Advertisment

Ukraynanın müdafiə sənayesi müəssisələri birliyinin rəhbəri Eynulla Fətullayevin suallarını cavablandırır

Qərb və Rusiya KİV-lərinin məlumatlarına görə, Donbasda genişmiqyaslı eskalasiya ehtimalı hər saat artır. haqqin.az və virtualaz.org  böhran bölgəsində hərbi-siyasi vəziyyətin inkişafını diqqətlə izləyir və redaksiya əməkdaşlarından ibarət qrup Kiyevdə xidməti ezamiyyətdədir. Jurnalistlərimiz hərbi-siyasi münaqişənin dərinliyinin artmaqda olan gərginliyini dəyəndirmək üçün yaxın günlərdə cəbhəyanı əraziyə baş çəkəcək.

Bəs Ukrayna ordusu və ölkənin hərbi-sənaye kompleksi yeni nəsil müharibəyə hazırdırmı? Ukrayna müasir silah sistkmləri və döyüş texnikası istehsalını təmin edə bilibmi?

“Ukroboronprom”un (Ukraynanın müdafiə sənayesi müəssisələri birliyinin) rəhbəri Yuri Qusev “Eynulla Fətullayevin söhbətləri” silsiləsində Ukrayna ordusunun yenidən silahlanması mövzusunda aktual suallara cavab verir.

- Bir neçə il əvvəl “Ukroboronprom”da nəhayət çoxdan gözlənilən islahatlara başlanıldı. Zəruri yenilənmələr Hərbi-sənaye kompleksinin (HSK) inkişafına, müasir silahların və hərbi texnikanın istehsalına nə dərəcədə təkan verdi?

- 2021-ci il oktyabrın 1-də Ukrayna prezidenti Vladimir Zelenski “Dövlət mülkiyyəti formasındakı müdafiə-sənaye kompleksi müəssisələrinin xsusiyyətlərinə dair” 1630-ІX nömrəli qanunu imzaladı. Onun əsas məqsədi dövlət müdafiə-sənaye kompleksi müəssisələrində idarəetmənin korporativ modelini tətbiq etməklə Ukraynanın müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və dövlət maraqlarının müdafiəsini artırmaq idi. Məsələ ondadır ki, bizim dövlət müəssisələrinin - hərbi istehsalçıların hazırkı təşkilati-hüquqi forması dünyanın uğurlu müdafiə-sənaye kompaniyalarına uyğun deyil.  Onlar korporasiyalaşma yolunu 25-30 il əvvəl keçib.  O cümlədən, dünyanın müdafiə kompaniyaları İndeksinə 2020-ci ildə başçılıq etmiş “Leonardo” kompaniyası.

Beləliklə, “Ukroboronprom”un və onun müəssisələrinin transformasiyası Ukrayna qanunlarının icrasına uyğun baş verir.

 

Dövlət sektorundakı müdafiə-sənaye kompleksi (MSK) müəssisələrinin idarə olunmasınının korporativ modeli korrupsiya risqlərini, maraqların toqquşmasını və siyasi təsirləri minimuma endirir.  Belə ki, qanuna uyğun olaraq, siyasəti müəyyənləşdirən orqanla mülkiyyətçinin funksiyaları ayrılıb:  Nazirlik müdafiə sahəsində siyasətin formalaşmasına cavabdehdir, Nazirlər Kabineti isə konsern vasitəsilə müdafiə müəssisələrinin yenidən təşkil olunmasını idarə edəcək.  Beləliklə, sərmayəçi (o cümlədən, əcnəbi sərmayəçi) daha çox bizə etimad göstərəcək, çünki idarəetmənin korporativ modeli həm də əməkdaşlarla aşkarlıq və proqnozlaşdırma  üzərində qurulur.

Bu sahəyə sərmayəçilərin cəlb olunması yenidən “Ukroboronprom”a gələcəyin silahını - müasir, yüksək texnoloji, elmi, süni intellektin istifadə edildiyi silahı yaratmağa imkan verəcək.  Elə silahı ki, Ukraynanın müvəqqəti işğal və ilhaq edilmiş əraziləri üzərində nəzarəti bərpa etməyə yardım edəcək.

 

Əvvəl-axır, dövlət MSK-nin transformasiyası sahəyə innovasiya statusunu qaytarmağa kömək edəcək.  Nə vaxtsa İnterneti də ABŞ müdafiə texnologiyaları agentliyində ixtira ediblər.

Hazırda “Ukroboronprom”dakı islahatları bizim beynəlxalq tərəfdaşlarımız müdafiə edir. Nəticədə biz onlarla ambisioz müqavilələr bağlayırıq.  Məsələn, ötən həftə Fransa prezidenti Emmanuel Makronun Ukraynaya rəsmi səfəri çərçivəsində “Ukroboronprom”la “Thales Group”a daxil olan  “Thales International SAS” beynəlxalq kompaniyası arasında müqavilə imzalandı.

Beynəlxalq tərəfdaşlarımızın bizə olan etimadının güclənməsinə dair sözlərimə sübut 2021-ci ildəki xarici iqtisadi fəaliyyətdən daxil olmuş vəsaitin rekord göstəricisidir - 1 milyard dollardan çox.

- Ekspertlərin dəyərləndirməsinə görə, Ukrayna hakimiyyəti son illərdə hərbi sənaye kompleksini NATO standartlarına və Qərb idarəçiliyi sisteminə yaxınlaşdıra bilməyib. Niyə?

- Qeyd etdiyim kimi, bu gün “Ukroboronprom”un müəssisələrində idarəetmənin korporativ modeli tətbiq olunur və bu, korrupsiya risklərini də, siyaasi təsirləri də minimuma endirməyə imkan verir.

Bu korporativ model dünyanın iqtisadi cəhətdən daha inişaf etmiş 37 ölkəsini, o cümlədən, avropa İttifaqının və NATO-nun üzvü olan əksər dövlətləri birləşdirən İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının (İƏİT) standartlarına tam uyğun gəlir.

İƏİT-in standartlarına görə,  dövlətin maraqlarını effektiv təqdim edə bilən və korrupsiya risqlərindən, maraqların toqquşmasından, birbaşa siyasi təsirlərdən qoruyucu rolunu oynayan müstəqil müşahidə şurası yaradılmalıdır.

Bundan əlavə, İƏİT-in standartları müntəzəm korporativ ictimai hesabat nəzərdə tutur, bu hesabatda fəaliyyətin nəticələri, planlar və kompaniyanın menecmentinin niyyətləri əksini tapmalıdır.

Qeyd etməliyik ki, konsernin mövcud olduğu 11 il ərzində ilk dəfə ötən il bizim komandamız “Ukroboronprom”un 2020-ci il üçün illik korporativ hesabatın hazırlayıb açıqladıq. Hesabatda dünyada və Ukraynada müdafiə sahəsinin icmalı, müdafiə ilə bağlı sifarişlərin yerinə yetirilməsinin, ixracın həcmi, habelə maliyyə göstəriciləri əks olunub.  Hesabatda konsernin 2020-ci ildəki islahatının gedişatı da qeyd olunub:  biz hara gedirik, hansı yüksək səviyyəli məqsədi qarşımıza qoymuşuq.

Həqiqətən də, illik hesabatların açıqlanması dünyanın aparıcı müdafiə kompaniyalarında formalaşmış praktikadır, biz isə ən yaxşıların “klub”una qoşulmağı qarşımıza ciddi məqsəd qoymuşuq.  Bu yolla konsern həm də korrupsiya əleyhinə siyasəti reallaşdırır, şəffaflıq və hesabatlılıq sahəsində Ukrayna ictimaiyyəti və beynəlxalq tərəfdaşlarımız qarşısında siyasəti yerinə yetiririk ki, bu da dünya standartlarına müvafiqdir.

Daha sonra. Biz müəssisələrimizdə mümkün korrupsiya halları və risqlərinə dair informasiyanı yoxlayan bütün hüquq-mühafizə orqanları ilə əməkdaşlağa köklənmişik.

- Niyə Ukrayna hələ də silahların alınmasında daha şəffaf NATO siteminə keçməyib? Silahların alınması ilə bağlı informasiya hələ də məxfi saxlanılır...

- "Ukroboronprom" dövlət konserni artıq qeyd etdiyimiz 1630-ІX nömrəli dövlət qanununa müvafiq olaraq onun tərkibinə daxil olan müdafiə müəssisələrini idarə edir.

Konsern müdafiə sahəsində siyahının formalaşmasına cavabdeh deyil, odur ki, bu sual da konsernin kompetensiyasına aid deyildir.

Bununla belə, “Ukroboronprom” alınmalarda maksimum şəffaflığı müdafiə edir.  Məhz buna görə 2020-ci ilin yanvarın 1-dən “Ukroboronprom”un müəssisələri könüllü şəkildə Prozorro sistemi vasitələrlə alınmalara keçib.  Satışlar zamanı rəqabət sayəsində biz bu gün artıq 1 milyard qrivendən çox qənaətə nail olmuşuq.

Misal üçün, ötən il ərzində Prozorro sistemində alınmalardan qənaət 735 mln qriven olub. Bu, 2020-ci illə müqayisədə 63% çoxdur.

Cari ilin ilk ayı ərzində konsern və onun iştirakçı müəssisələri Prozorro sistemində tenderlərdə 43 mln qrivenə qənaət edib, bu isə 2021-ci ilin analji dövrü ilə müqayisədə 31% çoxdur.

 

Artıq iki ildir dalbadal Prozorro sistemi “Ukroboronprom”u ölkənin TOP-şəffaf tədarükçülərinə aid edir.

Biz böyük səylər edirik ki, Prozorro sistemində bütün tenderlər peşəkarlıqla və keyfiyyətlə hazırlansın, bizim bütün qərarlarımız ədalətli və effektiv olsun.  Biznesin bizə olan etimadını qaytarmağa çalışırıq, çünki yaxşı anlayırıq:  hərraca nə qədər çox iştirakçı gəlsə, biz bir o qədər yaxşı qiymət və xidmətə nail olacağıq.  Məhz buna görə ötən il şikayətlərə baxılması sistemini yaratdıq ki, bizim müəssisələrin keçirdiyi tenderin istənilən iştirakçısı konsernə hüquq və maraqlarının rozulması ilə bağlı məlumat verə bilsin.

Ukrayna qanunlarının təsirinə düşməyən alınmaları ölkənin Antimonopol komitəsində şikayət etmək olmadığından, konsern özünün şikayət etmək sistemini yaradıb ki, hərracın bütün iştirakçıları üçün bərabər şərait və oyun qaydaları təmin olunsun.

- Müharibə vəziyyətində olan Ukrayna yenidən silahlanmaya niyə bu qədər az xərcləyir? İldə cəmisi 1 milyard dollar …

- 2021-ci ilin yekunlarına görə “Ukroboronprom”un müəssisələri silah, hərbi texnika və digər məhsulların istehsal həcmini 24% artıraraq 39 mlrd. qrivenə çatdırıb - 2020-ci ildə bu rəqəm 31,4 mlrd qrn. olub.  Beləliklə, ötən ilin 12 ayı ərzində konsernin müəssisələri 2020-ci illə müqayisədə 7,6 mlrd qrn. Çox məhsul istehsal edib.

Qeyd olunmalıdır ki, bu 39 mlrd qrivenə həm dövlət sifarişi, həm də ixrac müqavilələrindən daxilolmalar aiddir.

Üstəlik, 2022-ci ilin yanvarında “Ukroboronprom”un iştirakçı müəssisələrində  istehsalın ümumi həcmi 3 mlrd qrn olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 968 mln qrn (+48%), 2020-ci ilin yanvarında nailiyyətlərdən isə 1,1 mlrd qrn (+58%) çoxdur.

Konsernini müəssisələri ötən il ərzində cəmi 3300 vahid silah və hərbi texikanı işləyib hazırlayıb, modernləşdirib, bərpa və təmir edib.

Xatırladım ki, “ Ukroboronprom”un mövcudluğundan əsas məqsəd   Ukrayna Silahlı qüvvələrinin tələbatını  vaxtında, tam həcmdə və etibarlı silah və hərbi texnika ilə təmin etməkdir.  Biz silah və hərbi texnikanın nəhəng dövlət istehsalçısı olaraq dövlətin qarşımızda qoyduğu vəzifələri yerinə yetiririk.

Bu vaxt konsernin müəssisələrinin istehsal gücü daha çox silah və hərbi texnika istehsal etməyə imkan verir. Əlbəttə, əgər dövlət bu cür vəzifəni qarşımıza qoyarsa.

- Ukraynaya döyüş sursatları istehsal etməyə nə mane olur?

- 2021-ci ilin iyunun 1-də “Ukroboronprom” və Kanada kommersiya korporasiyası  strateji təhlükəsizlik, aerokosmik fəaliyyət və döyüş sursatlarının istehsalı sahəsində əməkdaşlıq Memorandumu imzaladı.

Memorandum çərçivəsində “Ukroboronprom”,  konsernə daxil olan “Artyom” Dövlət aksioner holdinq kompaniyası və Kanadanın GL Munitions Inc. kompaniyası atıcı silahlar üçün döyüş sursatlarının istehsalı məsələsində əməkdaşlığa dair Müqavilə imzaladı.

Müqavilənin bağlanmasında məqsəd atıcı silahlar üçün döyüş sursatları istehsal edəcək zavodun inşası üçün imkanların yaradılmasıdır.

Noyabrın 5-də bu layihənin reallaşmasına Kanada hökuməti tərəfindən cavabdeh olan Kanada kommersiya korporasiyası meorandum və müqavilənin dəyişdirilməsi təşəbbüsünü irəli sürdü, nəticədə müdafiə sənayesində əməkdaşlıq xeyli genişləndirildi. Kanada tərəfi Ukrayna ərazisində patron zavodunun tikintisindən əlavə barıt və kapsul istehsalı zavodlarının da inşasını təklif edir.

Bu beynəlxalq layihənin işə düşməsi Ukraynanın müdafiə qabiliyyətini möhkəmlətməlidir və “Ukroboronprom” hər usulla bu istiqaməti inkişaf etdirir.

- Digər az əhəmiyyəti olmayan məsələyə  - qiymət qoyulmasına toxunaq.  Əksər ukraynalı ekspertlərə görə, müdafiə sənayesi yeganə sahədir ki, orada hələ də Sovet planlı iqtisadiyyatının prinsipləri fəaliyyət göstərməkdə davam edir...

- Bu gün dünyada qiymət qoyulmasının fərqli metodları var, biz xarici tərəfdaşlarımızla birlikdə onları ətraflı öyrənirik.  Qeyd olunmalıdır ki, Ukraynanın istfadə etdiyi qiymət qoyulması metodları tərəfdaş ölkələrdə tətbiq olunan metodlardan heç də güclü fərqlənmir. Hər bir metodun öz üstünlükləri və çatışmazlıqları var.

Yeri gəlmişkən,  dövlət Müdafiə Ssənayesi Korporasiyasındakı qiymət yaranması sisteminin təkmilləşməyə ehtiyacı var.  Bu gün qiymətlərin formalaşması Hesablama-kalkulyasiya materialları (HKM) əsasında inzibati metodla həyata keçirilir və bazar münasibətlərini sonadək nəzərə almır.  Məsələn, müdafiə məhsullarının qiymətinin formalaşmasında sifarişçilər tərəfindən həyat tsiklinin dəyəri hesaba alınmır.

Silah və hərbi texnikanın iri istehsalçısı kimi bizim üçün razılaşdırılmış qiymətlər üsuluna keçid sərfəli olardı. Bilirik ki, Ukrayna ordusu üçün silah və texnika vergi ödəyicilərinin vəsaitləri hesabına alınır, odur ki, qiymətlərin formalaşmasının sadələşdirilmiş sistemi ilə  büdcə vəsaitlərinin effektiv və nəzarətlə istifadə olunması arasında balansı saxlamaq vacibdir.

- Ukrayna yüksək texnoloji silahların istehsalına nail ola biləcəkmi?

- Biz 2022-2030-cu illər dövründə konsern tərəfindən hərbi təyinatlı məhsulların istehsalının daha da artırılacağını gözləyirik.  Bu, Ukrayna Silahlı qüvvələrinin yenidən silahlanmasının, ənənəvi xarici tərəfdaşlarımızla əməkdaşlıq həcminin saxlanması və yeni beynəlxalq əməkdaşlarla münasibətlərin zəruriliyi ilə bağlıdır.

Cənubi və Cənub-Şərqi Asiyaya silah ixracının həcminin saxlanmasını, habelə Yaxın Şərq, Latın Amerikası və Afrikaya silah ixracını planlaşdırırıq.

Konsern Ukraynanın Silahlı qüvvələrinin döyüş potensialının qorunub saxlanılması üçün bunları həyata keçirməyi planlaşdırır:

- digər dövlətlərlə kooperasiyada silah və hərbi texnikanın işlənməsi və seriyalı istehsalı.  Bu tədbirlər istehsalın qapalı tsikllərinin yetərincə maliyyələşməməsi şəraitində tətbiq olunacaq və digər dövlətlərin malik olduqları yeni texnologiyalardan yararlanmağa, nümunələrin seriyalı istehsalına imkan verəcək;

- silah və hərbi texnikanın lisenziya ilə istehsalı.  Bu tədbirlər Silahlı qüvvələrin ehtiyac duyduğu silah və hərbi texnikanın yaradılması üçün elmi-texniki, texnoloji və istehsalat bazasının yoxluğu şəraitində görüləcək və ölkəyə özündə olmayan texnologiyaları əldə etməyə imkan verəcək. Perspektivdə isə müvafiq təcrübə əldə olunduqca həmin silah və texnika növlərinin öz gücümüzlə istehsalına keçiləcək.

-  Müasir silah növlərinin Ukraynada inkişaf vəziyyəti və tendensiyası barədə nə deyə bilərsiniz?

- Bu məsələdə silahların inkişafının dünyadakı tendensiyalarından başlamaq lazımdır.

Dünyanın aparıcı ölkələri öz qoşunlarının yenidən silahlandırılması üçün fəal tədbirlər görür.  Biz  elə dövrdə yaşayırıq ki, müharibələrin aparılması qaydaları dəyişir, bu isə silahların işlənməsində yeni çağırışlar və yeni tələbatlar deməkdir.  Kvant, informasiya, kosmik, himpersəs texnologiyalarının, biotexnologiyaların, süni intellekt sahəsində texnologiyaların yeni prinsipləri tətbiq olunur, yeni materiallar, robot texnikası, avtonom pilotsuz aparatlar yaradılır, yüksək dəqiqlikli qeyri-nüvə silahları təkmilləşdirilir.

Yerüstü zirehli texnika, təyyarələr və helikopterlər,  həmçinin gəmilər və sualtı qayıqlar alternativ enerji mənbəyi ilə çalışan mühərriklərlə təchiz edilir, onların bəziləri pilotsuz olur.

Döyüş kəşfiyyatı zərbə kompleksləri qoşunların fəaliyyətini kəşfiyyat məlumatları, o cümlədən hava və kosmos kəşfiyyatı məlumatları, habelə havadan atəş yardımı və artilleriya vasitələri ilə real vaxt rejimində təmin edir.  Mühəndis kəşfiyyatı robot sistemindən istifadə olunmaqla reallaşdırılır.

PUA-ların komandirinin sərəncamında olan yüngül hücum təyyarələri təkcə kəşfiyyat üçün yox, həm də artilleriya sistemlərini, “kamikadze” dronları korrektə etmək üçün tətbiq olunur.

Hava hücumundan müdafiə daşınan zenit-raket kompleksləri və aşağıdan uçan hədəflərlə mübarizə üçün zenit qurğuları ilə təchiz olunub. Rabitənin davamlılığı düşmən tərəfindən radioelektron vasitələrin istifadəsi zamanı hərəkətin mobilliyininin və məxfiliyinin əsasına çevrilir.

Dənizdə və sahilyanı rayonlarda hərbi əməliyyatlar zamanı HDQ bölmələri robotlaşmış pilotsuz suüstü və sualtı aparatlarla təchiz olunur, onların vasitəsilə həm su səthində, həm də suyun altında monitorinq, nəzarət və müdafiə sistemləri yaradılır.

- Hərbi ekspertlər iddia edir ki, Ukraynanın müdafiə-sənaye kompleksi (MSK) daha çox ixraca meyllənib. Çinlə (daha çox hərbi dəniz donanması sahəsində) əməkdaşlıq və Türkiyə ilə PUA istehsalına dair gözlənilən strategiya nə dərəcə xüsusən hərbi aviaasiyanın modernləşməsinə təsir göstərə bilər?

- “Ukroboronprom” dövlət konsernidir, dövlət tərəfindən, ilk növbədə Ukrayna prezidenti və hökuməti tərəfindən müəyyən edilən vəzifələri yerinə yetirir.  Bu gün Ukrayna MSK-nın əsas vəzifə və prioriteti Silahlı qüvvələrin keyfiyyətli, müasir və modern hərbi texnika və silahlarla təmnatıdır ki, təcavüzkar tərəfindən daimi hərbi-siyasi təzyiq şəraitində ölkəmizin müdafiə qabiliyyəti güclənsin.

Bununla yanaşı “Ukroboronpromun qarşısında başqa vəzifə də dayanır - daxili bazarın artımı və ixracın çoxalması yolu ilə ölkənin iqtisadi inkişafına yardım etmək.  Odur ki, hazırda sifariş olunmayan və Ukrayna Silahlı qüvvələrində istifadə edilməyən silah və onun komplekt hissələrini “Ukroboronprom” istehsal edərək xaricə satır.

“Ukroboronprom” qarşılıqlı sərfəli əsaslarla və beynəlxalq qanunvericiliyin bütün tələblərinə riayət etməklə dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir.  Beynəlxalq tərəfdaşların rəyinə görə, Ukraynada ixrac üzərində dövlət nəzarəti çox sərtdir və sözün yaxşı mənasında harmonik inkişaf edib.  Bu sistem onun malik olduğu qoruyucular sayəsində silah ixracının mövcud ixrac rejimi və məhdudiyyətlərinə uyğun olaraq fasiləsiz çalışmasını təmin edir.

Türkiyə Ukraynanın strateji tərəfdaşıdır və bizim bu dövlətlə hərbi-texniki sahədə bir sıra işlək layihələrimiz var. Fevralın 3-də iki ölkənin hökumətləri arasında yüksək texnologiyalar, aviasiya və kosmom sahəsində Çərçivə razılaşması imzalanıb ki, bu da Ukrayna Hərbi hava qüvvələrinin  tərkibində pilotsuz aviasiyanın inkişafı və fəaliyyət göstərməsi üçün güclü təkan olacaq.

Bundan əlavə, bizim bəzi aparıcı müəssisələrimiz Qərb ölkələrinin hərbi-sənaye müəssisələri ilə elmi-texniki və istehsal kooperasiyasına cəlb olunub.  Biz onlara müasir komplektləşdiricilər və aqreqatlar, məsələn, aviasiya mühərrikləri göndəririk, sonra isə onlar hazır nümunə kimi Ukrayna Silahlı qüvvələrinə istifadəsinə əlavə edilir. Bizim texnikanın nümunələrinin modernləşməsi zamanı müəyyən nəticələr də istifadə olunur.

 

- Və yüksək texnoloji silahlar barədə.  2017-ci ildə səs-küylə elan olunmuş uçan tank (raket kompleksləri ilə təchiz olunmuş helikopter) layihəsinin taleyi necə oldu?

- Hazırda «Motor Siç» və «Ukroboronprom»a daxil olan bəzi müəssisələr  -Kiyevdəki “Luç” Dövlət konstuktor bürosu,  «Fotopribor» (Çerkassı şəhəri) Ukraynanın bir neçə xüsusi müəssisəsi ilə birlikdə Mi-8 nəqliyyat helikopterləri və Mi-24 nəqliyyat-döyüş helikopterləri üçün tank əleyhinə raket kompleksinin işlənməsi ilə məşğuldur.  İşlər Ukraynanın Müdafiə nazirliyinin sifarişi ilə həyata keçirilir və sınaq mərhələsindədir.

- Niyə Ukrayna Sovet zenit-raket komplekslərini (ZRK) və özünün taktiki aviasiyasını yeniləyə bilmədi?

- Hərbi-sənaye kompleksinin müəssislərinin elmi və istehsal potensialı Ukrayna ordusunun ixtiyarında olan ZRK-ların işlək vəziyyətdə saxlanmasını tam həcmlə təmin edir.

Hazırda bu, əsasən təmir müəssisələridir (Balakleya təmir zavodu, Lvov radio təmiri zavodu, “Ukroboronservis”),  onlar ZRK-lərinin bütün nomenklaturasının texnik vəziyyətinin təmirini həyata keçirir.

Təmir prosesində həmçinin bu komplekslərin ayrı-ayrı hissə və aqreqatlarının modernləşməsi işləri də aparılır.

2022-ci ildə orta uzaqlıqlı ZRK-lərinin yaradılması üçün təcrübə-konstruktor bürolarınn açılması planlaşdırılır.

Eyni zamanda Zenit-raket kompleks və sistemlərinin işlənib hazırlanması üçün məktəbin yoxluğu ilə bağlı bir sıra çətinliklər var.

O ki qaldı taktiki aviasiyaya, Müdafiə nazirliyində mövcud aviasiya texnikası parkının dəyişilməsi ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir - təyyarələrin alınmasından başlamış özümüzün təyyarə müəssisələrimizin bazasında çoxməqsədli taktiki təyyarələrin quraşdırılmasına qədər.  Ancaq “Ukroboronprom”un müəssisələri üçün də, dövlət üçün də daha sərfəlisi təyyarələrin lisenziya ilə quraşdırılmasını seçmək olardı.

 

- Qarabağdakı yeni nəsil müharibə Ukraynanın silah istehsalı konsepsiyasına necə təsir etdi?

- Mən Ukrayna Silahlı qüvvələrinin baş komandanı general-leytenant Valeri Zalujnının Ukrayna ordusunun yenidən silahlandırılmasının prioritet istiqamətləri ilə bağlı rəyini bölüşürəm.  Həmin prioritetlərə aiddir:

- Özümüzün raket komplekslərinin, o cümlədən böyük uzaqlıqlı komplekslərin işlənib hazırlanması;

- Raket hücumundan müdafiə sistemlərinin, o cümlədən hipersəs raketlərlə mübarizə sistemlərinin işlənib hazırlanması;

- uzaqdakı hədəflərin aşkar olunması və vurulması üçün  raket sistemlərinin işlənməsi;

- havadan müdafiənin ən yeni sistemlərinin, o cümlədən pilotsuz aviasiya kompleksləri ilə işlənməsi;

- radioelektron mübarizə üçün yeni radioelektron kəşfiyyatı sistemlərinin işlənməsi;

- kiber fəzada əməliyyatların keçirilməsi üçün elmi nəticələrin tətbiqi;

- qoşunların mobilliyinin artırılması.

- Nəhayət, sonuncu sual.  Azərbaycan və Ukrayna hərbi-sənaye komplekslərinin əməkdaşlığının inkişafını necə görürsünüz?

- Ukraina hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycanın çoxdankı tərəfdaşıdır. Konsern Azərbaycana hərbi və xüsusi təyinatlı məhsulların ixracı, habelə birgə layihələri başlamaq üçün vacib və perspektivli partnyor kimi baxır.

Konsernin iştirakçı müəssisələrinin əməkdaşlığının əsas istiamətləri həmişə aviasiya texnikasının, havadan müdafiə texnikasının kapital təmiri ilə bağlı xidmətlər, silah və hərbi texnika üçün ehtiyat hissələrinin  təminatı olub.

“Ukroboronprom” dövlət konserni,  habelə iştirakçı müəssisələr bundan sonra da ölkələrimiz arasında hərbi-texniki sahədə məhsuldar əməkdaşlığın inkişafına hazırdır.

İnkişaf potensialı olan layihələrə silah və hərbi texnikanın, o cümlədən aviasiya, zirehli tank, radiolokasiya, yüksək dəqiqlikli silahların birgə işlənməsi və istehsalı daxildir.

Biz Azərbaycanı təkcə Ukraynanın hərbi təyinatlı məhsulunun alıcısı yox, həm də hərbi təyinatlı və Azərbaycan Silahlı qüvvələrində də istifadə olunan məhsulların istehsalı üçün birgə müəssisələrin yaradılması da daxil olmaqla müasir silah və hərbi texnikanın istehsalında potensial partnyor və sərmayəçi kimi görmək istərdik.