Advertisment

“Bu koordinatlar nəticəsində ermənilərin olduğu yeri məhv etdik” - Aprel döyüşləri iştirakçısı

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri və qondarma Dağlıq Qarabağda yerləşən separatçı terrorçu dəstələr arasında dördgünlük müharibə baş verdi.

Baş leytenant Məmmədov Nicat Vidadi oğlu da bir hərbçi və Vətən övladı kimi bu döyüşlərdə iştirak edib. O, 1989-cu il iyulun 19-da Göyçay rayonunda anadan olub. Ailəsi bir yaşı olanda Bakı şəhərinə köçdüyü üçün orta təhsilini Səbail rayonu 51 saylı tam orta məktəbdə oxuyub. Uşaq yaşlarından hərbçi olmaq istəyib. Bu arzusu getdikcə daha da artıb. Ona görə 2006-cı ildə sənədlərini Heydər Əliyev adına Ali Hərbi məktəbə verib və qəbul olub. 2010-cu ildə Ali Hərbi məktəbi bitirdikdən sonra həmin il Təlim Tədris Mərkəzinə daxil olub. 2011-ci ildə oranı bitirib və Ağdamda yerləşən N saylı hərbi hissəyə göndərilib.

2011-ci ildə Ağdamda N saylı hərbi hissədə minaatan batareyasında idarəetme tağım komandiri vəzifəsində işləyib. 2016-cı ildə Goranboyda idarəetme tağım komandiri, 2017-ci ildə Goranda batareyanın baş zabiti, 2018-ci ildə isə Murovda batareyanın baş zabiti vəzifələrində xidmət edib. Artilleriyaçı olan Nicat 2013-cü ildə baş leytenant rütbəsi alıb. Bütün xidmətlərini ön xətdə dağlıq ərazilərdə keçirib.

Nicat 2016-cı ildə baş verən aprel döyüşləri zamanı Ağdam istiqamətində olub.

O aprel döyüşlərilə bağlı danışanda deyib ki, postda olduğu müddətdə post başçısı olub. Artilleriya kəşfiyyatçısı idi: “Döyüşlər zamanı bizim olduğumuz postu gücləndirmək üçün əlavə qüvvə göndərməli olublar. Lakin ermənilər bizə köməyə gələn əsgərlərimizi görüb postumuzu minamyotla atəşə tutmağa başlayıblar. Atəş zamanı bizim əsgərlərdən bir nəfər şəhid oldu, bir nəfər isə yaralandı. Yerdə qalanlar isə düşməndən qorunmaq üçün çətinliklə də olsa özlərini sığınacağa çatdıra bildilər. Ermənilər səhərə qədər postu qısa fasilələrlə atəşə tuturdular. Səhər isə postu tərk etməklə bağlı bizə əmr gəldi. Əsgər və zabit heyətimiz də postu tərk edərək yerlərimizi dəyişməli olduq. Bu yerdəyişmə hərbçilərimiz üçün uğurlu oldu. Çünki, artıq yeni mövqedəydik. Bunun da sayəsində mən düşmənin mövqelərinin koordinatlarını öz bölmələrimə ötürdüm. Bu koordinatlar nəticəsində də ermənilərin olduğu yeri məhv etdik”.

Qeyd edək ki, dörd gün çəkən aprel döyüşləri zamanı Azərbaycan ordusu tərəfindən Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madagiz) kəndi istiqamətində yollar düşməndən azad olunub. Ümumilikdə, 2000 hektarlıq ərazi işğalçılardan təmizlənib.

Nicat 2020-ci ilin aprel ayında xidmət etdiyi N sayli hərbi hissədən təxris olunub. Səbəb kimi isə yararsız olduğu bildirilib.

O, həmçinin 2020-ci ildə baş verən və Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində də iştirak edib. Belə ki, 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayıb. Nicatı isə müharibəyə oktyabrın 16-da çağırıblar. O, Füzuli, Xocavənd və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsində batareya komandiri kimi vuruşub. 2020-ci il dekabrın 28-də isə ordudan təxris olunub.

Vətən müharibəsində iştirak etdiyinə görə, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Bəxtiyar CƏFƏRLİ