Advertisment

“Rusiya üçün böyük problem: böhran baş verəcək”

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Rusiya-Ukrayna münaqişəsinin yaratdığı real durumu necə şərh etmək olar?

- Fikirləşmirdik ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar başlaya bilər. Bu, inandırıcı da görünmürdü. Çünki bu tamamilə Rusiyanın ziyanına olan bir hərəkət idi. Amma baş verdi. Rusiya tərəfindən məntiqə zidd olan bir addım atıldı. Bunun nəticəsi olaraq artıq hərbi əməliyyatlar istənilən nəticəni verməcəyək. Bu istər Rusiya, istərsə də Putin üçün uğurlu olmayacaq. Əksinə Rusiyaya qarşı misli görünməyən bir iqtisadi həmlə edilir. Bunun nəticəsi olaraq birmənalı Rusiyada qısa müddətdə böhranın baş verməsi gözləniləndir. Əhalinin ərzaq məhsulları ilə təminatında problemler yarana bilər. Bu da sözsüz ki, siyasi böhrana yol açacaq. Belə olan halda hakimiyyətin dəyişməsi ehtimalı güclənəcək.

- Rusiyanın özü üçün hansı mənfi tendensiyalar formalaşa bilər?

- Ukraynada başlayan hadisələr Rusiyanın özündə əks effekt yaradacaq. Beləliklə Rusiyada siyasi böhran qaçılmaz olacaq. Bu hadisələr də çox sürətlə baş verir. Görünən odur ki, hərbi əməliyyatlar heç bir nəticə vermir. Artıq yüzlərlə, minlərə itki var. Bunun da hesabatını indiki iqtidar verməli olacaq. Normal şəkildə də bunu izah etmək mümkün olmayacaq. Bu da böhranı daha da dərinləşdirəcək.

Proseslər onu göstərir ki, indiki vəziyyət dondurulub davam ediləcək. Eyni zamanda atəşkəsin əldə edilməsi də mümkündür. Çünki bu məsələdə tərəflərin mövqeləri fərqlidir. Danışıqlar yolu ilə nəsə əldə etmək mümkün deyil. Görünür, artıq Ukrayna bu qarşıdurmanı udub. Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar isə misilsiz bir xarakterdədir. Bu Rusiya üçün çox böyük problemlər deməkdir. Demək olar ki, Rusiyanın valyuta ehtiyyatları tam şəkildə sanksiya altındadır. Bu ölkə artıq normal ticarət əməliyyatları aparmaqdan məhrumdur. Bu baxımdan Rusiya iqtisadiyyatının çökməsi hətta insanların ərzaq təminatında problemlərin yaranması qaçılmazdır.

- Sanksiyaların Rusiyada daha çox hansı sektorlara təsiri güclü olacaq?

- Rusiyanın ərzaq təminatının əlli faizdən çoxu xaricdən gəlir. Bu baxımdan indi əsas problemlərin olması qaçılmazdır. Ona görə də hansısa, bir vasitəçilik əsasında Rusiya prezidentinin qərar qəbul edəcəyinə və qoşunlarını Ukraynadan çəkəcəyinə inanmaq olmur. Amma bu halda iqtisadi sanksiyaların dərhal dayanacağını söyləmək olmaz. Gündəmdə siyasi bir məsuliyyət də var. Hadisələrin bu istiqamətdə inkişafı da qaçılmazdır. Danışıqlar yolu prosesləri nizamlamaq indiki halda çətin olacaq.

- Nüvə təhdidi hazırda gündəmdədir. Bunun nə dərəcədə qorxulu məcraya yönəlmə ehtimalı var?

- İnandırıcı deyil ki, Rusiyada Vladimir Putinin ətrafında olan insanlar buna imkan versin. Bu, dünya nizamının pozulması deməkdir. Bunu icra etməli olan insanlar da bundan imtina edəcəklər. Belə bir əmr almış olsalar da, bunun icrası qeyri-mümkündür. Eyni zamanda bu çıxış yolu da deyil.

- Bu çağırışlara qarşı hansı adekvat addımların atılması mümkündür?

- Burada ilk növbədə diplomatik cavablardan öncə digər imkanlar istifadə olunacaq. Rusiya Təhlükəsizlik Şurasının iclasını müşahidə edərkən də göründü ki, orada fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılığı mütləq özünü göstərəcək. Qərb və Rusiya tərəfində əks fikirdə olan insanlar bundan istifadə edəcəklər.

/Teleqraf/