Advertisment

Ulu Öndər Heydər Əliyev: “Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”

“Gələcək gənclərin çiyinləri üzərində qurulmuşdur” Heydər Əliyev Orta məktəbdə təhsil aldığım müddətdə bu cümlə hər gün şüar kimi oxuduğum və yaddaşımda həkk olunan cümlələrdəndir. İlk vaxtlar sadəcə cümlə olaraq oxuduğum bu fikir zaman keçdikcə daha çox diqqətimi çəkir və artıq mənasını dərk edirdim. Dərk etdikcə də gələcəklə bağlı xəyallar qurmağa başladım. Sanki bu xəyallarla da böyüdüm. Beləcə, müdrik dövlət xadimi Heydər Əliyevin söylədiyi bu fikirlər zamanla beynimə həkk olunaraq gələcəklə bağlı fikirlərimin formalaşmasına vəsilə oldu. İlk növbədə qarşımda müəyyən məqsədlər baş qaldırdı. Gələcəkdə necə bir gənc olmağımı gözlərim önündə canlandıraraq gənclik illərimin tez çatmasına tələsirdim. Və nəhayət, gənclik yaşıma çatdım. Gəncliyin insan həyatının ən gözəl, ən mənalı dövr olduğunu daha yaxından dərk etdim. Anladım ki, bir ölkənin var olması, bir millətin yaşaması üçün gənclik mühüm təməl daşıdır. Və dövlət üçün ən önəmli olan sağlam ruhlu, yüksək mənəvi tərbiyəyə malik, savadlı gəncliyin yetişməsidir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm. Hamıya məlumdur ki, cəmiyyətin gələcəyi gənclərdir və təbii ki, gələcəyini düşünən cəmiyyət, ilk növbədə, öz gənclərinə xüsusi qayğı ilə yanaşmalıdır. Gənclərimizin əsl Azərbaycan vətəndaşı olaraq formalaşmasında müdrik dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətləri olub. Belə ki, Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. O deyirdi: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Bu sözlər hər bir gəncin həyatında xüsusi önəm daşıyır. Gənclər Ulu Öndərin onlarla bağlı fikirlərini xüsusi diqqətdə saxlayaraq düşünərək addım atmalı, vətəninə sadiq bir gənc olaraq fəaliyyətini müəyənləşdirməlidir. Ümummilli Lider bu istiqamətdə mühüm tədbirlər görərək aidiyyatı qurumlara lazımi tapşırıqlarını vermişdir. Gənclərlə bağlı iş istiqamətində görülən ilk tədbir gənclər siyasətinin uğurla həyata keçirilməsi yönündə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmək oldu. Ümummilli Liderin gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə, həmçinin öz qabiliyyətlərinin inkişaf etdirilməsinə yönələn sərəncam və fərmanları, eyni zamanda ölkədə həyata keçirilən dövlət proqramları bu istiqamətdə aparılan mühüm tədbirlərdəndir. Qeyd olunanlar gənclərimizin ölkəmizə layiq mütəşəkkil bir qüvvə kimi formalaşmasında, sosial problemlərinin həll olunmasında, həmçinin mənəvi dəyərlər əsasında yetkinləşməsində müsbət nəticəsini verib. Ulu Öndər ölkədə gənclər siyasətinin düzgün aparılmasının vacibliyini xüsusi diqqətdə saxlayaraq deyirdi: “Mənim üçün ən əziz Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gəncliyindən və uşaqlarından asılıdır”. Bu sözlərlə Ulu Öndər, həm də gənclik qarşısında mühüm öhdəliklər qoyurdu. Onlara fəaliyyətlərində, atacaqları addımlarda daha diqqətli olmağı, Azərbaycanın inkişafı naminə düzgün yol seçmələrini tövsiyə edirdi. Bu yöndə gənclərin üzərinə mühüm vəzifə düşdüyünü bildirirdi. Müdrik dövlət xadiminin xüsusi diqqət ayırdığı gənclər siyasəti nəticəsində həyata keçirilən Dövlət Proqramlarının tətbiqi, o cümlədən idarəetmə orqanlarında gənclərə önəm verilməsi təbii ki, öz müsbət bəhrəsini verib. Bu da sevindirici haldır. Onu da qeyd edək ki, gənclər siyasətinin başlıca məqsədi milli-mənəvi dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətimizin inkişafı naminə istifadə edilməsidir ki, əldə olunan nəticələr müsbət irəliləyişlərin olduğunu təsdiqləyir. Ulu Öndər gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına da xüsusi önəm verirdi və bunun vacibliyinə xüsusi diqqət çəkirdi. Dahi şəxsiyyət vətənpərvərliyi xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edir və deyirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun”. Müdrik dövlət xadiminin xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində və gənclərimizin bu ruhda tərbiyə olunmasında, həmçinin cəmiyyətin bu istiqamətdə səfərbər edilməsində göstərdiyi xidmətləri böyükdür. Ulu Öndər buna xüsusi diqqət göstərərək deyirdi: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”. Dövlətin gələcək inkişaf taleyini müəyyən edən uşaqlarda vətənpərvərlik hisslərinin tərbiyəsində daha diqqətli olmaq vacib şərtlərdəndir. Hər bir ailə bu hissi uşaqlarına kiçik yaşlarından aşılayaraq bu istiqamətdə mümkün tədbirlərini görməlidir. Valideynlər bu yöndə diqqətli addım atmalıdır. Öz övladlarına ölkəmizin gözəlliklərindən, onun qəhrəmanlarından, həmçinin vətənpərvərliyi təbliğ edən nağıllarından danışaraq onlarda vətən haqqında ilkin təəssüratları yarada bilərlər. Uşaqların dövlət bayrağımızı, gerbimizi tanıması, himnimizi bilməsi və onları sevməsi mütləqdir. Gənclər dövlətimizin rəmzlərinə hörmətlə yanaşmağı və uğrunda hər cür fədakarlığa hazır olmağı körpəlikdən öyrənməlidir. Belə olan halda, əlbəttə ki, əsl vətənpərvər gəncin böyüdüyünü və gələcəkdə ondan vətəninə layiq addım atacağını düşünmək olar. Ulu Öndər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını aidiyyatı qurumların, əsasən də təhsil işçilərinin qarşısında mühüm əhəmiyyət kəsb edən vəzifə kimi qoyur və təhsil işçiləri, ziyalılarla görüşlərində bunun vacibliyinə toxunaraq öz tapşırıq və tövsiyələrini verirdi. Müdrik dövlət xadimi 1994-cü ildə təhsil işçiləri ilə görüşərkən bu məqama xüsusi diqqət çəkərək vətənpərvərlik tərbiyəsinin hər bir gəncin həyatında mühüm rol oynadığını söyləmişdir: “Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim gənclər, təhsil alan gənclər gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən humanitar fənlər gərək  gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin...”. Beləliklə, milli vətənpərvərlik hər bir gəncin həyatının əsas prinsiplərindəndir. Təhsil ocaqlarında bu istiqamətdə görülən tədbirlər sırasında milli qəhrəmanlarla, Qarabağ uğrunda savaşda böyük igidliklər göstərmiş vətən oğulları ilə keçirilən görüşlər, onların döyüş yolu ilə gənclərin yaxından tanış edilməsi gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsinə güclü təsir göstərən amillərdəndir. Bu kimi tədbirlərin davamlı aparılması gənclərin vətənpərvər ruhda böyüməsində mühüm rol oynayır və biz bunun müsbət bəhrəsini görürük. Artıq təcrübə göstərir ki, Ulu Öndərin gənclərlə bağlı yürütdüyü siyasət, gəncliyə olan etimadı öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyət baxımından yeni mərhələsini yaşayır. Ulu Öndərin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək öz müsbət bəhrəsini verib. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsi, onların mənəvi inkişafı, həmçinin sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən tədbirlər, gənclərin xarici ölkələrdə təhsil alması, gənclər təşkilatlarının formalaşması və inkişafı istiqamətində yaradılan şərait bu sahəyə olan xüsusi diqqətin nəticəsidir. Bu gün Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını yüksək dəyərləndirir və fəaliyyətində ona göstərilən etimadı doğruldur. İşinə diqqətlə yanaşan gənclərimiz öz məsuliyyətini dərk edərək Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsində, ölkəmizin daha yaxşı inkişaf edib qüdrətli dövlətə çevrilməsində öz töhfəsini verir. Bu gün gənclik ölkəmizdə aparılan köklü islahatların əsas aparıcı qüvvəsini təşkil edir. Azərbaycan Prezidenti gənclərə yüksək vəzifələrdə etimad gösərir, onlara böyük ümid bəsləyir. Bu ümidi doğrultmaq, vətənpərvərlik əzmini qorumaq isə Azərbaycan gəncliyinin ən ümdə vəzifəsidir. Elnurə İSAXAN