Advertisment

Torpaq uğrunda şəhadətə yüksələn qəhrəman

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan ilkin şərtlərdəndir. Çünki vətənpərvərlik hər bir insanda öncə fədakarlıq, sonra qəhrəmanlıq və nəhayət, məğlubedilməzllik hissi yaradır. Və bunlarla yanaşı, apardığı mübarizədə özünəgüvən, inam hissini gücləndirir. Elə bu səbəbdəndir ki, zamanla xalqımız vətənimizi müdafiə etməyə hər an hazır olan igid oğullar yetişdirib. Onların göstərdikləri qəhrəmanlıqlar gələn hər bir nəslə örnək olub. Bu qəhrəmanları birləşdirən bir çox ortaq cəhətlər var ki, onlar mərd, cəsur, qorxmaz, cəsarətli və bu kimi oxşar keyfiyyətlərlə zəngin olurlar. Məhz bu keyfiyyətlər də vətənin müdafiəsi zamanı igid oğullarımızı məğlubedilməz edir. Düşmənlə mübarizədə qarşı tərəfi məğlubiyyətə uğradaraq geri oturtmağa vadar edir. Vətən məhz onu sevən, vətənpərvər, qəhrəman övladlarının sayəsində azadlığa qovuşur, övladlarının nəfəsilə rahatlaşır, ucalır.  

Bu gün də ölkəmizdə vətən hamı üçün müqəddəsdir və bu müqəddəslik uğrunda canından keçən oğullarımız saysız-hesabsızdır. Ölkəmizin qəhrəman oğulları isə heç bir zaman unudulmayıb. Bu, indi də belədir. Dövlətimiz və xalqımız vətənin müdafiəsi, torpaqlarımızın azadlığı yolunda canını qurban verən igidlərini hər zaman yaşadır, onları qəhrəmanlıq simvolu kimi daim xatırlayaraq gənc nəslə örnək olaraq təqdim edir. Qarabağ savaşı bir daha sübut etdi ki, Azərbaycan həqiqətən də qəhrəmanlar diyarı, igidlər məskənidir. Xalqımızın vətənpərvər oğulları heç bir zaman vətəni darda qoymayaraq onun uğrunda canından keçərək əsl qəhrəmanlıq nümunəsi göstəriblər. Bu yazımda sizə söhbət açacağım qəhrəmanım Vətən Müharibəsində rəşadətli döyüş yolu keçərək adını qəhrəmanlar sırasında yazdıran igid oğullarımızdan biri Fariz Şahverdi oğlu Şıxəliyevdir.

Gizir Fariz Şıxəliyev 1987-ci il dekabrın 10-da Xabarovski vilayətində anadan olub. 1994-2004-cü illərdə Şamaxı rayon Qaravəlli kənd tam orta məktəbini bitirib. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsinə qəbul olunub. 2011-ci ildə həmin fakültənin “feldşer” ixtisasını bitirərək “gizir” hərbi rütbəsini alaraq Beyləqanda yerləşən “N” hərbi hissəsinin tibb məntəqəsində feldşer kimi xidmətə başlayıb. 2012-ci ildə isə Ağcabədi rayonunda yerləşən “N” hərbi hissəsində xidmətini davam etdirib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2016-cı il 2-5 aprel tarixlərində Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib. Nümunəvi xidmətlərinə görə “Azərbaycan Silahli Quvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı,  2-3-cü dərəcəli “Qüsursuz” xidmətlərə görə medalları ilə təltif olunub.

Vətən müharibəsi başlayanda Fariz öz andına sadiq qalaraq döyüşlərə qatılır. İlk gündən torpaqlarımızın azadlığı uğrunda savaşda iştirak edərək Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının alınmasında böyük şücaət göstərir. Döyüşlər zamanı düşməni məhv edən Fariz iki erməni zabitini əsir götürür, iki texnikasını qənimət kimi əldə edir. Düşmənlə mübarizədə böyük qəhrəmanlıq nümunəsi göstərərək oktyabrın 27-də Xocavənd-Şuşa istiqamətində ağır döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlir.

Farizin Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Cənab Prezidentin Sərəncamı ilə Fariz Şıxəliyev ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” medalı ilə təltif edilib. Prezident İlham Əliyevin digər Sərəncamı ilə  Fariz Şıxəliyev ölümündən sonra Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Ailədə üç övladdan ikincisi olan Fariz uşaqlığında şən, çevik biri olub. Elə o zamanlardan sadəliyi, mərdliyilə seçilib. Heç kimi incitməz, xaraktercə şən olduğu üçün hamı ilə deyib gülərdi. Onda vətənə bağlılıq, vətənsevərlik uşaq vaxtlarından yaranıb. Vətəni hər şeydən üstün tutardı.

Fariz hərbi xidməti zamanı yoldaşlarının hörmətini qazanıb, nümunəvi xidməti ilə seçilib. Erməni mənfurları tərəfindən torpaqlarımızın işğal olunması Farizdə də azğınlaşmış düşmənə qarşı nifrət hissini alovlandırmışdı. Onun ilk döyüş yolu Talış yüksəkliyi uğrunda gedən savaşdan başlayır. Qəhrəmanım bu döyüşdə düşmənə sarsıdıcı zərbə endirən igid oğullarımızla birgə erməni vəhşilərinin geri oturdulmasında şücaət göstərir. Vətən Müharibəsi başlayanda Farizin düşmənə qarşı gəzdirdiyi kin, nifrət daha da alovlanaraq onu döyüşə qədər aparır. Rəşadətli döyüş yolu keçərək ən uca zirvəni fəth edir.

Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz deyiblər. Şəhidlik elə bir zirvədir ki, onu fəth edənlər tarixdə adını qızıl hərflərlə yazdıranlardır. Fariz də nümunəvi döyüş yolu keçərək adını əbədiləşdirdi. Yaddaşlarda xoş xatirələrilə iz saldı. Bu gün onun haqqında xatirələrlə danışmaq həyat yoldaşı Fərqanə xanım üçün nə qədər çətin idisə, bir o qədər də qürurverici idi: “Çox xoşbəxt ailə idik. Gözəl insan, mehriban ailə başçısı, qayğıkeş ata. Qısa ailə həyatımız olsa da, xoş günlər yaşadıq. Bu gün Farizin yoxluğu mənə çox çətindir. Mehriban, ailəcanlı idi. Sonuncu dəfə mənimlə danışanda oğlunu mənə bir daha əmanət etdi. Dedi, əgər mənə bir şey olsa oğlumuza yaxşı bax. Onu göz bəbəyin kimi qoru. Dönə-dönə tapşırdı ki, onu qorxmaz, mərd, cəsur böyüt. Oğlumuzu əsl qəhrəman kimi tərbiyə edəcəyinə güvənirəm”. Beləcə, şəhidimiz doğma balasını sevib-seçdiyi ömür-gün yoldaşına tapşıraraq vidalaşır Fərqanə xanımla. Mehribanlığı, səmimiyyəti, qayğıkeşliyi, cəsarəti sevdirmişdi onu hər kəsə. Böyük arzuları, saf xəyalları var idi. Lakin bütün arzulardan yüksəkdə vətəninin azadlığı və bütövlüyü dayanırdı. Fərqanə xanım deyir, işinə çox bağlı insan idi: “Vətənsevər, doğma yurduna bağlı idi. Vətənə sədaqət və sevgisini öz canından üstün tuturdu. Vətənini qalib görmək onun ən böyük arzusu idi. Bu səbəbdən də vətənin müdafiəsi naminə döyüşə qatıldı. Vətən sağ olsun – deyib, canını belə əsirgəmədi və bu yolda da şəhid oldu”.  

Bu gün Farizin ailəsində onun əmanət qoyduğu gül balası böyüyür. Dünyadan xəbərsiz atasının şəkilləri və şəxsi əşyalarına baxaraq hələki baş verənləri anlamır. Bir gün atasının vətən, torpaq uğrunda şəhadətə yüksəldiyini anlayanda onunla qürur duyacaq. Belə bir atanın övladı olması ilə fəxr edəcək.

Söhbət boyu dərin bir ah çəkən Fərqanə xanım Farizlə bağlı xatirələri yada saldıqca qəhrəmanımızın həyat yoluna yenidən bir işıq saldı. Bu işığın altında gözləri bəzən güldü, bəzən isə uzaqlara dikildi. Bu gözlərdə Farizli günlərin xoşbəxt anlarını görmək mümkün idi. Səsi titrərkən, danışa bilməyəndə belə o günlərə yol tapa bildim. Bir az gəzdim, bir az ayaq saxladım, çalışdım mən də o xoş günləri Farizlə bağlı qələmə aldığım bu kiçik yazıda asacıq da olsa işıqlandıra bilim.

Həyat çox keşməkeşlidir, bacım. Bu yolda xoşbəxtlik də var, çətin günlərin ağrısı da var. İnsan bir yolu tutub gedə bilmir. Bəzən sakit, xoşbəxt yolun yolçusu, bəzən də çətin, ağır bir yolun yolçusu olursan. Zamanla da hər iki yola öyrəşib həyatını davam etdirirsən. Sadəcə gərək çalışıb rastına çıxan hər bir yolda büdrəməyəsən, mətin olub yolunu cəsarətlə davam etdirə biləsən. Bu gün siz şəhid xanımlarının üzərinə düşən də məhz budur. Cəsarətli olun, başınızı dik tutub sizə əmanət edilən balalarınızı mərd, igid, vətənpərvər böyüdün. Bu elə, obaya, canını vətən yolunda fəda edən qəhrəman atalarına layiq tərbiyə edin. Əslində uşaqların sağlam və xoşbəxt böyüməsi üçün valideynlər çalışmalıdır. Lakin vətən naminə canını qurban edib şəhadətə yüksələn qəhrəmanlarımızın övladlarının xoşbəxt böyüməsi üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir. Çünki bu körpələr hər birimizə əmanət edilən şəhid yadigarlarıdır. Bir zaman bizə həmvətən olub indi isə vətənləşən igidlərin davamçıları...

Elnurə İSAXAN