Advertisment

Hər birimiz azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməliyik

“Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

 İlham ƏLİYEV

Azərbaycanda qədim dövrlərdən başlayaraq bugünümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Ümumiyyətlə dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz millətini, xalqını, vətənini sevməli, milli mənsubiyyətinə görə hər zaman qürur hissi keçirməlidir. Vətənə, millətə, azərbaycançılıq ideologiyasına sevgi öncə ailədən başlamalı, daha sonra isə təhsil müəssisələrində, cəmiyyətdə təbliğ olunmalıdır. Hər bir azərbaycanlı Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşatmalı, azərbaycançılıq ideyasının təbliğində öz zəhmətini əsirgəməməlidir.“Azərbaycançılıq ideyasının təbliği” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Azərbaycançılıq ideologiyasının mahiyyəti ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin bir fikrinə nəzər salaq. Dahi öndərimiz Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında vurğulamışdır ki, biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar, ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasının əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan daxilində hər kəs Azərbaycanın dövlətçiliyinə xidmət etməlidir. Kimsə etnik mənsubiyyətinə, dini inancına görə fərqli ola bilər. Bununla bağlı sərbəstlik var. Amma Azərbaycan vətəndaşı hər nə etsə də, ilk növbədə Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinin qüdrətlənməsinə kömək etməyə çalışmalıdır. Bu hər bir Azərbaycan vətəndaşının borcudur.

Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Dahi rəhbərin azərbaycançılıq fəaliyyətinin prinsipləri də, ümumiyyətlə, məhz bu fikirlərə əsaslanmışdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir.

Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki azərbaycançılığı realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında da bəlağət və pafosdan uzaq, səmimi və qarşılıqlı faydalı tərəfdaşlıqdan yana olduğunu daima nümayiş etdirir.

Heydər Əliyevin azərbaycançılıq təliminin təməlində, həmçinin Azərbaycan dili dayanır. Sivil dünyanın qüdrətli şəxsiyyəti çox gözəl bilirdi ki, Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası həmrəyliyin əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Bu birlik isə yalnız ana dili, Azərbaycan dili vasitəsilə reallaşa bilər. Məhz bu səbəbdən Ulu Öndər deyirdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən çox əzizdir. Çünki uzun illər müəyyən səbəblərdən ana dilimiz olan Azərbaycan dilində danışmağa həyatımızda geniş yer verə bilməmişik. Buna baxmayaraq, hər bir azərbaycanlı ana dilinin qorunub saxlanması üçün mücadilə edib. Yazıçılarımız, şairlərimiz, ədəbiyyatçılarımız Azərbaycanın ağır dönəmlərində doğma dilimizin yaşamasında böyük xidmətlər göstəriblər. Mən bu gün də böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçib. İndi baxın, bizim dilimiz nə qədər zəngin, məlahətli və şirindir. Bütün fikirləri ifadə etmək üçün dilimiz böyük söz ehtiyatına malikdir. Biz Azərbaycanda öz ana dilimizin hakim olmasını, dilimizin getdikcə inkişaf etməsini təmin etməliyik”.

Azərbaycançılıq ideologiyası xalqımızı birləşdirən əsas dəyərlərdən biri, belə desək, güc mərkəzidir. Məhz bu ideologiyanın ətrafında bütün digər mübahisəli məsələlər, siyasi əqidə və s. arxa plana düşür. Elə buna nümunə olaraq 44 günlük Vətən müharibəsini, bu dövr ərzində vahid mərkəzdə birləşməyi, azərbaycançılıq ideologiyasının hamını yumruq kimi birləşdirməsini nümunə göstərə bilərik. 44 günlük Vətən müharibəsindən öncə də, sonra da məhz bu istiqamətdə ciddi addımlar atılıb. Məsələn, Azərbaycan Ensklopediyasına təkarar baxış, tarixi torpaqlarımıza aid mühüm məsələlərə aydınlıq gəirilməsi və s. istiqamətdə ciddi işlər görülüb. Azərbaycanda ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmini, Azərbaycan vətəndaşının rifahı çox mühümdür. Bütün bunlar kiminsə istəyi ilə birdən həyata keçmir. Bu proses üçün zaman lazımdır.

Azərbaycançılıq bizim üçün cəmiyyətimizdəki dəyərlərin elə bir sistemidir ki, o, hər bir vətəndaşın həyatını ali, ümummilli və ümumbəşəri dəyərlər dünyasına qovuşdurmaq üçün sonsuz əhəmiyyətə malikdir. Milli birliyə mənsubluq hissi həyatın özünə böyük məna verərək, onun əhəmiyyətini müəyyən edir və ümumi işə məsuliyyət hissini gücləndirir. Azərbaycançılıq ideyası, məhz mərkəzdənqaçmanı önləmək, hamının bərabərhüquqlu Azərbaycan vətəndaşı olmasını təmin etmək üçün düşünülmüş birgəyaşayış modelidir. Bu modelin təşviqi, insanların özlərini millətindən, irqindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, real zəmində bərabərhüquqlu hiss edə bilsinlər deyə vacibdir. Ona görə də son illərdə Azərbaycanda bu istiqamətdə daha böyük işlər görülür və bu təqdir olunandır. Azərbaycançılıq həm də Azərbaycanı parçalamaq istəyən qüvvələrə qarşı yönələn cəmiyyətin vazkeçilməz silahıdır. Bu model durduqca, Azərbaycan cəmiyyətinin içində parçalanma meyitlərini gücləndirmək mümkün olmayacaq.

Aytən NAZİMQIZI