Advertisment

“Heydər Əliyevə vəziyyəti məruzə etdikdən sonra...” - Şair Ramaldanov

“Horadiz əməliyyatı 1-ci Qarabağ savaşının ən uğurlu əməliyyatıdır. Ulu Öndərin qayıdışından və payız müraciətindən sonra səfərbərlikdən gələn hərbi vəzifəlilər başqa ruhda gəlmişdilər. Səfərbərlik artıq elan olunmuşdi. Xalqa inam qayıtmışdı. Buna qədər isə xalqda inam olmadığı üçün və mərkəzdə olan siyasi proseslərə görə düşmənə qarşı mütəşəkkil şəkildə mübarizəni təşkil etmək yetərli deyildi. Nizami ordu demək olar ki, yox səviyyəsində idi. Ona görə ki, taborlar, batalyonlar, yerli özünümüdafiə qüvvələri və s. birliklər ayrı-ayrı şəxslərə məxsus idi. Bunlar mərkəzdən idarə olunmurdu. Heydər Əliyevin gəlişindən sonra artıq özünümüdafiə batalyonları əsasında briqadalar, alaylar, nizami hərbi hissələr yarandı və proseslərin hamısı mərkəzdən idarə olunmağa başlandı. Bu şəraitdə düşmənin işğalının qarşısını almaq məqsədilə qış kampaniyasına hazırlıq başladı. Bu kampaniyanın vəzifəsi Murovdağ-Kəlbəcər, Tərtər-Ağdərə, Beyləqan-Füzuli istiqamətində əks-hücum tədbirləri planlaşdırmaq idi. Bu kampaniyanın da ən uğurlusu kimi Horadiz əməliyyatı Azərbaycanın tarixinə düşdü. İki gün ərzində 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi və Cocuq Mərcanlı kəndi erməni işğalçılarından azad edildi. Bu əməliyyat digər istiqamətlərdə düşmənin işğalının genişləndirilməsinin qarşısının alınması ilə nəticələndi”.

Bu sözləri hərbi ekspert, ehtiyatda olan zabit Şair Ramaldanov yanvarın 6-da birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 28 ilinin tamam olması ilə bağlı Herbiand.az-a açıqlamasında bildirib. 

Şair Ramaldanov qeyd edib ki, Horadiz əməliyyatı hazırlanan zaman düşmən artıq bir neçə ay ərzində müdafiə ilə bağlı bütün tədbirlər görərək yetərli qədər möhkəmlənmişdi. Ərazi baxımından əks-hücum aparmaq çətin idi. Orada olan yüksəkliklər düşmənin əlində idi:

“Digər tərəfdən qış aylarının olması da belə əməliyyatların aparılmasını çətinləşdirirdi. Bütün bunları nəzərə alaraq Horadiz əməliyyatının planı digərləri kimi standart planlaşdırılmamışdı. Bunun da özəlliyi ondan ibarət idi ki, hücum əməliyyatından bir gün əvvəl düşmənin arxa tərəfinə 400 nəfərdən ibarət 3 qrup şəxsi heyətin sızdırılmasına nail olundu. Bu qrupun məqsədi Böyük Bəhmənli kəndin üstündəki yüksəkliklər, Şükürbəyli kəndinə gedən yolun yüksəklikləri və Horadizin ətrafındakı yüksəkliklərə yerləşməklə təminat yollarını bağlamaq idi. Çünki düşmən daha çox ehtiyatlarını müəyyən bir istiqamətdə cəmləyərək orada vəziyyəti dəyişməyə nail olurdu. Məhz bu yolların bağlanması düşmənin ehtiyat qüvvələrinin gətirilməsinə imkan vermədi. Döyüşlər yanvarın 5-i səhər başlayanda düşmən artıq arxa tərəfdən Azərbaycan bölmələrinin döyüş aparması ilə bağlı məlumatlar alırdı. Vəziyyəti tam şəkildə qiymətləndirə bilməyən ermənilər vahiməyə düşmüşdü. Bəzi məlumatlara görə, ermənilər komandanlıqlarına məlumat vermişdilər ki, guya Horadiz qəsəbəsinə İran tərəfdən körpü vasitəsilə böyük bir qüvvə onların arxasına keçərək hücum edir. Azərbaycanın həmin istiqamətdəki hərbi hissələri əks-hücumu müvəffəqiyyətlə aparmağa imkan verdi. Bu planın qeyri-standart olması ondan ibarət idi ki, nəzərdə tutulmuş sızma hərəkətləri aparıldı və Ulu öndərin qayıdışı ilə şəxsi heyət arasında ruh yüksəkliyi artdı. Həm də biz əməliyyatı aparmazdan əvvəl bir ay Seyfəli poliqonunda təlim keçirərək şəxsi heyəti hazırlamışdıq. Bütün bunların Ali Baş Komandan Heydər Əliyev tərəfindən mərkəzdən idarə edilməsi bu məsələlərin müsbət nəticə ilə yekunlaşması və döyüşün uğurlu alınmasına gətirib çıxardı”.

Hərbi ekspert vurğulayıb ki, birinci Qarabağ savaşında Azərbaycan ordusu tərəfindən azad edilmiş yeganə istiqamət məhz bu ərazi idi. Ona görə düşmən bütün gücünü burada cəmləşdirərək ordumuzu neytrallaşdırmağa, hətta öz işğalını Beyləqan və Kür çayı istiqamətinə qədər inkişaf etdirməyi məqsəd qoymuşdu. Bunun üçün də o istiqamətdə çoxlu güc toplamışdı:

“Mən buradakı vəziyyətlə bağlı şəxsən Ulu öndərə müraciət etdim. Çünki müdafiə naziri mənim müraciətimə cavab olaraq bildirmişdi ki, bizdə havadan zərbə endirmək üçün imkan yoxdu. Heydər Əliyevə qısa şəkildə vəziyyəti məruzə etdikdən sonra Ali Baş Komandan dedi ki, sizə zəng olunacaq. Təxminən 10 dəqiqədən sonra müdafiə naziri zəng edərək mənə dedi ki, sizə resurs ayrılıb. Havadan zərbə endiriləcək. Tuşlayıcıları göndəririk, onlara vəzifələrini təyin edin. Düşmənə bir gün ərzində havadan zərbələr endirildi. Onlar yuxarı komandanlıqlarına 500 nəfərdən çox itkiləri barədə məlumat vermişdilər. Nəticədə o istiqamətdə hücumları alınmadı. Zərbənin nəticəsində onlar itkilərini gizlədə bilmirdilər. Böyük səs-küyə gətirib çıxaran bu fakt Ermənistanda kütləvi etirazlara səbəb olmuşdu. Bu da düşməni Bişkek sazişinə qol çəkməyə məcbur etdi. O vaxta qədər isə ayda bir neçə dəfə atəşkəs elan olunurdu. Ancaq düşmən bunları öz xeyrinə çevirərək yenə də öz işğalına davam edirdi. Qış kampaniyasının digər istiqamətlərində də düşmən çoxsaylı itkilər verdi. Bu kampaniyanın nəticəsi olaraq düşmənin maksimum işğalı genişləndirmək imkanları məhdudlaşdırıldı”.

Ş.Ramaldanov xatırladıb ki, Vətən müharibəsində döyüşlərimizi həm şimal, həm də mərkəz istiqamətində aparırdıq. Ancaq ən uğurlu istiqamət məhz cənub istiqamət oldu:

“Birinci Qarabağ müharibəsində Ulu öndərin başladığı cənub istiqamət uğurlu idi. Vətən müharibəsində də istifadə olunan bu istiqaməti uğurlu istiqamət kimi qiymətləndirirəm. Bizim ən uğurlu və sürətli irəliləməyimiz məhz Horadiz, Cəbrayıl, Zəngilan və Qubadlı istiqaməti oldu. Mən həmişə demişəm ki, Horadiz əməliyyatının davamçıları öz atalarının yolunu davam etdilər. Düşməni bizim torpaqlardan qovdular və ərazi bütövlüyü bərpa olundu. Ulu Öndər siyasətinin davamçısı olan Ali Baş Komandan İlham Əliyev məhz bu istiqaməti Azərbaycan üçün uğurlu olaraq seçdi. Bu da bizim qələbəmizə gətirib çıxardı”.  

Bəxtiyar CƏFƏRLİ