Advertisment
  • XƏBƏR
  • 14-01-2022 20:29

BAMF-ın təşkilatçılığı ilə şəhid ailəsi evlə təmin olundu - VİDEO - FOTO

“Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb.  

Herbiand.az-ın məlumatına görə, Ağcəbədi rayonunda şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən mənzilin açarlarının ailəyə təqdimatı keçirilib.

Tədbirdə Ağcabədi Rayon İcra başçısı Rafil Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin İdarə heyətinin sədri Zülfüqar Mirzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov, “Qarabağ qaziləri" İB-nın sədri Asəf Əliyev, millət vəkili Aqil Abbas, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB-nin sədri Mehdi Mehdiyev, Milli Qəhrəman, polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev və Ağdam, Tərtər, Bərdədən ətraf rayonlardan qazilər şəhid ailələrinin üzvləri qatılıblar.  

Tədbirdə Ağcabədi Rayon İcra başçısı Rafil Hüseynov bildirib ki, Tariyel Atayev Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına canından keçmiş vətən oğludur:

"Bu gün mən bir azərbaycanlı kimi onun ruhunu şad edən, ailəsini bu acı və kədərli dövrlərində xoşbəxt edən şəxslərə təşəkkür edirəm. Azərbaycanda bütün şəhid ailələri cənab Prezidentin qayğısı və diqqəti ilə əhatə olunub, lakin şəhid ailəsinə diqqqət və qayğı göstərmək hər bir azərbaycanlının mənəvi borcudur”.  

Tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev qeyd edib ki, bizim işğaldan azad edilmiş torpaqlarımızda görəcəyimiz işlər var:

“Hər bir azərbaycanlı öz bacardığını etməlidir. “Şuşa ili” üçün bu addımın özü yaxşı bir töhfədir. Əminəm ki, bu il çoxsaylı nümunələrin şahidi olacağıq. Bizim diasporamızın ürəyi Azərbaycanladır. Azərbaycan insanı həm öz vəzifəsini düşünmək zorundadır, həm də fərqindədir”.

 

Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin İdarə heyətinin sədri Zülfüqar Mirzəyevin sözlərinə görə, Vətən müharibəsi ölkə xaricində, xüsusilə Rusiyada yaşayan azərbaycanlıların böyük həyəcanı və diqqətinə səbəb olub:

"Biz Udmurtiyada hər qarış torpağımız azad edildikdə böyük sevinc hissi keçirir, hər əsgərimiz şəhid olanda kədərə qərq olurduq. Bu gün bütün azərbaycanlılarınn mənəvi paytaxtı olan Şuşa şəhərinin azad olunması uğrunda canından keçmiş Tariyelə, onu yetişdirən valideynlərə, bir nəbzə də olsun mənəvi borcumuzu ödəmək üçün bu addımı atmağa çalışdıq. Bu gün onun ailəsinin arzularını gerçəkləşdirdiyimizə görə, bir Azərbaycanlı kimi qürur duyuruq".

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev bildirib ki, görülən bu iş ölkə xaricində yaşayan bütün azərbaycanlılar üçün bir örnək təşkil edir:

"Bu gün bir daha əmin olduq ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycanlıların qəlbi şəhid ailələri ilə birgə döyünür".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov isə qeyd etdi ki, cənab Prezidentin göstərişi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və Qarabağ qazilərinin sosial müdafiəsinin gücləndirlməsi tədbirlərini həyata keçirir:

"Bu müqəddəs işə dəstək olan bütün həmvətənlərimizə təşəkkür edirik".

Daha sonra şəhid ailəsinə təqdim edilən mənzilin həyətində ağac əkilib.

Qeyd edək ki, əsgər Tariyel Atayev 5 sentyabr 1986-cı ildə Ağcabədinin Minəxorlu kəndində anadan olub. Vətən Müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə fərqlənib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 

               



Oxşar xəbərlər