üçün, kənar neqativ təsirlərin qarşısını müvəffəqiyyətlə alır. Məhz buna görə, ideologiya həm də birləşdirici məfhum hesab olunur. İstisnasız demək olar ki, azərbaycançılığın ən mühüm amillərindən biri vətənə, torpağa bağlılıqdır. Azərbaycançılıq deyəndə, onun bir üzündə vətənpərvərlik, milli birlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Bunlar azərbaycançılığın əsas komponentlərindən sayılır. Psixologiyanı az-çox bilən, cəmiyyətlə işləyən adamlar bilirlər ki, hər hansı bir sosial sistemdə ideya konkret olmayanda, müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də inkişaf üçün hökmən ideyanın aydın olması vacibdir. Bütün məqamlar nəzərə alınmaqla, azərbaycançılıq müfəssəl şəkildə təbliğ olunmalı, həmçinin, sözügedən ideya müəyyən qədər cilalanmalı və təkmilləşməlidir. İstər ali məktəblərdə, istərsə də orta ümumtəhsil ocaqlarında, ümumiyyətlə harada olursa-olsun, ümumi şəkildə də olsa azərbaycançılıq haqqında söhbətlər edilməlidir.

Azərbaycançılıq ideyasının həm ölkədə, həm də ölkədən kənarda yaşayan vətəndaşlar arasında geniş təbliğ olunması da olduqca vacib ideoloji prosesdir. Bu ideologiya Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq ideologiyası imperiya siyasətinə qarşı müqavimət göstərməklə, formalaşmış azadlıq və istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır. Bu prinsip qlobal siyasət üçün nəzəri bazadır. Ona görə ki, bu ideologiya birlikdə yaşayan xalqların yeni ictimai təfəkkürün formalaşmasına, multikulturial və tolerant dəyərləri mənimsəməyə imkan yaradır. Azərbaycançılıqda maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenilərin yaranması kimi metodalogiya böyük rol oynayır. Bayrağımızda əks olunmuş türkçülük, müasirlik və islamçılıq təməli üzərində qurulmuş azərbaycançılığın tarixi qayəsi, məhz ərazimizin və xalqın bütövlüyünü  qorumaqdan ibarətdir.

İndi Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birliyinə nail olmadadır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu gün Azərbaycanın gücü təkcə iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də xalqımızın sıx birliyi ilə ölçülür.

Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqına, Azərbaycana xidməti bu azərbaycançılıq ideologiyasına sədaqət nümunəsidir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını təmin edir. Ümumiyyətlə, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlər bu anlayışın tərkib hissələridir. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Məhz bu ideologiya hər bir vətəndaşın qəlbinə hakim olmalıdır.

44 günlük Vətən Müharibəsində bizim müvəffəqiyyətimizin səbəblərindən biri də Azərbaycan xalqının məhz vahid ideologiya ətrafında birləşməsi oldu. Məhz bu ideologiya sayəsində biz torpaqlarımızı işğaldan azad edə bildik. 44 günlük Vətən Müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və ermənilərin başına endirdiyimiz “dəmir yumruq”la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də “Vahid Vətən”, “Vahid Dövlət”və “Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yaratdıq.

Aytən NAZİMQIZI