Advertisment

Ümummilli Lider Heydər Əliyev: “Bizim üçün bir tarixi amil - Azərbaycançılıq ideologiyası var”

Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq ideasının iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq məqsədi bir sıra elmlərin nəticələrindən istifadə etməklə Azərbaycan və azərbaycanlılar haqqında elmi təsəvvür yaratmaq və onun dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir. Bu istiqamətdə ulu öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasəti tariximizin silinməz şanlı səhifələrinə və dövlətçilik ideologiyasının əsas bazasına çevrilmişdir. Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər. “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçmişdir.

Hər birimizə məlumdur ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik və azərbaycançılıq ideyalarının yüksəldilməsi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. Belə ki, keçmiş SSRİ-nin süquta uğramasından sonra respublikamız 1991-ci ildə müstəqillik yoluna qədəm qoydu və bununla da Azərbaycan tarixində yeni bir səhifə açıldı. Ancaq müstəqilliyin ilk illərində Azərbaycan xarici təcavüzün dəf edilməsi, daxili siyasi kontekstin sabitləşdirilməsi, cəmiyyətin tam xaos və vətəndaş müharibəsinə sürüklənməsinin qarşısının alınması, minimum həyat qabiliyyətinə malik iqtisadiyyatın yaradılması və dövlət quruculuğunun digər zəruri vəzifələrinin öhdəsindən gəlməyə müvəffəq ola bilmədi. Digər tərəfdən, müstəqillik illərində Azərbaycanda kommunist mənəvi-əxlaqi qaydaları məhv olsa da, sovet dövlətçiliyi, inzibati idarəetmə, iqtisadi sistem, həmçinin kommunist mədəni-mənəvi və ideoloji dəyərlər sistemi dağılsa da, onların qalıqları respublikamızda müəyyən fəsadlar yaratmaqda idi. Ona görə də sürətli iqtisadi inkişafa nail olmaq, həmçinin dövlətçiliyimizi, müstəqilliyimizi və suverenliyimizi qoruyub saxlamaq üçün Azərbaycançılıq ideologiyasının təşəkkülünə ehtiyac yarandı.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, onun siyasi və iqtisadi əsaslarını yaratmaq, həmçinin Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan Azərbaycançılığın irəli sürülməsi əsas şərtə çevrildi. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. 

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.

Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümummilli Lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.

Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət ayaqda dura bilməz.

Aytən NAZİMQIZI