Advertisment

Rus sülhməramlılarının Qarabağdan çıxarılacağı gün yaxınlaşır

Ukrayna Prezidenti ofisinin müşaviri Mixail Podalyak məlumat verib ki, Rusiya hakimiyyəti Suriyadakı qüvvələrini tez-tələsik Ukraynaya göndərir. Məlumatın İsrail Kütləvi İnformasiya Vasitələrindən götürüldüyü qeyd olunur. Podalyakın verdiyi xəbərə görə Rusiya tələsik qoşunlarını Suriyadan çıxararq mövqelərini və hərbi bazanı İran İnqilab Korpusunun mühafizəçilərinə verir.

Eyni məzmunlu məlumat bir neçə gün əvvəl İsrailin DEBKAfile portalında da bildirilib. Mənbənin dediyinə görə Suriyada yerləşən rus hərbi qüvvələri Xmeymim, Qamışlı, Deyr-ə-Zor və T4 hərbi hava bazalarında toplaşır. Onlardan bəziləri birbaşa Ukrayna cəbhəsinə göndərilməyə hazırlaşır. Hərbi mənbələr eyni zamanda bildiriblər ki, Ruslar əsas bazaları İran İslam İnqilabı Mühafizləri Korpusuna və “ Hizbullah” qrupuna verir. Eyni məlumatı

The Moscow Times nəşri də təsdiq edib.

Moskva Suriyada döyüş məktəbi keçmiş general Dvornikovdan sonra onun briqadasını da Ukrayna ilə döyüşə göndərir. Bu gediş Kremldə Ukraynadakı əməliyyatla bağlı ciddi problemlərin yaranmasından xəbər verir. Rusiyanın Suriyadakı mövqelərini buraxıb, hərbi bazaları İran Silahl qüvvələrinə verməsi Yaxın Şərqdə də yeni vəziyyət yaradır. Bu İran, Suriya, Türkiyə. İsrail və ABŞ üçün yeni çağırışlar deməkdir. Rusiya bu çıxışla meydanı təkcə İran deyil, həm də Türkiyə üçün açır. Məlumdur ki, Türkiyə İran qarşısında Rusiyadan fərqli taktika yeridəcək.

İsrail isə yeni dilemma qarşısında buraxılır. İranın mövqeyinin Suriyada daha da güclənməsi İsrail üçün ciddi siqnaldır. Bəlkə Lavrovun yəhudilər haqqında son çıxışları Rusların İsrailə qarşı fəaliyyətləri üçün müqəddimə idi.

9 may artıq yaxınlaşıb. Rusiya isə bu dəfə də Ukrayna cəbhəsində hədəfinə çatmadı. Rus xalqının qarşısında raport verməyə söz tapılacaqmı? Düşünürəm ki, yox. Putin bu dəfə ABŞ və NATO ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Kremlin bu sanksiyalara qarşı necə uğurlu mübarizə aparması haqqında danışacaq və xalqı əmin edəcək ki, Ukraynada xüsusi hərbi əməliyyat nəzrdə tutulan qaydada davam edir.

Suriyadan Rus qoşunlarının çıxarılması Qarabağda yerləşən Rusiya sülhməramlılarına da növbənin gəlib çatacağına bizdə ümid yaradır. Amma Rusiya buradakı mövqelərini və silahlarını sadəcə atıb gedəcək. Çünki Azərbaycan silahlı qüvvələri öz torpaqlarına növbəti işğalçıların ayaq basmaspna imkan verməz.

Əlimusa İbrahimov
Politoloq