Advertisment

Uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasında ailənin rolu

Bu günün azyaşlısı sabahın gəncidir. O, gələcəkdə xalqının, millətinin həyatında mühüm yer tutacaq cəmiyyət üzvüdür. Bu günkü gənclərin sabahkı cəmiyyət həyatında daha layiqli yeri, mövqeyi vətənpərvərlik ruhundan birbaşa asılıdır. Gənc nəslin tərbiyəsi məsələsi ailənin başlıca funksiyalarından, valideynlərin isə ən mühüm vəzifələrindən biridir. tərbiyə işində əsas məsuliyyət, ağırlıq ailənin üzərinə düşür. Müasir gəncləri şüurlu, dərrakəsi dərin, dünyagörüşü geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalıyıq. Valideynlər tərbiyə işini elə məqsədyönlü qurmalıdırlar ki, övladlarının əxlaqi dəyərlərinə elə zərgər dəqiqliyi ilə fikir verməlidirlər ki, sonda onlara qazandırdıqları üçün peşmanlıq hissi yaşamasınlar. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm. Milli mənlik şüuru və vətənpərvərlik hisləri ailədən və ətraf mühitdən qaynaqlanır. Yeniyetmə və ya gəncin nə dərəcədə vətənpərvər olması da, onun böyüyüb boya-başa çatdığı yerdən və ətrafındakı insanlardan, cəmiyyətdən asılıdır. Uşaqlar millətin gələcəyidir. Bunu əsas götürsək, deyə bilərik ki, uşaqların tərbiyəsi gələcək nəsillərin yetişməsində nə qədər mühüm rol oynayır. Lakin hər bir millətin özünəməxsus adət-ənənələri olduğu kimi, özünəməxsus psixologiyası da var. Məhz bu amil ailələrin həyatında, uşaqların tərbiyəsində rol oynayır. Uşaqların tərbiyəsi cəmiyyətlə yanaşı, həm də ailələrdən asılı olur. Məsələn, bir çoxları fikirləşir ki, uşaqların tərbiyəsində əsas pay atanın üzərinə düşür. Onlar iddia edir ki, uşaq atasından daha çox çəkindiyi üçün onun verdiyi öyüd-nəsihətə daha çox əməl edir. Digər bir qisim isə deyir ki, uşaqların tərbiyəsində önəmli rol ananındır. Mən düşünürəm ki, hər iki tərəfin rolu böyükdür. Uşaqların tərbiyəsində hansısa tərəfin üstünlüyü vacib deyil. Əsas odur ki, onların fikirləri bir-birini tamamlasın. Düşünürəm ki, ailədə tərəflərin bir-birini başa düşməsi çox önəmlidir. Məhz bu, uşağın tərbiyəsinə çox mühüm təsir göstərir. Əgər atanın dediyini ana qəbul etməzsə və ya əksinə, ananın dediyini ata səhv kimi göstərirsə, bu zaman ailədə tarazlıq pozulur və uşaqların ərköyün, eqoist yetişməsinə səbəb olur. Əsas odur ki, övladı tərbiyə zamanı hər iki valideyn bir-birinin fikrini dəstəkləsin. Tutalım, ana övladına nəyisə qadağan edir, lakin ata ananın fikrinin doğru olmadığını deyirsə, bu zaman övladda anaya qarşı mənfi münasibət yarana bilər. Bu zaman uşaqda “ata məni daha çox istəyir” kimi fikir yaranır. Ona görə valideynlərdən biri hər hansı səhv yanaşma etsə belə, digəri bunu uşağın yanında da bildirməməlidir. Fikir ayrılıqları valideynlərin öz aralarında həll edilməlidir. Psixoloqların fikrinə əsasən demək olar ki, şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti - ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin insana təsirini nəzərdə tuturlar. Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amillərə ailə münasibətləri - ata ilə ana valideynlərlə uşaqlar, bacı ilə qardaş, və s. arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluş ikinci tip amillər sırasına daxil edilir. Ata-ana arasındakı qarşılıqlı hörmət, ailə üzvləri ilə davranış qaydaları istər-istəməz uşaqların tərbiyəsində özünü büruzə verir. Valideyn övladını öz ailəsinə, vətəninə, el-obasına layiqli övlad kimi görmək, geniş dünyagörüşə malik vətəndaş kimi böyütmək istəyirsə, ona dinimizin, milli adət-ənənələrimizin çərçivəsində yol göstərməli, yaxşı kitabların siyahısını, tarixi filmlərin baxılma vaxtını bildirməlidir. Hər şeydən əvvəl, azərbaycançılıq ideyasını aşılamalıdır. Valideynlər əməksevərliyin, vətənpərvərliyin ata-anaya, müəllimə, torpağa sevginin sirlərini səbr və təmkinlə, zərrə-zərrə övladlarına çatdırmalıdırlar. Ailə münasibətləri hər şeydən əvvəl, uşaqların emosiya və hisslərinə təsir göstərir. Onların yaşı artdıqca həmin münasibətləri mənimsəyirlər, bu zəmində də oğlan və qızların xarakter əlamətləri və s. formalaşır. Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata - ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz - söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir, ana başqa cür, nənə isə tamamilə fərqli yanaşır. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalaşması prosesini çətinləşdirir. Bütün bunlarla yanaşı, gənc nəslin tərbiyəsində tədris mərkəzlərinin, məktəb və müəllimlərin də rolu danılmazdır. Təcrübə sübut etmişdir ki, məktəb həyatının gənc nəslə verdiyi dəyərlərin çeşidini heç bir həyat verə bilməz. Əgər ata-ananın tərbiyə prosesində nə qədər böyük rolu varsa, gənclərin formalaşıb cəmiyyət içərisində yer almasında müəllim bir o qədər əmək sərf edir. Ona görə də ən böyük dahilər belə qazandıqları hər nailiyyətə görə müəllimlərinə minnətdar olduqlarını bildiriblər. Təlim-tərbiyə insan psixologiyasını formalaşdıran mühüm amil olduğundan onu düzgün yönəltmək lazımdır. Axı uşaqların baxışları, qavrayışı, nitqi, ailə tərbiyəsi və mədəniyyəti eyni deyil. Ona görə də tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur. Lakin təkcə ailə və məktəb mühitinin yerində olması da kifayət etmir. Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları - məktəbdən və ailədən gəzib - dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin, küçənin yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi - buluğa çatmamışlara güclü təsir edir. Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi bəzi hərəkətlər və davranışlarında onlara sərbəstik verilməsi də pis nəticələnir. O, məktəbdən yayınır, siqaret çəkməyə, içki içməyə, yaşlılara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır. A.S. Makarenko deyirdi: “Tərbiyə işinin əsl mahiyyəti... heç də sizin uşaqla təklikdə söhbət etmənizdən, uşağa müstəqim təsir göstərməyinizdən ibarət deyil, ailənizin, şəxsi və ictimai həyatınızın təşkilindən, aşağın həyatını təşkil etməkdən ibarətdir”. Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir. Qazandığı uğurları iş prosesində-peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir. İctimai mühitin də, kollektivin də, rəhbərliyin də, dostların da gənclərin tərbiyəsində rolu hədsizdir. Bunun üçün düşdüyümüz mühitin demokratik olması əsas şərtlərdəndir ki, bu da gəncliyin sağlam inkişafına təkan verir. Aytən NAZİMQIZI