“Gənclərimiz üçün yaradılmış şəraitlər onların birtərəfli deyil, bir çox istiqamətdə formalaşdırılmasına şərait yaradır”
Müasir dövrdə inkişafda olan ölkələrdə hər bir sahənin inkişafı müşahidə olunur. Dövrü inkişaf, həmçinin, milli-mənəvi və əxlaqi dəyərləri hər bir xalqın özünəməxsusluğu ilə inkişaf etdirir. Bu dəyərlərin olması xalqın inkişafında, mənəvi, əxlaqi, fiziki cəhətdən gənclərin yetişməsində müsbət rol oynayır. Onu da qeyd edək ki, hər bir millətin gücü məhz onun tarixi köklərinin möhkəm olmasından, mənəvi dəyərlərinin qorunub saxlanmasından asılıdır. Bu dəyərlərin qorunması inkişafda olan hər bir dövlətin vətəndaşının önəmli vəzifələrindən biridir. Bu hissi gənclərə lap kiçik yaşlardan aşılamaq lazımdır. Eyni zamanda uşaqlarda vətənpərvərlik hissi də yüksək inkişaf etməlidir ki, onların mənəvi dünyası da müsbət formalaşmış olsun. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun, dünya görüşünün formalaşması və inkişafına, həmçinin, onun həyat hadisələrini düzgün dərk etməsinə imkan verir. Eyni zamanda uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə zəmin yaradır.
Mütəxəssislərin qeyd etdiyi kimi, mənlik hissi insanın özünün fikir və hisslərinin mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Milli-mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Bu səbəbdən də uşaq və gənclərdə hərtərəfli tərbiyə ilk vaxtlardan düzgün istiqamətlənərsə, o zaman gələcək üçün layiqli vətəndaş yetişmiş olacaqdır.
Gənclərə bu dəyərlərin mahiyyətini, vacibliyini anladan elmlərdən biri də psixologiya elmidir. Bu sahə ilə məşğul olan insanlar qarşı tərəfi daha yaxşı anlayır, onların tərbiyəsində, xarakterlərinin müsbət yöndə formalaşmasında daha önəmli rol oynayırlar. Bu məqsədlə mövzunu psixoloq Aysel Qasımlı ilə davam etdirdik:
– Bir psixoloq olaraq Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə dəyərləndirərdiniz?
– Azərbaycanda son dövrlərdə gənclərin sürətli inkişafı göz qabağındadır. Əvvəlki dövrlərlə müqayisədə gənclər artıq bir çox sahələrdə özlərini təsdiqləyirlər. Gənclərimiz üçün yaradılmış şəraitlər onların birtərəfli deyil, bir çox istiqamətdə formalaşdırılmasına şərait yaradır. Bununla birlikdə, artıq onlar asudə vaxtlarını da daha səmərəli istifadə edərək gənclər həm mənəvi cəhətdən zənginləşir, həm də öz gələcəklərini qura bilirlər. Beləliklə də, onlar kənar məşğuliyyətdən uzaqlaşaraq öz enerjilərini daha səmərəli istifadə edə bilirlər.
Gənclik və yeniyetməlik yaş dövrü olduqca vacib və kritik yaş dövrü olduğundan bu dönəmdə enerjinin düzgün istiqamətlənməsi vacibdir. Bu yaş dövrlərində istər fiziki, istərsə də psixoloji olaraq bir çox dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər zamanı daha diqqətli olmaq mühüm şərtlərdəndir.
– Bu işdə psixoloqların üzərinə hansı məsuliyyət düşür?
– Bu işdə psixoloqların üzərinə düşən iş, valideynləri və onlara müraciət edən gənc və yeniyetmələri düzgün istiqamətləndirmək, mümkün qədər lazımi istiqamətdə təlimlər təşkil etməkdir. Onu da qeyd edim ki, bu gün orta məktəblərdə psixoloqların olması daha məqsədəuyğun olar. Məlumdur ki, məktəb dövründə uşaqlarda inkişaf sürətlə gedir. Və ən əsas da onların xasiyyətləri, mənəvi keyfiyyətləri formalaşır. Belə bir dönəmdə şagirdlərin psixiloloqlara daha çox ehtiyacı yaranır. Bəzi yeniyetmələr olur ki, onların xarakterində müəyyən təzadlar yaranır. Xasiyyətcə müsbət istiqamətdə formalaşmalarında bir qədər maneələr ortaya çıxa bilir. Bu anda təbii ki, psixoloq daha yaxından həmin yeniyetməyə kömək ola bilər. Onunla yaxından ünsiyyət yaradaraq fikirlərində yardımçı olar. Düzgün istiqamətə meyllənməsinə müsbət təsir göstərər. Çünki psixoloq hər hansı bir insanla yaxından ünsiyyət qurarkən onu daha yaxşı anlayır və düzgün yol seçimi edə bilir.
– Bu gün uşaq və yeniyetmələr ən çox hansı problemlərlə üz-üzə qalırlar?
– Yeniyetməlik yaşı dövründə çox rastlanan problemlərdən biri özünə inamla bağlıdır. Bu yaş dövründə yeniyetmələrin özlərinə inamları gah kəskin şəkildə yüksəlir, gah da kəskin şəkildə aşağı enir. Həmçinin, bu yaş dövründə uşaq öz cinsini dərk etdiyi üçün qarşı cinsə maraq yaranır və yeniyetmələrdə çox vaxt bu maraq bağlılığa çevrilir. Qarşılaşdığımız problemlərdən biri də yeniyetmələrin kimsənin onları anlamadığını, xüsusilə, ailə ilə təzadlı fikirlər içərisində olduqlarını söyləməkləridir. Bu səbəbdən də yeniyetmələr özlərini ifadə edə bilmək üçün sosial şəbəkələrə və həmçinin, fikir və ideyaları onlarınkı ilə üst-üstə düşən referent qruplara üz tuturlar. Bu isə bir çox fəsadlara gətirib çıxara bilir. Valideynlərə məsləhətimiz bu olardı ki, bu yaş dövründə uşaqlarına qarşı daha həssas olsunlar və onları daim nəzarətdə saxlasınlar. Amma bu nəzarəti heç vaxt uşaqları hiss etməməlidir. Əks halda onlardan daha da uzaqlaşar və özlərinə inamları kəskin şəkildə aşağı düşər.
– Ümumiyyətlə, uşaq və gənclərin tərbiyəsində hansı meyarlar üstünlük təşkil etməlidir ki, gələcəkdə hər hansı problemlə üzləşməsinlər?– Uşaqlar 4 yaşa qədər daha çox ailəni, 4 yaşdan 11 yaşa qədər isə ətraf mühiti daha çox özlərinə nümunə götürməyə başlayırlar. Beləliklə, onların şəxsiyyəti formalaşmağa başlayır.Uşaqlara “olmaz” dedikləri şeyi valideyin və ya ailənin başqa üzvü edərsə, uşaq bunu təkrar edər. Çünki uşaqlar sözlərə deyil, davranışlara baxar. Valideynlər nə qədər uşağa diqqət göstərsələr, bir o qədər uşağı sağlam olar. Amma bu diqqət əsla uşağın hər istədiyini etmək demək deyildir. Həmçinin, uşaqlara özlərinə inamı formalaşdırmalı, onların üzərinə uşaqlıqdan xırda məsuliyyətlər qoymalıdır və kompüter çox istifadə edildiyində özünəqapanıqlılıq yaratdığından, mümkün qədər real ünsiyyətə, yaşıdları ilə oyunlara yönəltməlidirlər. Bu həm onların nitqinə, həm də mənəvi dünyasının zənginləşməsinə şərait yaradacaqdır.
– Vətənpərvər ruhda yetişən gəncin mənəvi dünyası da yüksək səviyyədə olar. Sizcə valideynlərimiz də övladlarının bu ruhda tərbiyəsinə yetərincə diqqət ayırırlarmı?
– Hər kəs fərqli bir şəkildə vətənpərvərlik ruhunu övladlarına aşılamağa çalışır. Bəzən isə valideynlər vətənpərvərlik hissi ilə bağlı bütün məsuliyyəti məktəbin və müəllimlərin üzərinə atırlar. Evdə görmədikləri, məktəb dövrünə qədər təsəvvürləri olmadıqları bir şeyi birdən-birə görən uşaqlar isə bunu hiss olaraq deyil, adətən, sadəcə bir tapşırıq olaraq görürlər. Onlar vətən haqqında şeir öyrənmək, bayrağımızı, rəmzimizi öyrənməyi onlara verilmiş tapşırıq kimi qarşılayırlar. Bir şeyi nəzərdən qaçırırlar ki, vətən sevgisi öyrədilməz, hiss edilər. Amma bir hissi yaşamaq üçün bu hissdə olan insanları görmək lazımdır. Bu hiss mənimsənilməlidir, bunu ruhunda hiss etməlidir. Fikrimcə, valideynlər hələ uşaqlıq dövründən vətən sevgisini öz uşaqlarına hiss etdirməlidir. Sadəcə evdə bir bayrağın olması və ona hörmətlə yanaşılması belə uşaqda bu hissi yarada bilər.
Gəncliyi azərbaycançılıq ruhunda, milli köklərə bağlı, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməliyik. Gənclər müasir dünyamızın tələbləri ilə vəhdət şəkildə inkişaf etmələri üçün hər zaman inkişafda olmalıdırlar. Azərbaycan gəncliyi müasir dövrdə gedən proseslərə daha realist, dünyagörüşlü, bilikli yanaşmalıdır. Azərbaycan gənci anlamalıdır ki, onun vətəni düşmən tapdağı altındadır o, hər zaman düşmənindən daha güclü olmalıdır.
Beləliklə, cəmiyyətdən, valideynlərdən və özlərindən asılı olaraq gənclərimiz müxtəlif problemlərlə üzləşir. Bu problemləri aradan qaldırmaq üçün böyük yük yenə də gənclərin üzərinə düşür. Çünki, gənclər həm cəmiyyətin üzvləri, həm də sabahın valideynləridir. Ona görə də biz gənclər özümüz öz uğrumuzda mübariz olmalıyıq. Mübarizəyə öz üzərimizdə başlamalıyıq. Gələcəyin gənclərini də biz elə yetişdirməliyik ki, yeni nəsil sadaladığım problemlərlə üzləşməsin. Ona görə də bizim üzərimizə böyük yük düşür. Dünəni dəyişdirə bilmərik, amma sabahı dəyişə bilmək üçün gec olmadan bu gündən başlamalıyıq.
Gülşəndə QULİYEVA