Advertisment

Ümummilli lider Heydər Əliyev: “Gənclər bizim gələcəyimizdir”

Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri də məhz mərhum prezident Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Onun tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Bu məsələ diqqət mərkəzində saxlanılır, çünki uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. İstənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsili də önəmli yer tutur. Digər tərəfdən bunlar bir-biri ilə mütləq uzlaşmalıdır. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Dövlət başçısının söylədiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri ölkədə həyata keçirilən yüksək siyasətin əsasını təşkil edir. Bu gün ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, uşaqların mənəvi inkişafı ölkəmizin əsas prioritetlərindən biridir. Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür. 

Ölkəmizdə uşaqların qorunması, onların fiziki və mənəvi inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqlarla bağlı çoxsaylı layihələr həyata keçirilib. Uşaqlar üçün ən böyük məsələlərdən biri yaxşı təhsil almaq hüququdur. Bunun təmin edilməsi üçün Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər tikilərək istifadəyə verilib. Bununla da on minlərlə şagirdin yaxşı təhsil almaq hüququ reallaşmış olub. Bundan başqa fond tərəfindən bağçalar, körpələr və uşaq evləri yenidən təmir edilib. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə valideyn himayəsindən məhrum olan, talassemiya və hemofiliya, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı mühüm addımlar atılır. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çoxlu sayda tibb ocaqları, uşaq müalicə-profilaktika müəssisələri yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub.

Bu cür tədbirlərin vaxtında görülməsi təbii olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa məhəbbət və sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun, vətənin maraqlarının müdafiəsinə aid Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunları düzgün yerinə yetirmələrinə çox yaxşı hazırlıqdır. Uşaq və gənclərdə təlim-tərbiyənin bu cəhələri, onların eyni zamanda şəxsiyyət kimi formalaşmasına, dünya görüşünün inkişafına, sosial fəallığının yüksəlməsinə yaxşı təsir edir. Biz bunun  ən bariz  nümunəsini 44 günlük Vətən savaşında gördük. Həmin müharibədə  gənclərin iştirakına ən dolğun qiyməti Prezident İlham Əliyev verib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində bunları  deyib: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq”.

Bundan başqa, gənc nəslin hərtərəfli inkişafında fiziki tərbiyənin vacib rolunun olduğunu vurğulamaq lazımdır. Fiziki tərbiyənin təməlləri ailədə qoyulur. Belə ki, bəzi valideynlər övladlarının fiziki tərbiyəsi ilə heç maraqlanmır, bəziləri isə onları hansısa idman bölməsinə yazdırmaqla öz üzərilərinə düşən vəzifənin bitdiyini hesab edirlər. Əslində isə, dünyaya yeni gələn körpənin ilk gündən sağlamlığı onun fiziki tərbiyəsinin düzgün təşkili ilə birbaşa bağlıdır. Övladlarının sağlam gələcəyini təmin etmələri üçün, valideynlər onların yaş dövrlərinə uyğun inkişaf mərhələlərini və bu zaman lazım olan prosedurları bilməlidirlər. Amma təkcə idmanla iş bitmir. Evdə və ətrafda da insanlar dəstəklərini əsirgəməməlidirlər. Mənəvi dəstək, ilk növbədə, ailədən gəlməlidir. 

Ailədə psixoloji və mənəvi dəstəkdən məhrum olan uşaqlar müəyyən asılılığa düçar ola bilirlər. Bu gün cəmiyyətimizin əsas problemlərindən biri gənclərlə yanaşı uşaqların da internetdən asılı olmasıdır. Normadan artıq internetdə vaxt keçirən uşaqda həm fiziki, həm psixoloji problemlərin fəsadları özünü sonradan göstərir. Ümumiyyətlə, adətən, ailəsi ilə az zaman keçirən uşaqlarda bu cür asılılıqlar daha çox müşahidə olunmaqdadır. Düşünürəm ki, bu məsələdə bəzən valideynlərin də məsuliyyətsizliyi olur. Çox zaman uşaqların başını qatmaq, onları sakitləşdirmək üçün telefon, planşet kimi zərərli texnikanı onlara məhz valideynlər ötürür. Bu, ilk növbədə uşaqların sağlamlığına zərərdir, çünki ağır şüalanma o yaşdakı uşaqlara daha çox təsir edir. Bundan əlavə isə, uşaqlarda psixoloji asılılıq yaradır. Buna görə də valideynlər maksimum dərəcədə diqqətli və ehtiyatlı olmalıdırlar.

Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasında cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi dayanır. Bu gün biz əminliklə deyə bilərik ki, uşaqlar və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Bütün bu görülən tədbirlər uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlib.

Beləliklə, gənc nəslə həssaslıqla, diqqət və qayğıyla yanaşan dövlət başçısı “Uşaqlar cəmiyyətimizin sabahıdır, onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün onlara zəruri şəraitin yaradılması bizim əsas məqsədimizdir” deyərək, hər zaman bunu xüsusi vurğulayır. Həmçinin “Uşaq və gənclərin yetənəkli şəxsiyyət və layiqli ölkə vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətlərini təşkil edir” deyən dövlət başçısı uşaq və gənclərin milli dəyərlərlə uyğun şəkildə tərbiyə edilməsini daim nəzərdə saxlayır.

Aytən NAZİMQIZI