Advertisment

Yaşadaq ki, yaşaya bilək...

Hər bir milləti tandan və onu başqa xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun adət- ənənəsi, mənəvi dəyərlər sisteminə malik olmasıdır. Milli adət-ənənələr və onun əsasında formalaşdırılan mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni simasını göstərir. Dünyada ən qədim xalqlardan olan Azərbacan da bəşər sivilzasiyasına öz töhfələrini verib. Özünün adət-ənənəsi, yüksək mədəniyyətilə diqqəti cəlb edərək öndə getməyi bacarıb. Ulu öndər Heydər Əliyev adət-ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək dəyərləndirərək demişdir: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”. “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişi bu istiqamətdə mühüm irəliləyişlərin əldə olunmasında böyük rol oynadı. Belə ki, Ümummilli Lider müstəqil dövlətin əsas dayaqlarını möhkəmləndirdi, inkişaf etdirdi, həmçinin dövlətçilik tariximizin müasir mərhələsinin təmin edilməsində mühüm addımlar atdı. Azərbaycan mədəniyyətinin, mənəvi dəyərlərimizin, adət-ənənələrimizin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsinə mühüm göstərişlər verdi. Bu yöndə hər bir azərbaycanlının qarşısında mühüm vəzifə dayandığını xüsusi vurğulayaraq deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Xalqımız əsrlər boyu dəyərlərimizə söykənib. Tarixin zaman-zaman ən ağır sınaqlarından üzü ağ çıxaraq dövlətçilik ənənələrimizin qorunub saxlanmasına nail ola bilib. Ən möhtəşəm dövrünü yaşayan Azərbaycan dövləti də əsrlər boyu formalaşan mənəvi dəyərlər üzərində bərqərar olub. Onu da qeyd etmək mütləqdir ki, zamanla tarix sübut edib ki, yüksək mədəniyyətə sahib xalq müasir dövrün yeni tələblərinə uyğun hərəkət edərək tərəqqi yolunda inamla addımlamağa qadirdir. Bu səbəbdəndir ki, mədəniyyətin inkişafı, onun layiqincə təbliğ olunması, həmçinin qorunub saxlanması və gələcək nəsillərin bütün olanlardan xəbərdar olması mühüm şərtlərdəndir.

Dövlətçilik quruculuğu ilə adət-ənənələr və mənəvi dəyərlər sistemi vəhdət təşkil edir. Yəni dövlətin gücü ən əsas adət-ənənələrin cəmiyyəti əxlaq, milli vətənpərvərlik baxımından saf təməllər üzərində tərbiyə edib düzgün istiqamətə yönəltməsindən asılıdır.

Unutmamalıyıq ki, milli-mənəvi dəyərlərimizin kökü əxlaqi saflıqdır, mənəvi təmizlikdir, halallıq, xeyirxahlıq və mərdlikdir. Milli dəyərlərimizə yaxından bələd olub ona hər zaman böyük üstülük verən ulu öndər Heydər Əliyev xarici səfərləri zamanı soydaşlarımızla görüşərkən də harada yaşamalarından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiq olmalarını tövsiyə edir, xalqımızın adət-ənənələrini yaşatmalarını söyləyirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

Bəli, ulu öndər xalqımızın tarixi keçmişinə, mədəni irsinə çox bağlı şəxsiyyət olub. Bu səbəbdən idi ki, milli dəyərlərimizi hər zaman yüksəkdə tutur, bu mövzuda danışarkən hər bir vətəndaşa da mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmətlə yanaşmağı tövsiyə edirdi: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.

Bu gün də mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu istiqamətdə apardıqları siyasət təqdirəlayiqdir.

Dünyaya inteqrasiya olunduğumuz bir zamanda ölkəmiz öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə heyrətləndirməyi bacarıb. Bu, əlbəttə ölkəmizin bu istiqamətdə zənginliyinin göstəricisidir. Təbii ki, heyrətamiz dəyərlərimizin əsasında bir çox faktorlar dayanır. Bunlar da tarixi köklərimizi, mədəniyyətimizi özündə əks etdirən faktorlardır.

Dövlət başçısının imzaladığı sərəncamlar və bunun əsasında görülən tədbirlər deyilənləri bir daha təsdiqləyir. Mənəvi dyərlərimizin, mədəniyətimizin, adət-ənənələrimizin təbliği istiqamətində görülən tədbirlər sırasında cənab Prezidentin sərəncamı ilə Bakıda yaradılan Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi, həmçinin regionlarda yeni muzey və digər mədəniyyət mərkəzlərinin yaradılması təqdirəlayiq addımlardır. Milli-mənəvi dəyərlərimizin inkişafında öz töhfələrini verən Azərbaycanın görkəmli ziyalılarının yubiley mərasimlərinin keçirilməsi, onlara yüksək dəyər verilərək fəxri ad və mükafatlarla təltif edilmələri deyilənlərin bariz nümunəsidir.

Mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən tədbirlər sırasında Gəncə şəhərinin “Azərbaycanın əfsanələr paytaxtı”, Şəki şəhərinin “Azərbaycanın sənətkarlıq paytaxtı” və Qazax şəhərinin “Azərbaycanın folklor paytaxtı” elan edilməsi, həmçinin bu şəhərlərdə respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların, festivalların və digər tədbirlərin təşkili önəmli rol oynayır. Eyni zamanda Azərbaycanın mənəvi inciləri sayılan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhər Dövlət Tarix-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəni irs” siyahısında olması, eyni zamanda Aşıq sənəti, Azərbaycan xalçası, Novruz bayramı və tar ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması da mənəvi dəyərlərimizin təbliğində mühüm rola malikdir. Bundan başqa, Azərbaycanın çövkən oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması da ölkəmizə məxsus olan qeyri-maddi irsinin növbəti uğuru idi.

Milli-mənəvi dəyərlərimizi özündə yaşadan Azərbaycan Kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilməsi Azərbaycanın birinci vitse Prezidenti Mehriban Əliyevanın mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələrin məntiqi nəticəsi idi. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Fondun bu istiqamətdə gördüyü tədbirlər təqdirəlayiqdir. Məhz bu tədbirlər nəticəsində Azərbaycanın mənəvi dəyərləri, mədəniyyəti, adət-ənənələri dünyada geniş təbliğ olunur, tanınır.

Heydər Əliyev Fondunun mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliği istiqamətində nəşr etdiyi kitablar da diqqətçəkən məqamlardandır. Bu kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və digər mövzularda məlumatlar yer alıb. Onu da qeyd edək ki, Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə belə bir yöndə yanaşma gənclərdə mənəvi dəyərlərimizə hörmət hissini daha da yüksəldir.

Milli-mənəvi dəyərlərimizdən, mənəviyyatımızdan danışarkən, mütləq ana dilimizi də unutmamalıyıq. Milli birliyimizi və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir vətəndaşımızın qarşısında dayanan mühüm vəzifədir. Azərbaycan dilini əzəmətli edən günlərdən biri də 1 avqust – Azərbayan dili və Ədəbiyyatı günüdür. Xatırladaq ki, çox az dilin özünəməxsus qeyd günü vardır ki, Azərbaycan dili bu mənada xüsusiliyilə seçilir. Xalqın dilinin dövlət statusu alması isə dövlətçilik tariximizin qızıl səhifələrindəndir.

Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində mühüm işlər görülür. Bütün bunların bir məqsədi var. Dəyərlərimizi qorumaq, ona hörmətlə yanaşmaq. Tarixi keçmişimizi, kimliyimizi, adət-ənənələrimizi özündə əks etdirən dəyərlərimizə sahib çıxıb həyatımızı bu dəyərlər əsasında davam etdirmək bizi daha da ucaldacaq. Qarşımızda dayanan ən ümdə vəzifə isə yetişən nəsli bu ruhda tərbiyə edib, dəyərlərimizi bundan sonra da layiqincə yaşatmaqdır.

Yaşadaq ki, yaşaya bilək...

Elnurə İSAXAN