Advertisment

“Gəncliyin mənəvi ruhunu yüksəltmək və islamı düzgün təbliğ etmək lazımdır”

Hacı Surxay Məmmədli: “Gənclərə islamı olduğu kimi və yumşaq şəkildə çatdırmalı və radikal dini təriqətlərin əslində nələrə xidmət etdiyini aşılamaq lazımdır” “Özümüzü unutduran hər bir hərəkət və xasiyyətlər yolverilməzdir və gələcək nəslin mənəvi korluğuna aparan bu cür işləri pisləmək lazımdır” Milli dəyərlərimiz və  mədəniyyət nümunələrimizin qorunması və gənc nəslə təbliği, eləcə də xalqımıza aid olan mədəniyyət və incəsənət nümunələrinin, tariximizin tanıdılması ilə bağlı bir sıra işlər görülsə də, müəyyən boşluqlar da  var. Qloballaşan dünyada hər bir xalqın və ya ölkənin gəncliyi zamanla ayaqlaşmaq təlaşında ikən, bir çox hallarda öz kökündən, milli-mənəvi dəyərlərindən qopduğunun fərqinə belə varmır. Bu söylənilənləri Azərbaycan gəncliyinə də  aid etmək olar.  Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması və onların qorunmasında gənclərin fəallığının artırılması vacibdir. Unudulmuş adət-ənənələrimizin, mənəvi yaddaşımızın bərpası prosesində ziyalıların, din adamlarının, medianın üzərinə böyük vəzifə düşür. Əgər yetişməkdə olan gənc nəslə bu gün milli-mənəvi dəyərlərimizi təbliğ etməsək, sabah gec olacaq. Qloballaşma çağında, internet, informasiya əsrində xalqın milli ənənələrini qoruması çox vacibdir. Çünki milli simasını itirmiş xalq məhvə məhkumdur. “İçərişəhər” Cümə məscidinin axundu, tanınmış din xadimi Hacı Surxay Məmmədli hesab edir ki, qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi qorumaq üçün ilk növbədə Azərbaycan gəncliyinin mənəvi ruhunu yüksəltmək və islamı düzgün təbliğ etmək lazımdır. Onun fikrincə, unudulmaqda olan milli- mənəvi dəyərlərimizin qorunmasında din xadimlərinin üzərinə böyük vəzifələr düşür: “Din xadimlərinin üzərinə düşən vəzifələrdən biri islamın düzgün şəkildə təbliği, təbliğat metodunda açıqfikirlilik, gənclərin öz milli və mənəvi dəyərlərini qorumağa səsləməkdir”. S.Məmmədli hesab edir ki, internet əsrində milli dəyərlərin qorunmasında müəyyən  çətinliklər də var: “Hər zamanın özünə məxsus inkişafı və bu inkişafdan düzgün istifadə etməyən bir qrup insanlar var. İnternetdən düzgün istifadə olunmaması gənclərin bəzi “qruplara” qoşulmasına gətirib çıxarır. Gənclərimizi qeyri-ənənəvi, zərərli dini təriqətlərdən uzaq tutmaq üçün gənclərin psixoloji durumunu düzgün şəkildə öyrənmək və onlara özlərinə məxsus yanaşma metodu seçmək lazımdır.  İslam xurafat dini yox, ən üstün elmə, hətta elmləri susduran bir təsir qüvvəsinə malikdir. Gənclərə islam olduğu kimi və yumşaq şəkildə çatdırılmalı və radikal dini təriqətlərin əslində nələrə xidmət etdiyini aşılamaq lazımdır”. S. Məmmədli hesab edir ki, reytinq, İP dalınca qaçan, gənclərin əxlaqını pozan materaillar yayan elektron KİV-lər də ehtiyatlı olmalıdır: “KİV bu gün ən çox insanların pirlərdə və bəzi ziyarətgahlarda düzgün ibadət  və dua etməmələrini qınayır,  hətta bütpərəstlik etməkdə  suçlayır. Əslində mətbuatın üzərinə düşən vəzifə cəmiyyətə islami qaydaların pozulmalarını çatdırmaq yox, islam qaydaları nədən ibarətdir, düzgün ibadət və ziyarət qaydalarını, ümumiyyətlə islamın gözəlliklərini təbliğ etməkdir. Təəssüflə vurğulamaq istərdim ki, müasir texnologiyalardan və elektron KİV-dən düzgün istifadə  olunmur. Hətta bəzən valideyn belə öz övladını bu cür çirkin işlərdən çəkindirmək istədikdə övladlar valideynin sözünə baxmır,  öz ata-analarına qarşı çıxır və etdikləri çirkin işləri öz fikirlərində düzgün sayırlar. Belə hallarda yenə vəzifə yerli KİV-in üzərinə düşür”. Cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas məclislərində ifrat avropalaşma, bayağılıqdır, israfçılıqdır.  Din xadimi deyir ki, islam israfçılığa, bayağılığa, dəb-dəbəyə qarşıdır: “İslamın özünə məxsus hökmləri vardır. Bu hökmlər insanların düzgün həyat tərzini formalaşdırır. İslamda bu cür hökmlər toy və yas məclislərinə aiddir. Ümumilikdə islami qaydalara görə toy və yas məclislərində hər bir hallarda həddin aşılmaması və israfdan uzaq olmaq lazımdır. Milli və mənəvi dəyərlərə xas olan bu cür mərasimlər, əslində millətə məxsus və islami qanunları pozmadan keçirmək lazımdır. Bütün hallarda avropalaşma, bizlərə özümüzü unutduran hər bir hərəkət və xasiyyətlər yolverilməzdir və gələcək nəslin mənəvi korluğuna aparan bu cür işləri pisləmək lazımdır. Əgər cəmiyyətimizi belə vərdişlərdən və xasiyyətlərdən çəkindirməsək, gələcəkdə acı nəticələrər gətirib çıxaracaq.   Gülşəndə QULİYEVA Yazı Hüquqi və Demokratik İslahatlar Mərkəzi İB-in Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə həyata keçirdiyi “Unudulmaqda olan milli mənəvi dəyərlərimizin qorunması və təbliği” layihəsi çərçivəsində çap olunur.