Advertisment
  • ŞƏRH
  • 12-01-2022 12:42

“Ermənistan sərhəddə hərbi eskalasiya yaratmaqla KTMT-ni cəlb edə biləcəyini fikirləşir” - Azər Badamov

“Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində inamlı qələbəyə imza atdı. Məhz bizim böyük qələbəmiz düşmən ordusunu məhv etməklə başa çatdı. Bu gün Ermənistanın hərbi gücü və yaxud hərbi ordusu adında vahid mərkəzdən idarə olunan bir qüvvə yox dərəcəsindədir. 44 günlük Vətən müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəli bəyanatlar imzalandı. Bu üçtərəfli bəyanatlarda müharibədən sonrakı dövrdə regionda əməkdaşlığın, sülhün bərpa olunmasına və yaranmasına xidmət edəcək addımların atılması nəzərdə tutulmuşdu”.

Bu sözləri Herbiand.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Azər Badamov qeyd edib ki, Ermənistanın baş naziri həmin bəyanata imza ataraq yeni reallığa uyğun hərəkət etməyə hazır olduğunu bildirib. Proses ölkələrarası münasibətlərin normallaşmasına, delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsi istiqamətində işlərin görülməsinə istiqamətləndiyi bir dövrdə çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər istiqamətində erməni təxribatı baş verdi:

“Bu təxribatın baş verməsini mən birbaşa Qazaxıstana KTMT-nin göndərilməsiylə bağlı hesab edirəm. Çünki, Ermənistan gördü ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ordusu Qazaxıstana göndərildi və orada qısa bir zamanda təhlükəsizlik təmin edildi. Düşünürəm ki, Ermənistan sərhəddə yenidən hərbi eskalasiya yaratmaqla KTMT-ni cəlb edə biləcəyini fikirləşir. Bu heç də belə deyil. Burada vəziyyət tamamilə ayrıdır. Çünki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və apardığı bütün mübarizə öz əraziləri daxilində olub. Gələcək fikirləri də ancaq öz ərazi bütövlüyü daxilində, beynəlxalq səviyyədə tanınmış ərazilər çərçivəsində məsələlərin həll edilməsiylə bağlıdır”.

Millət vəkili bildirib ki, bu gün Ermənistan hər hansı bir təxribat törədərsə onqat cavabını alır və alacaq. Heç bir KTMT regiona gəlməyəcək. Çünki, Azərbaycan Ermənistan ərazisinə daxil olmur:

“Azərbaycanın istəyi odur ki, sərhədlər delimitasiya və demarkasiya olunsun, müəyyənləşsin. Ölkələr tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü təmin etsin, öz müstəqil həyatlarını yaşasın. Ermənistan isə bunu istəmir. Onların gözü həmişə Azərbaycan torpaqları üzərindədir. Çalışır ki, hər hansı bir təxribat törətməklə kənar qüvvələri cəlb etsin. Öz işğalçılıq arzularını yenidən canlandırsın. Bu, baş verməyəcək. Çox təəssüf ki, onlar bunu başa düşmür. Dünən bir hərbçimiz şəhid oldu. Allah rəhmət eləsin. Şəhidimizin cavabını artıqlamasıyla alıblar. Ölən ermənilərin sayı dünən və bu gün artmaqdadır. Bu da onu göstərir ki, ermənilər Azərbaycan ordusu qarşısında heç vaxt tab gətirə bilməzlər. Onlar törətdiyi təxribatların cavabını hər zaman alacaqlar. Yeganə yolları Azərbaycanla razılaşmaq, sərhədləri delimitasiya və demarkasiya etmək və razılaşdırılmış üçtərəfli bəyanatların icra olunmamış maddələrinin həyata keçirilməsiylə birbaşa bağlıdır. Bu, region ölkələrinin də istəyidir. Bu ölkələr istəyir ki, regionda sülh, sabitlik və təhlükəsizlik təmin olunsun. Həm də Qərbin də istəyi budur. Brüsseldə imzalanmış üçtərəli bəyanat əldə olunmuş razılıqların icrasıyla birbaşa bağlıdır. Gələcək ancaq əməkdaşlıq üzərində qurulmalıdır. Nə qədər ki, Ermənistan bunu başa düşməyəcək hər zaman ağır cavablarını alacaqlar.

Bəxtiyar CƏFƏRLİ



Oxşar xəbərlər