Advertisment

Adət-ənənələrimiz ən qiymətli sərvətimizdir

Hər bir xalqın mövcudluğunda əsas göstərici onun milli-mənəvi dəyərləri, adət-ənənələridir ki, bu da ən qiymətli sərvətlərimizdəndir. Milləti tanıdan, onu ucaldan, var edən məhz dəyərlərimiz, adət-ənənələrimizdir. Tarixi araşdırmalarda göstərilir ki, 5 minillik dövlətçilik tarixinə malik Azərbaycan zaman-zaman dövlətçilik ənənələrinə bağlı bir xalq olub. Məhz elə bu təməllər üzərində bu gün sahib olduğumuz milli-mənəvi dəyərlərimiz formalaşıb. Və bu da nəsildən-nəsilə ötürülərək bu günümüzə qədər gəlib çıxıb. "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda bu həftə mən fikirlərimi "Hərbi And" oxucuları ilə bölüşəcəm.

Fəxrlə qeyd edə bilərik ki, xalqımız uzun əsrlərə söykənən adət-ənənələri, mənəvi dəyərləri ilə tanınaraq dünya xalqları arasında özünəməxsus yer alıb. Xatırladaq ki, daim dünya sivilizasiya xəzinəsinə öz töhfələrini verən Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında ev sahibliyi edərkən də milli-mənəvi dəyərlərinə, tarixi-mədəni irsinə bağlılığı əsas yer tutub. Ulu öndər Heydər Əliyev daim gənclərimizi öz mənəvi dəyərlərinə bağlı ruhda tərbiyə edilməsini əsas tutaraq deyirdi ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı,  tariximizi, ana dilimizi bilməli və qorumalıdır. 

Hər bir insan dünyaya gəldiyi andan öz adət-ənənələri ilə qarşılaşaraq bu ruhda tərbiyə alır, böyüyür. Sahib olduğumuz dəyərlər bizi saflaşdırır, getdikcə mənəviyyatımızı gözəlləşdirərək vətənpərvər bir gənc olaraq yetişməyimizdə mühüm rol oynayır. İllər keçdikcə adət-ənənələrimiz də müasirləşərək yeniliklərlə əvəz olunsa da xalqımız öz qədimliyini də qoruyub saxlayır. Lakin bununla yanaşı, hər dövrə uyğun mənəvi dəyərlər formalaşır. Burda bir məqamı da xüsusi qeyd etmək mütləqdir ki, adət-ənənələr, mənəvi dəyərlər daim insan münasibətlərində tənzimləyici və istiqamətverici rol oynayaraq hər bir insan tərəfindən gələn nəslə ötürücü vasitə olur.

Gənclərin adət-ənənələrə söykənərək milli ruhda tərbiyə almasında isə ilk növbədə, ailə cavabdehdir. Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Bu baxımdan ailə sağlam təməl üzərində qurulmalıdır ki, orada dünyaya gələn hər bir körpə mənəvi dəyərlərimizə, adət-ənənələrimizə bağlı biri kimi yetişsin. Aildə hər kəsin bir-birinə qarşılıqlı məhəbbəti, səmimiyyəti, qarşılıqlı hörmət və ehtiramı, valideynlərin övladlarının parlaq gələcəyi naminə çalışmaları, övladın valideyni hörmətli tutması mənəviyyatımızın əsasını təşkil edən amildir. Bir sözlə, mənəvi aləmimizin qorunmasında dədə-babalarımıza xas xüsusiyyətlərin ehtiram göstərilərək gözlənilməsi mühüm şərtlərdəndir. Bu yerdə bir sıra məqamlar da mövcuddur ki, mənəvi dəyərlərimizdə mütləq şəkildə öz sözünü deyir. Təbii ki, bura geyim tərzimiz, milli mətbəximiz, folklor nümunələrimiz və digərləri daxildir. Adət-ənənələrimizi özündə yaşadan geyim tərzimiz bu gün də bir sıra məqamlarda özünü göstərir. Bu isə xalqımızı gözəllik, mədəniyyət baxımından daha da nümunəvi edir. Həmçinin milli mətbəximiz də mənəvi aləmimizi saflaşdıran, gözəlləşdirən amillərdəndir. Əslində öz çeşid müxtəlifliyilə gələn qonaqları heyran edən mətbəximiz adət-ənənələrimizin yaşadılmasında mühüm rol oynayıb. Yəni istənilən halda ailə adət-ənənələrin yaşadılmasında, daha da yaxşı inkişaf etməsində aparıcı rol oynayan önəmli vasitədir. Bu gün Azərbaycan ailəsində əsrlərdən bu günə qədər gəlib çıxan bir sıra ailə dəyərləri var ki, bunu bir çox xalqlarda görmək mümkün deyil. Azərbaycan ailəsinin tərbiyəsində, mədəniyyətində bu adət-ənənələr müsbət məqamlardandır. Valideynlər övladlarını vətənə məhəbbət, xalqına, elinə, obasına hörmət, ata-babalarının adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına hər zaman məsuliyyətlə yanaşaraq buna həyati əhəmiyyətli məsələ kimi yanaşmışlar. Böyüyə hörmət dədə-babalardan miras qalmış böyük xəzinədir. Ailələrin üzərinə düşən məsuliyyət isə bu xəzinəni qorumaqdır. Təbii ki, böyüyə göstərilən hörmət və ehtiram, qayğı elə özümüzə verdiyimiz dəyərdir.

Milli dəyərlərimiz arasında azərbaycanlılara xas olan müsbət keyfiyyətlərdən biri də qonaqpəvərlikdir. Qonağa hörmət, gülərüzlə qarşılanması, qonağın şəninə ən gözəl nemətlərlə bəzədilmiş süfrələr xalqımızı dünyanın qonaqpərvər xalqı kimi şöhrətləndirib. Adət-ənənələrə görə, ev yiyəsi ən gözəl otağını qonaq üçün ayırar,ona yaxşı, xoş münasibət göstərər. Belə bir ruhda tərbiyə alan hər bir gəncdə ətrafına münasibətdə, cəmiyyətdə özünü təqdim etməsində heç vaxt çətinlik olmayıb, əksinə belə gənclər istər ailəsini, istərsə də ölkəsini layiqincə təmsil etməyi bacarıb.

Beləcə, adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin, tarixi kökə malik olmasından xəbər verir. Bu adət-ənənələrin ən gözəl qoruyucusu və nəsildən-nəsilə ötürücüsü isə ailələrimizdir. Bu səbəbdən də ailələrimizin sağlam olması mühüm şərtlərdəndir.

Sağlam ailədən cəmiyyətə addım atan gənci növbəti mərhələdə məktəb qarşılayır. Artıq təhsil ocaqları da bu mənada məsuliyyət daşıyır. Şagirdlərin vətənsevər, vətənpərvər, öz adət-ənənəsinə, mənəvi dəyərlərimizə bağlı ruhda tərbiyə alıb böyüməsində bir başa orta məktəblər də məsuliyyət daşıyır. Prezident İlham Əliyev dərs ilinin başlanması münasibətilə müraciətində  bu istiqamətdə tövsiyələrini bildirərək demişdir: “Bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər”.

Milli adət-ənənələrimizi özündə əks etdirən amillər sırasında milli bayramlarımız da özünəməxsusluğu ilə diqqəti çəkir. Platona görə, bayramlar dövlətin sabitliyi hesab olunaraq qeyd edir ki, tərbiyə işində buraxılan qüsurları bayramlar vasitəsilə düzəltmək mümkündür. Əslində bu fikirlə razılaşmaq lazımdır ki, bayramlar həm də tərbiyəvi əhəmiyyətilə də diqqət çəkir. Milli bayramlarımızda olan adət-ənənələrin bu günə qədər gəlib çıxması və ona indiki nəsil tərəfindən də əməl edilməsi bu özü də dəyərlərimizə göstərilən ehtiramın bariz nümunəsidir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, milli varlığını, adət-ənənələrini, folklorunu, mədəniyyətini özündə əks etdirən ən gözəl milli bayramlarımızdandır. Milli-mənəvi dəyərlərin qorunmasında və inkişafında öz töhfələrini verən ulu öndər Heydər Əliyev Novruz bayramından danışarkən qeyd edirdi: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub. Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Novruz bayramının da tərbiyəvi əhəmiyyəti böyükdür. Hörmət və ehtiramı özündə əks etdirən, mənəviyyatımızı zənginləşdirən, adət-ənənələrimizi yaşadan bu bayram mehribançılıq, səmimiyyət, əxlaqi gözəllik simvoludur. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyev ən ülvi və saf duyğuların yer aldığı bu bayramı yüksək dəyərləndirir: “Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mənəvi dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır. Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbidən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”.

Bəli, bütün bunlar dövlətimizin mənəvi dəyərlərimizə, adət-ənənələrimizə yüksək ehtiramın nəticəsidir. Azərbaycan xalqı da mənəvi dəyərlərimizi, adət-ənənələrimizi geniş miqyasda təbliğ etmək, qorumaq və gələcək nəsillərə ötürmək üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməli və bu şərəfli işi ləyaqətlə davam etdirməlidir.

Elnurə İSAXAN