Advertisment
  • MEDİA LAYİHƏLƏRİ
  • 17-12-2021 14:35

Hər birimiz azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməliyik

“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə       fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Ümummilli Lider Heydər ƏLİYEV

Azərbaycançılıq ideologiyasının tarixi kökləri xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsinin tarixi ilə səsləşsə də, əslində, müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanımızın memarı, qurucusu, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tarixi şəxsiyyətlər təkcə tarix yaratmır, eyni zamanda, tarixin səmtini, xalqın sabahlarını müəyyənləşdirməyi bacarır. Ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən idi.

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda çoxdankı istiqlal arzusunu yenidən gerçəkləşdirdi. Lakin müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”. Bu illər ərzində Azərbaycanın keçdiyi yolun təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya o dövrdə möhkəm iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın böyük dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs başçılıq edə bilərdi və belə də oldu. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda Ümummilli Lider mövqeyinə yüksələ bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.

“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən ulu öndər Heydər Əliyev çağdaş dövlətçilik, azərbaycançılıq ideologiyasının müəllifi kimi yalnız Azərbaycan vətəndaşlarını deyil, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirdi, xalqımızın Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsinə, milli həmrəyliyə nail olmasına müvəffəq oldu. Onun rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır. Bu siyasi kursun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildi. 

Ümummilli lider Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi dövlət siyasəti Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratdı. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutan, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalan, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Ulu Öndərin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqram idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınan Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində dahi şəxsiyyətin əməli fəaliyyətinin və ideya-siyasi baxışlarının çox böyük rolu olub.

Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, “Milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır”. Azərbaycançılıq ideyasının tarixi son iki yüz ili əhatə edir. XIX əsrin milli maarifçilik hərəkatı nümayəndələrinə qədər “azərbaycançılıq” ifadəsi əsasən “vətənpərvərlik”, “vətənsevərlik” anlamında işlədilirdi, onun milli səfərbəredici və içtimai praktiki təsiri isə çox aşağı idi. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.

Həmin dövrdə azərbaycançılıqla bağlı müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni kitab və məqalələrin yazılması, milli şüurun, ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də, nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı. Ümummilli Lider qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. 

Heydər Əliyevin dövlətçilik təlimi - azərbaycançılıq ideologiyası, ilk növbədə, bütün ölkə vətəndaşlarından Azərbaycanın dövlətçilik maraqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə, dövlət dilinə həqiqi sevgi və qayğı tələb edirdi. Sonrakı illərdə, xüsusən də 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya tamamilə yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı. 

Bu gün Ulu Öndərin siyasi xəttini ardıcıl olaraq davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rasional, uzaqgörən və praqmatik siyasəti, cəsarətli addımları, üçlü liderlik keyfiyyətləri və yorulmaz gündəlik əməyi sayəsində Azərbaycan dövləti Ulu Öndərin müəyyənləşdirdiyi strateji vəzifələrin öhdəsindən uğurla gəlir və gələcəyə doğru inamla irəliləyir.

Aytən NAZİMQIZI



Oxşar xəbərlər