Advertisment

"Çörəyin qiyməti 2 manat ola bilər" - EKSPERT

Rusiya-Ukrayna müharibəsinin ərzaq qıtlığı, bahalaşma ilə müşayiət olunacağı son günlər ən çox müzakirə olunan məsələdir. Çörəyin qiymətinin yüksələcəyi ilə bağlı məlumatlar dolaşır. İddia olunur ki, çörəyin qiyməti 1 manatadək yüksələ bilər. Məlumatlara görə, bəzi çörək zavodlarına unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərdarlıqlar olunub. Bu məlumatlar əhalini də təşvişə salıb. Hətta bəziləri un tədarükünü öncədən görür və bunu artım olacağı ilə əlaqələndirirlər.
 
Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi?
"Sherg.az"ın sualını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov açıqlamasında bahalaşmanı şərtləndirən amillərdən söz açıb:
 
"İqtisadçı kimi konkret rəqəm söyləmək peşəkarlıqdan kənardır. Bahalaşmanı şərtləndirən amillər mövcuddur. Rusiya dünyada taxıl ixrac edən ölkə kimi birinci yerdədir. Statistik məlumatlara görə, beşinci yerdə isə Ukrayna yer alıb. Ukrayna ilə Rusiya müharibə aparır. Rusiyaya qarşı sanksiyalar qoyulur, o da öz növbəsində dünyaya meydan oxumaq məqsədilə bu il taxıl satışını dayandırdığını bildirir. Ukraynanın Qara dəniz hövzəsilə dünyaya çıxışı vardı. Hazırda da Ukrayna limanları mübaribəyə görə “oyun”dan çıxıb. Belə olan təqdirdə dünya bazarında taxılın qiymətinin sıçrayışla qalxması mümkündür. Çörəyin qiyməti nəinki 1, hətta 2 manata yüksələ bilər".
 
İqtisadçı F.İbrahimov hökumətin sözügedən məsələyə həssas yanaşdığını vurğulayıb:
 
"Hökumət son bahalaşmaya qədər un istehsalçılarına subsidiyalar verdi. Buğda, taxıl, undan gömrük rüsumları almır.  Lakin fors - major vəziyyət yaransa, əlbəttə ki, hökumət müdaxilə edər. Dəqiq qiymət söyləmək olmur, 1 manat deyərik, qalxar 1 manat 50 qəpiyə. Hərhalda bahalaşma ehtimalı çoxdur. Dünya bazarında taxılın qiyməti artır. Tutalım, Azərbaycan həmin iki ölkəni başqasıyla əvəzlədi. Məsələn, Qazaxıstan coğrafi baxımdan bizə yaxındır, onda bahalaşmaması mümkündür. Əgər alınmasa, Hindistan, Avstraliya, Avropa İttifaqı ölkələrə müraciət etmək məcburiyyətində qalacağıq. Həm dünya birjalarında qiymət yüksəlsə, həm də logistika nöqteyi nəzərindən, yəni yolun uzaqlığı qiymətlərin xeyrimizə dəyişməyəcək".