Advertisment

Cəsur kəşfiyyatçı

Bu yaxınlarda atamın məzarını ziyarət etmək üçün Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlığa getmişdim. Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu yerdən keçəndə şəhid məzarı başında dayanıb için-için ağlayan ana qəlbimi kövrəltdi. Yaxınlaşsam da, oğul həsrətilə alışıb yanan anaya təsəlli verəcək bir söz deyə bilmədim. Çox çətin idi. Oğul həsrəti, oğul dərdi bütün gücünü, qüvvətini əlindən almışdı ananın. Bir müddət səssiz dayanıb başdaşı üzərinə qoyulan şəklə baxdım. Baxdıqca ananın iztirablarını, ağrısını, acısını, dərdini daha yaxından anladım... “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Həyat nə qəribədir. İsti nəfəsindən doya bilmədiyin, bütün arzularını onunla gerçəkləşdirdiyin, onunla nəfəs alıb, ondan güc aldığın canın, döyünən ürəyin olan övladın daha səninlə deyil. İndi onu yalnız soyuq məzar başında ziyarət edə bilirsən. Bunları düşündükcə nə edəcəyini belə anlamaq mümkün deyil. Lakin bu qədər ağır dərdin içində bir təsəlli var. O da şəhid qardaşımızın qəhrəmanlığı, vətənpərvərliyi, cəsurluğu. Bəli, haqqında söhbət açdığım igid döyüşçümüz Coşqun Orucov mərdliyi, qorxmazlığı, cəsarəti ilə hər kəsin qəlbində xoş iz qoyub getdi. İstədim cəsur döyüşçümüz haqqında xatirələrini onun doğmaları ilə bölüşüm. Göz yaşlarını saxlaya bilməyən ananın nə danışmağa taqəti, nə də sanki deyəcək sözü qalmışdı. Sonra söhbət edərik deyib telefon nömrəsini aldım. Onlarla əlaqə saxlayanda qəhrəman şəhidimizin bacısı Röya Orucova qardaşı ilə bağlı xoş xatirələrindən danışdı. Deyir, qardaşım cəsur, qorxmaz, vətənpərvər insan idi: “Uşaqlıqdan hər zaman başqalarından seçilərdi. Mənim əsl müdafiəçim idi. Bu gün qardaşımın yoxluğu mənim üçün ən ağır itkidir. Artıq neçə müddətdir, qardaşım bizimlə deyil. Keçən hər an, hər dəqiqə bizə çətindir. Evimizdə elə bir məqam olmur ki, bizə qardaşımı xatırlatmasın. Yada saldıqca nə anam, nə də atam qardaşımın yoxluğuna dözə bilmir. Onun yoxluğuna hələ də inana bilmirəm. Elə bilirəm, qapı açılacaq qardaşım içəri girəcək”.

Qəhrəman şəhidimizin anası Fərqanə xanım üçün övladı haqqında danışmaq çox ağırdır. Onun bu halını gördükcə sual verməyə də çətinlik çəkirdim. Gözlərini uzaqlara dikib asta-asta söhbətə başladı. Coşqunun uşaqlığını şirin xatirələrlə yada salmağa çalışdı. Deyir, oğlum çox zəhmətkeş idi: “Vətənini, millətini sevən qeyrətli, vətənpərvər, igid oğul olub. Düşmənə o qədər kini, nifrəti var idi ki, müharibə başlayanda döyüşə bir an da olsun düşünmədən qatıldı. Hər zaman ön sıralarda vuruşub. Qorxmaz, cəsur oğul idi Coşqun”. Danışdıqca göz yaşlarını saxlaya bilmədiyindən Fərqanə xanımla söhbətimiz yarımçıq qaldı.

Söhbətimi yenidən baçısı ilə davam etdirdim. Qəhrəman döyüşçümüz adı kimi özü də coşqun, vətənsevər, uşaqlığından vətəninə bağlı bir oğul olub. Hələ kiçik yaşlarından hər şeylə maraqlanıb, vətənimiz haqqında ətraflı məlumatlar əldə etməyə çalışıb. Coşqun 2001-ci il yanvarın 28-də Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. 2007-ci ildə atasının işi ilə əlaqədar ailə Bakıya köçməli olur. Bundan sonra Coşqun təhsilinə paytaxtda 315 saylı tam orta məktəbdə başlayır. Məktəbə getdiyi ilk vaxtlardan Azərbaycan Ordusu ilə bağlı yaradılan guşə Coşqunun diqqətini çəkib. Hər dəfə guşənin qarşısında dayanıb özünü hərbi formada təsəvvür edirmiş. Bacısı deyir, formaya o qədər hörməti var idi ki, bu səbəbdən də hərbçi olmağı düşünürdü.

Doqquzuncu sinfi bitirəndə artıq qərarında qəti dayanaraq valideynlərindən xəbərsiz sənədlərinin müəyyən hissəsini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə təqdim etmək üçün hazırlayır. Lakin valideynləri Coşqunun bu qərarını biləndə məsafənin uzaqlığını bəhanə edib onu bu fikirdən yayındıraraq arzusunun gerçəkləşməsinə mane olurlar. Amma buna baxmayaraq, Coşqunu hərbçi olmaq fikrindən döndərə bilmirlər. Coşqun Orucov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Naxçıvanda yerləşən “N” saylı hərbi hissədə qəhrəmanım hərbi xidmətə başlayır. 2019-cu ilin noyabr ayında məzuniyyətə gələn qəhrəmanım ailəsinə hərbçi olacağını və bu formanı bir daha əynindən çıxarmayacağı fikrini söyləyir. Ailə onun bu qərarının qəti olduğunu görüb etiraz edə bilmir. Beləcə, Coşqun xidmətini uğurla başa vurur və sözünün üstündə möhkəm dayanaraq Naxçıvanda müddətdən artıq hərbi xidmət qulluqçusu – kəşfiyyatçı snayper kimi fəaliyyətə başlayır. Bacısı deyir ki, Coşqun o qədər hərb peşəsinə bağlı idi ki, öz işinə məsuliyyətlə yanaşırdı, xidmətində dəqiqliyi sevirdi. Bu səbəbdən də xidmət etdiyi hərbi hissədə hörmət qazanmışdı.

Ötən ilin sentyabr ayında başlayan Vətən müharibəsində Coşqun Orucov da əsl vətənin müdafiəçisi kimi döyüşlərə qatılır. Naxçıvandan döyüş bölgəsinə gətirilən xüsusi təyinatlıların bir bölməsilə oktyabrın 16-da Xocavənd rayonu ərazisində hərbi əməliyyatlara qoşulur. Qəhrəmanlıqla vuruşaraq Şuşa istiqamətindəki döyüşlərə qədər iştirak edir.

Coşqun işini dəqiq yerinə yetirən əsl kəşfiyyatçı idi. Atası Oruc Orucov deyir ki, oğlum hər işdə olduğu kimi döyüşlərdə də dəqiqliyi sevirdi. Üzərinə düşən vəzifənin öhdəsindən sonadək layiqlə gəlməyi bacarıb: “Hərdən axşamlar evə zəng edirdi. Hər zəngində bizimlə qısa danışırdı. Deyirdi, məndən narahat olmayın, hər şey yaxşıdır, biz irəliləyirik. Darıxmayın, yaxınlarda xoş xəbərlər eşidəcəksiniz. Biz qələbə qazanacağıq”.

Oktyabrın 25-də Coşqunun təmsil olunduğu kəşfiyyat heyəti uğurlu əməliyyat keçirərək mühüm irəliləyişə nail olur. Mənfur düşmən onlar üçün mühüm əhəmiyyət kəsb edən bir mövqelərini itirməli olur. Qəhrəman döyüşçülərimizin göstərdikləri şücaət nəticəsində baş tacımız olan Şuşaya gedən yolda bir maneə də aradan qaldırılır. Lakin çox təəssüflər ki, bu, Coşqunun sonuncu döyüşü olur. Qəhrəman döyüşçümüzün bütün arzuları, istəkləri yarım qalır. Əfsuslar olsun ki, düşmənə ən ağır zərbələrini endirən igidimizin ömür yolu bununla tamamlanır.

Döyüş yoldaşı Kərim Məmmədovun dediyinə görə, Coşqun çox münasib bir mövqe tutaraq düşmən əsgərini məhv edirdi. Lakin eyni mövqedə döyüşü davam etdirmək təhlükəli idi. Çünki bununla artıq özü də hədəfə çevrilirdi. Qrupun komandiri Coşqunu bununla bağlı xəbərdar edəndə o, çox qısa möhlət istəyərək daha biri qaldığını deyir: “Beşini zərərsizləşdirmişəm, biri qalıb, onu da aşırmalıyam, hədəfdən yayınacaq”. Elə bu sözləri yenicə deyib qurtarır ki, cəsur döyüşçümüz düşmən mərmisinə tuş gəlir və şəhid olur. Ölümün gözünə dik baxmağı bacaran Coşqun Orucov ona edilən xəbərdarlığa baxmayaraq işini yarımçıq qoymaq istəməyib. Bu, onun cəsarətindən, qorxmazlığından irəli gəlib. Son damla qanınadək vuruşmağı qarşısına məqsəd qoyan qəhrəmanımız bu sözünə də axıra qədər əməl edir.

Onu da qeyd edək ki, qəhrəmanımız ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətə görə” medalı ilə təltif edilib.

Bu gün qəhrəman oğullarımızın itkisilə nəinki ailəsi, Azərbaycan xalqı barışa bilmir. Onların yoxluğu hər kəsin qəlbində dərin bir yara açıb. Bu yolda biz minlərlə mərd, vətənpərvər, cəsur oğullar itirdik. Bu gün neçə-neçə ailələrimiz igid, qəhrəman oğul həsrəti ilə yaşayır. Buna baxmayaraq, qəlbimizi ovunduran, bizi rahatlaşdıran bir təsəllimiz var. Vətənin müdafiəsinə qalxan qəhrəman oğullarımızın sayəsində xalqımız Qarabağın füsunkar gözəlliklərinə yenidən qovuşdu. Şəhidlik zirvəsini fəth edənlərin qanı yerdə qalmadı.

Şəhadətə yüksələn qəhrəmanlarımız üçün torpaq, el-oba hər zaman müqəddəs olub. Bu ruhda olan igidlərimizin qarşısında tab gətirmək isə mümkünsüzdür. Onlar üçün vətən sadəcə sözdən ibarət deyil. Onlar hər əməlində bunu sübut ediblər.

Bəli, o ordu yenilməz və güclüdür ki, onun əsgəri bir an olsun düşünmədən Vətən naminə ölümə hazırdır. Vətən müharibəsində biz bunun şahidi olduq. Məhz vətənpərvər, qəhrəman, cəsur oğullarımızın qorxmazlığı, mərdliyi, igidliyi sayəsində biz qələbəni əldə etdik. “Canım Sənə Fəda” - deyib döyüşə atılan oğullarımız düşmənə layiq olduğu cavabı verərək doğma torpaqları azadlığa qovuşdurdu. Bu yolda şəhadətə yüksəlib əbədiyyətə qovuşan oğullarımız, ruhunuz şad olsun...

Elnurə İSAXAN