Advertisment

Ulu Öndər Azərbaycanda vətənpərvər gəncliyin banisidir

“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Ümummilli Lider Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük, əvəzedilməz xidmətləri olub. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

         Bu gün ölkəmizdə hər bir sahədə – hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Ulu Öndər hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşünürdü. Ümummilli Lider düşünürdü ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Bildiyimiz kimi, SSRİ dönəmində hələ Ulu Öndər hakimiyyətə gəlməzdən öncə Azərbaycan gəncləri heç bir perspektivli vəzifələrdə, işlərdə, sahələrdə təmsil olunmurdular. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gələndən sonra yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başladı.

         Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Həmin dövrdə 15000-dən artıq azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərildi. 1982-1985-ci illər ərzində bu say 3500-ə qədər çatmışdı. Ölkə daxilində də gənc nəslin yetişdirilməsi istiqamətində işlər ən yüksək şəkildə davam etdirilirdi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi. Dövlət başçısı fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltdi. 

         Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

         Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.

1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə bildirib: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

         Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Ümummilli Liderimiz hər zaman gənclərimizi önəmsəyir və onları yüksək qiymətləndirirdi: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

         2 Mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Prezident Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.

         Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur və ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

         Aytən NAZİMQIZI