Advertisment

Vətənpərvərlik elə bir hisdir ki, insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hislərini yaradır

Rəfail Tağızadə: “İlk növbədə gənclərdə vətənpərvərlik ruhunu, vətən sevgisini artırmaq lazımdır Belə bir aksioma var ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Məsələn, qədim Spartada gənclər nizam-intizam, qəhrəmanlıq və cəsarət ruhunda tərbiyə edilirdi. Amerikalılar öz övladlarını sahibkarlıq bacarığı və rəqabət ruhunda böyüdürlər. Çinlilər loyallıq, yaponlar isə əməkdaşlıq təlqin edirlər. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Min illər öncə bu torpaqlarda yaranmış zərdüştlük Xeyirlə Şərin əbədi mübarizəsi və Xeyirin Şər üzərində qələbəsi ideyası bütün dünya xalqlarının fəlsəfi fikrinə dərin təsir edib. Muğanda yaşayan mağların dini-fəlsəfi fikrindən bəhrələnən yunan filosofları “hər şeyin mübarizə vasitəsilə zərurətdən yarandığını” söyləyiblər. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, şair, publisist, tərcüməçi Rəfail Alı oğlu Tağızadədir.
  • Zəhmət olmasa, oxucularımız üçün özünüz barədə geniş məlumat verin.
  • Mən, Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində ziyalı ailəsində anadan olmuşam. 1964-cü ildə birinci sinifə getmişəm. 1972-ci ildə Sofulu kənd səkkizillik məktəbini (sonralar onillik məktəb oldu), 1974-cü ildə Boyəhmədli kənd orta məktəbini bitirmişəm.
Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda (İndiki Texniki Universitetini) təhsil almışam. Müxtəlif vəzifələrdə çalışmışam. Hazırda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsüyəm. Şair, publisist, tərcüməçi kimi də fəaliyyət göstərirəm. Bakı şəhərində yaşayıram. Ailəliyəm. İki uşağım, üç nəvəm var.
  • Zəhmət olmasa, hərbi xidmətiniz haqqında da məlumat verin.
İnstitutda hərbi kafedra olduğundan texniki təhsillə bərabər hərbi təhsil də alaraq leytenant rütbəsinə yiyələnmişəm. Sonralar Zaqafqaziya Hərbi Dairəsinin toplantılarında və başqa hərbi toplantılarda iştirak etmişəm. Təhsilim və rütbəmlə bağlı Sovet Ordusuna çağrılmamışam. Azərbaycanın Milli Ordusunda cəbhə bölgəsində zabit kimi xidmət etmişəm. Ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla, hədiyyələrlə təltif olunmuşam.
  • Sizcə, gənclərdə vətənpərvərlik hislərinin, milli mənlik şüurunun formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır?
Almanlar heç vaxt “Vətəni sevirəm” demirlər. “Onsuz da hamı vətənini sevməlidir.” söyləyirlər. Bu, dövlətçilik ənənəsindən irəli gəlir. Ona görə də ilk növbədə gənclərdə vətənpərvərlik ruhunu, vətən sevgisini artırmaq lazımdır. Bunun üçün tez-tez bu səpkidə dəyirmi masalar, turnirlər təşkil olunmalıdır. Televiziyalarda tarixçi alimlər, keçmiş döyüşçülər, Qarabağ qaziləri ilə görüşlər, diskussiyalar və viktorinalar  keçirilməlidir. Gənclər təşkilatları şagirdlərlə, tələbələrlə vətənpərvərliklə bağlı təbliğat işləri aparmalı, vətənin, dövlətin müdafiəsinə hazır olmaları üçün onlara vətən sevgisi aşılanmalıdırlar. Bunun üçün ilk növbədə gənclərin özləri nümunə olmalıdırlar.
  • Sizcə, vətənpərvərlik hislərini ailə formalaşdırır, yoxsa bu uşağın özündən asılıdır?
Əlbəttə ki, uşaqların vətənpərvərlik ruhunda formalaşmasında ailənin rolu çox böyükdür. Cəbhə bölgəsində olan, itkinin ağrısını yaşamış, hərbiçi ailələrində böyüyən uşaqların düşüncəsində vətənpərvərlik hissi daha çox ön planda olur. Onlar daha çox Vətənə bağlı olurlar, zənnimcə. Hansı ailədə ki vətən sevgisi güclüdür, vətən mövzusu hər zaman diqqətdədir, o ailədə uşaq da vətən sevgisiylə böyüyür və formalaşır. Burada, təbii ki, məktəbin rolunu da xüsusi qeyd etmək lazımdır. Çünki uşağın yetişməsində və bir fərd kimi formalaşmasında həm ailə mühitinin, həm məktəb mühitinin rolu danılmaz faktdır. Uşağın özündən və onun əhatəsinindən də çox şey asılıdır. Ən əsası, sən həqiqi vətəndaşsansa, səni, atanı, babanı vətəndaş edən Vətəni sevəcəksən. Sevdirəcəksən.
  • Bəs Kütləvi İnformasiya Vasitələri bu istiqamətdə nə kimi tədbirlər görməlidir?
  • KİV-də təkcə layihələrlə bağlı yazıların verilməsi, hərbi hissələrdə bəzi görüşlərin keçirilməsi kifayət deyil. Bunlar çox azdır. Televiziyalarda mütəmadi olaraq vətənpərvərlik verilişləri efirə getməlidir, bu tip verilişlərə daha çox yer ayrılmalıdır. Həmçinin saytlarda, qəzetlərdə də bu mövzuda olan yazılara daha çox diqqət artırılmalıdır. Çünki Kütləvi İnformasiya Vasitələrinin təbliğat imkanları daha geniş və böyükdür, bundan maksimum dərəcədə istifadə olunmalıdır.
  • 2016-cı ilin aprel zəfəri haqqında nə deyə bilərsiniz?
  • Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş hazırlığı və döyüş qabiliyyəti ilə bərabər Azərbaycan xalqının öz torpaqlarını düşməndən azad etmək əzmini bir daha nümayiş etdirdi. Təkcə Ağdamı nümunə göstərsək, sıravi insanların döyüşə getmək üçün növbəsini görmək kifayət idi. Düşmən artıq Azərbaycan Ordusunun gücünü hiss etdi. Mən inanıram ki, bu cür döyüşlər bizi qələbələrə aparacaq.
  • Ordumuzun inkişafında nə kimi irəliləyişlər nəzərə çarpır?
  • Mən o ağır döyüş illərini və ordumuzun yeni yaranma ərəfəsinin şahidi, iştirakçısı olmuşam. Son vaxtlar ordumuzun bütün sferalarında xeyli irəliləyişlərin olduğu hiss olunmaqdadır. Ümid edirəm və inanıram ki, ordumuz daha da inkişaf edəcək.
  • Bəs, sizin fikrinizcə, Azərbaycan gəncləri ictimai-siyasi sferada ölkəmizi necə təmsil edir?
  • Gənclərin ictimai-siyasi sferada ölkəmizi təmsil etməsinə yanaşma fərqli ola bilər. Baxır hansı prizmadan yanaşırsan. Amma onu qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda vətənini sevən, qoruyan, çox savadlı, ağıllı və dünyagörüşlü gənclik yetişməkdədir. Əsas məsələ bu gəncləri düzgün istiqamətləndirməkdir. Onlara sahib çıxmaq, onlardan lazımınca yararlanmaqdır. Ölkənin gələcəyi olan gəncləri həm vətəndaş, həm də ölkənin gələcəyi üçün kadr kimi yetişdirmək lazımdır. Ağıllı, elmli gənclərimizin dünya çapına çıxmasına köməklik göstərilsə, onlar istənilən yerdə, istənilən mövzuda ölkəni lazımı səviyyədə təmsil edə bilərlər. Zənnimcə, bu istiqamətdə də lazımi addımlar atılmaqdadır.
  • Gələcək planlarınız nələrdən ibarətdir?
Şeirlər kitabımı nəşrə hazırlayıram. Bundan başqa, çağdaş Avropa şairlərinin şeirlərini tərcümə etmək, publisistik yazılarımı və esselərimi toplum halına salmaq fikrindəyəm. PS: Dünyaca məhşur alimimiz, əsl vətəndaş insan Xudu Məmmədov belə deyirdi: “Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.” Məncə, bu, çox gözəl ifadədir. Bizim ən böyük amalımız ondan ibarət olmalıdır ki, uşaqlarımıza vətənimizi tanıtdıra bilək. Bunun üçün ancaq itirdiyimiz torpaqlarımızın siyahısını onlara öyrətməklə məşğul olmaq lazım deyil. Əlimizdən gələnin daha çoxunu etməliyik, Vətənimizin hər qarışını onlara tanıtmalıyıq. Övladlarımıza “O yerlər bizim olub” deyərək əlimizi sərhədlərin o tayındakı ərazilərə uzadırıq. O uzanan əllər, barmaqlar nə vaxt düşmənin gözünə uzanacaq. O əllər, o baqmaqlar bu günün və sabahın əsgərlərinin olacaq. O baqmaqların ardınca addımlar uzanacaq. Bizi zəfərə daşıyacaq iri addımlar…
  • Vətənimizin keşiyində dayanan əsgərlərimizə, hərbçilərimizə nə tövsiyə edərdiniz?
İlk növbədə vətən sevgisini, dürüstlüyü, sədaqəti, tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyi, nizam-intizamı, oxumağı və yaxşı təhsil almağı. Vətən üçün, dövlət üçün hər zaman lazımlı vətəndaş olmağı tövsiyə edirəm. Bundan başqa onlara arzularım da sonsuzdur, ümdə olan “Səngərin o tayındakı torpaqlar mənimdir” – deyib daima onu almağı – Qarabağı azad etməyi düşünməyi, qələbəylə evlərinə, ailələrinə dönməyi arzu edirəm… Aytən NAZİMQIZI