Advertisment

Fərrux dağında itkin düşən hərbçinin ailəsi nələri danışdı? - FOTOLAR

 Bu gün Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağında itkin düşmüş hərbçilərimizn siyahısı açıqlandı. Onlardan biri də Allahverdiyev Baba Müseyib oğludur. O, 1971-ci il noyabrın 13-də Sumqayıt şəhərində anadan olub. Baba uşaqlıq illərində idmanla məşğul olub və həmişə digər yaşıdlarından seçilib.

1988-ci ildə 23 saylı 10 illik məktəbi bitirib, 1989-cu ildə isə Rusiyanın Krosnayarsk vilayətinə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən sonra Sumqayıtda zavodda işləyib. Onun gənclik illəri erməni dığalarının işğalçılıq dövrünə təsadüf edib. Bu isə onu çox narahat edib və könüllü müharibəyə yollanıb. Babanın qardaşı Allahqulu Allahverdiyev Sputnik Azərbaycan-a bildirib ki, döyüş yoldaşları yoldaşları fiziki göstəricisi, şücaəti və qorxmazlığına görə onu "Baba dağı", "Qorxmaz" adlandırıblar.

“Rusiyadan hərbi xidmətdən qayıdandan sonra 2-3 ay dedi ki, “mən müharibəyə, vətənim uğrunda döyüşməyə getmək istəyirəm”. Biz də dedik ki, istəyirsənsə, get qardaşlarının yanına. Onda 2 böyük qardaşımız Qubadlıda döyüşürdü. Baba da etiraz edərək bildirdi ki, ora niyə gedirəm. Qohum-əqrabanın yanına yeyib-yatmağa getmirəm. Qəfildən eşitdik ki, özü könüllü döyüşə yollanıb. Hərbi Komissarlıqdan soruşanda məlumat verdilər ki, Ağdama gedib. Gedib tapdım orada. Özünü könüllü yazılaraq oraya düşmüşdü”.

Qardaşının sözlərinə görə, Baba Allahveriyev Ağdamın Canyataq, Gülyataq, Çıldıran kəndlərində döyüşüb və böyük şücaət göstərib. Döyüşlərin birində qolundan ağır yaralanmasına baxmayaraq, müalicə alıb və yenidən cəbhəyə qayıdıb. Hətta bir dəfə də səhhəti ilə bağlı ona bir həftəlik məzuniyyət verilsə də, yalnız iki günündən istifadə edib.

Ailə üzvləri ilə görüşüb və yenidən müharibəyə yollanıb. 1992-ci il oktyabrın 30-da Fərrux dağında gedən qızğın döyüşlərdə itkin düşüb.

“O, Fərrux dağında olanda ermənilər tərəfdən atəş açılıb. Bu da qumbaraatnla maşını vurub dağıdıb. Həmin vaxt Ermənistan tərəfindən döyüşən snayper qızlar bunun boğazından və qarnından yaralayıb. Hərbi hissə komandiri deyir ki, Babanı özüm rahatlayıb qoydum. Arxadan da dənizçilik məktəbinin kursantları gəlib yaralıları və meyitləri geriyə daşımalı idilər. Bu anda ermənilər tərəfdən hücum oldu və biz hamımız qaçdıq, pərən-pərən düşdük. Sonra qayıdanda isə Babanı tapmayıblar. Özümüz də çox yerləri gəzdik, axtardıq, amma tapa bilmədik. 15-20 gün sonra bizə hərbi hissədən ölüm kağızı verdilər ki, qəhrəmancasına həlak olub. Amma nə meyit var, nə ölüsü, nə dirisi”, - A. Allahverdiyev əlavə edib.

Fərrux dağının Azərbaycan ordusunun nəzarətinə keçməsi və orada məzarlıqların aşkarlanması Babanın yaxınlarını ümidləndirib. Onun qardaşı Niyazi Allahverdiyev də qardaşından bir xəbər gözləyir.

 “O vaxt mən Qubadlı rayonunda qalırdım. 1992-ci ilin iyun ayında Sumqayıta gəldim ki, Babanı özümlə Qubadlıya aparam. Çünki, orada da döyüş gedirdi. Amma alınmadı. Mən qayıdandan bir müddət sonra eşitdim ki, özü könüllü döyüşə yollanıb. Payızda Qubadlı uğrunda gedən döyüşdə yaralandım və məni DİN-in hospitalına gətirdilər. Orada qardaşımgilin danışıqlarından anladım ki, itkin düşüb. Şükür ki, torpaqlarımız işğaldan azad edildi. Fərrux dağı alındı, biz də sevindik. Allah eləsin ki. Qardaşım sağ olsun. Sağ qalmasa da, ümid edirik ki, o tapılan cəsədlərdən biri qardaşım olar. Biz də onu dəfn edib rahatlayarıq. Ziyarətə getməyə yerimiz olsun. Onun atası da, anası da ürəyi partlayıb öldü. Ümidimiz yarandı, qardaşımızdan xəbər gözləyirik. Çünki, itkin ən ağır dərdlərdəndir. Düşünün ki, Babanın adını şəhidlər üçün olan bir qara, mərmərdən daşa yazdırmışıq. Ziyarət etməyə qəbri də yoxdur”, - deyə N. Allahverdiyev bildirib.

Sputnik-Azərbaycan