Advertisment
  • MEDİA LAYİHƏLƏRİ
  • 10-12-2021 14:26

Azərbaycançılıq ideyası Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları, etnik qrupları birləşdirən dəyərdir

Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ehtiva edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Yəni bu ideyanın yaranması və formalaşmasının tarixi əvvəllərə dayanır. Tarixin vərəqlərini səhifələsək, görərik ki, Azərbaycançılıq ideologiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və bir əsr ərzində davamlı təkamül yolu keçib. XIX əsrin əvvəllərində güclənən milli dirçəliş proses bədii fikirdə və bədii söz sənətində Seyid Əzim Şirvanini, Mirzə Fətəli Axundovu, Qasım bəy Zakiri, Həsən bəy Zərdabini, Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Cəlil Məmmədquluzadəni, Məhəmməd Əmin Rəsulzadəni meydana gətirdi. Onların hər biri bu ideyanın inkişafında, təkamülündə, formalaşmasında çox ciddi rol oynadılar.

Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması isə məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.

Azərbaycançılıq ideyasının həm ölkədə, həm də ölkədən kənarda yaşayan vətəndaşlar arasında geniş təbliğ olunması olduqca vacib ideoloji prosesdir. Bu ideologiya Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Ona görə də bu istiqamətdə güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət ayaqda dura bilməz. Heç bir ölkə vahid ideyası olmadan uzun və davamlı tərəqqi yoluna qədəm qoya bilməz. 

Bu gün dünyada dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq, birgəyaşayış, multikulturalizm kimi ülvi dəyərlər Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Müstəqil Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin banisi Ulu Öndər Heydər Əliyev daim mötəbər tribunalarda Azərbaycan Respublikasının çoxmillətli dövlət olduğunu, ölkəmizdə müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da sülh və əmin-amanlıq şəraitində yaşadığını, Azərbaycanın öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq imkanları verdiyini fəxrlə vurğulayıb. 

Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. Ulu Öndərimizin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını da həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimi - Azərbaycançılıq ideologiyasını da yaratdı.

Ulu öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. 

Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Heydər Əliyev inamla bunları bildirdi: “Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Aytən NAZİMQIZI



Oxşar xəbərlər