Advertisment

Nazim Cəfərsoy: “Azərbaycanı təhrik etməyə çalışırlar ki, bu təxribatlara sərt reaksiya versin”

Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə "rus icması" məsələsi yenidən gündəmə gəlib. Bu günlərdə qondarma icmanın “rəhbəri” Aleksandr Bordov Qarabağdakı erməni terrorçularının başçısı, separatçı Araik Arutyunyanla görüşüb. Görüş zamanı Arutyunyan “Rusiya mədəniyyət evləri”nin açılması istiqamətində işlərin getdiyi deyib. Terrorçubaşı eyni zamanda, Qarrabağda rus dilinin "ikinci dil statusu" alması haqqında təxribatçı fikirlərini davam etdirib. 

Görünən odur ki, Rusiya Qarabağda “rus icması” kartını yenidən aktuallaşdırır. Bu ilin əvvəlində Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının üzvü, “rus icması” layihəsində aparıcı fiqur rolunu oynayan Vitali Milanovun Qarabağa qanunsuz səfəri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya etiraz məktubundan sonra proses arxa plana keçmiş kimi görünürdü. Məsələnin indi aktuallaşması Rusiyanın separatçılardan təhlükəli ssenarilərdə istifadə etməyə hazırlaşdığını söyləməyə əsas verir. 

Analitiklər bildirirlər ki, Rusiya öz maraqları naminə "rus icması", "mədəniyyət mərkəzi" kimi absurd, absurd olduğu qədər də təxribatçı addımlar atmaqdadır. Terrorçu-separatçılar isə “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarının Moskvanın təminatı altına alınmasına çalışırlar. 

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib ki, burada məsələyə iki aspektdən baxmaq lazımdır:

- Birincisi, Qarabağda qalan separatçı rejimin tör-töküntülərinin imkanları məhdudlaşıb - həm hərbi, həm siyasi, həm də geosiyasi cəhətdən. 44 günlük müharibədə özünə "müdafiə ordusu" deyən terrorçular və Ermənistan ordusunun hissələri ciddi məğlubiyyətdən sonra demək olar ki, darmadağın vəziyyətdədirlər. İndi oradakı silahlıların bir hissəsi erməni separatçılarından, bir hissəsi Ermənistan Ordusundan gələnlərdir, bir hissəsi isə xarici ölkədən gətirilmiş muzdlulardır. Amma onların hərbi baxımdan Azərbaycana müqavimət göstərmək imkanları minumumdur. 

İkincisi, siyasi baxımdan da separatçılar çıxılmaz durumdadırlar. Müharibədən sonra nə Ermənistan hakimiyyəti, nə də İrəvandakı "Qarabağ klanı" Qarabağla bağlı əvvəlki siyasəti dünyada təbliğ edə bilmir. Baş nazir Nikol Paşinyanın hazırkı vəziyyəti ona imkan vermir ki, Qarabağla bağlı təcavüzkar siyasətlərini siyasi cəhətdən açıq motivlərlə apara bilsin. Bunlar Qarabağdakı separatçıları məcbur edirlər ki, geosiyasi amilə müraciət etsinlər. Çünki özlərinin hərbi imkanları yoxdur, İrəvandan siyasi dəstək yoxdur. 30 il idi ki, erməni lobbisi tərəfindən verilən dəstək də demək olar ki, yox səviyyəsindədir. Rəsmi Bakının siyasəti nəticəsində diaspor Qarabağ separatçılarına dəstək verə bilmir. Terrorçular varlıqlarını qorumaq üçün geosiyasi amildən yararlanmaq istəyirlər. 

- Geosiyasi amil dedikdə nəyi nəzərdə tutursunuz?

- Burada da üç amil var: ABŞ, Avropa və Rusiya. Separatçılar bu güclərdən dəstək almaq istəyirlər. Amma buna nail ola bilmirlər. Proseslər göstərdi ki, ABŞ və Avropa regionda Ermənistanın və separatçıların xeyirinə lazım olan aktivliyi göstərə bilmir. Hansısa müdaxilədə Azərbaycanın və Türkiyənin sərt mövqeyi ilə qarşılaşırlar. Geriyə qalır Rusiya. Rusiyada isə Ermənistana və separatçılara dəstək birmənalı deyil. Müharibə də göstərdi ki, Rusiyanın bölgə ilə bağlı ənənəvi siyasətində müəyyən dəyişikliklər var. Artıq Rusiya tərəzinin bir gözünə Ermənistanı, separatçıları qoyarkən, digər gözünə də Azərbaycanı və Türkiyəni qoyur. Tərəzidə isə Azərbaycan və Türkiyə təbii ki, ağır gəlir.

Yəni Azərbaycan və Türkiyə faktoru Kremlin maraqları baxımından Rusiya üçün daha vacibdir. Rusiya birtərəfli şəkildə Ermənistanı, separatçıları dəstəkləyə bilmir. Bununla Azərbaycanla, Türkiyə ilə münasibətləri gərginləşdirmək, öz maraqlarını təhlükəyə atmaq niyyətində deyil. Üstəlik, Ermənistanda Rusiyadan uzaqlaşmağa çalışan Paşinyan hakimiyyəti var. Bu baxımdan, Kremlin regiona münasibəti balanslı mövqeyə doğrudur. Bu, bizim üçün yeni olan, bizim maraqlarımıza fayda verən mövqedir. Hər nə qədər Ermənistan, separatçılar, erməni diasporu Rusiyanı erməni səngərinə çəkmək istəsə də, Kreml dövlətin maraqlarını əsas tutaraq, daha balanslı mövqe sərgiləyir. 

- Belədirsə, o zaman Qarabağdakı separatçılara dəstək verən, terrorçuların "rus icması", "rus dili" təxribatını körükləyən hansı qüvvədir?

- Təbii ki, Rusiya siyasi elitasında başqa mövqedə olanlar da var. Bu qüvvələr ənənəvi siyasət, imperiya maraqlarına uyğun mövqedədirlər. Hansı ki, onlar Rusiya liberallarından da dəstək alırlar. İmperial çevrələr Rusiyanın regionla bağlı siyasətinin ənənəvi qaydada davam etməsinin tərəfdarıdır. Həmin qüvvələr Kremlin Ermənistana dəstək verməsini, Azərbaycan və Türkiyəyə neqativ yanaşmanı istəyirlər. Bunlar Rusiyanın Cənubi Qafqazda münaqişənin davamında maraqlı olmasına çalışırlar. Belə düşünənlər Rusiyanın bütün strukturlarında mövcuddur: hakimiyyət orqanlarında, mediada, siyasi-ideoloji dairələrdə, Ali Radada və s. Eyni zamanda, Rusiyanın hərbi və təhlükəsizlik orqanları içərisində də Kremlin ənənəvi siyasətinin davamını arzulayan, hətta tələb edənlər var. Yəni bir xətt var ki, o xətt ermənipərəst, Azərbaycana qarşı siyasətin tərəfdarlarından ibarətdir. O xətt zaman-zaman Kremlə təzyiq də edir. Qarabağ separatçılarını həvəsləndirən də məhz o xəttin təmsilçiləridir. Ermənistan hakimiyyəti, erməni diasporu və Qarabağ separatçıları bu qüvvələrdən istifadə edirlər. 

Hazırda Qarabağda proseslərin gərginləşməsini istəyən Vitali Balansanyan adlı terrorçudur. Balasanyan terrorçu Arutyunyana təzyiq edir ki, Rusiyanın həmin qüvvələri ilə əməkdaşlığa getsin. Balasanyan və ətrafındakı dəstələr həm Rusiyadakı hamilərindən, həm Ermənistandakı dəstəkçilərindən güc alaraq Arutyunyanı sıxışdırmağa çalışırlar ki, Rusiyadakı dediyim anti-Azərbaycan qüvvələrinin tapşırığını yerinə yetirsin, revanşist qüvvələrlə birgə hərəkət etsin. "Rus icması" yaradırlar, hansı ki, Qarabağda rusların olmadığını hər kəs bilir. Sadəcə görüntü yaratmaq istəyirlər ki, orada ruslar var. Rusiyadakı imperialist qüvvələrin təmsilçisi olan Aleksandr Bordov revanşizm fəallığını saxlamaq üçün gəlib Qarabağda "rus icması" yaradıb, özü də ona "rəhbərlik" edir. Bu adamlar Rusiyanın bölgədə imperialist maraqlarının davam etməsini, Qarabağda təxribatların artmasını, Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsini istəyirlər. 

- Araik Arutyunyan Ermənistanın Azərbaycanla sülh əldə etməsində maraqlıdır? Siz dediniz ki, ona təzyiq göstərilir. Halbuki baş separatçı və terrorçu Araikdir...

- Burada bir neçə məqam var ki, bunu diqqətdən kənarda saxlamaq olmaz. Birincisi, hazırda separatçıların qondarma qurumunun manevr imkanlarının məhdudlaşması, terrorçuların yalnızlaşması Araiki məcbur edir ki, vəziyyətdən çıxa bilsin. İndi Xankəndidə elektrik enerjisi ilə, su ilə, qazla, qida, təhlükəsizliklə, iqtisadiyyatla bağlı vəziyyət son dərəcə acınacaqlıdır. Bu problemlərin həlli üçün Qarabağ erməniləri Araikin yaxasından yapışırlar. Araik bunları həll etmək üçün Ermənistanla birgə hərəkət etməyə məcburdur. Paşinyan hakimiyyəti də artıq Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşması siyasətinə doğru gedir. Rəsmi İrəvan anlayır ki, sülh olmadan Ermənistanın iqtisadiyyatının dirçəlməsi mümkün deyil, ümumiyyətlə, dövlətçilikləri sual altındadır.

Nəzərə almaq lazımdır ki, Arutyunyan Paşinyana yaxın separatçıdır. O, Paşinyanın siyasətinə uymalıdır, onun dediklərinə diqqət etmək məcburiyyətindədir. Hamı - Araik də, Paşinyan da başa düşür ki, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədən münasibətlərin normallaşdırılması mümkün deyil. Bu baxımdan, baş separatçı Araik Paşinyanın siyasi xəttinə uymağa çalışır. Buna görə də Qarabağdakı Balasanyan kimi revanşistlərin təzyiqi ilə üz-üzə qalır. Arutyunyan təzyiq altındadır dedikdə, bunu nəzərdə tuturam. Yoxsa ki, əlbəttə, baş separatçı da, baş terrorçu da Araikdir. 

- Sizcə, Azərbaycan bunun qarşısını almaq üçün hansı addımlar atmalıdır?

- Azərbaycanı təhrik etməyə çalışırlar ki, haqlı olaraq bu təxribatlara sərt reaksiya verək. Onlar separatizmi alovlandırmağı qarşılarına məqsəd qoyublar. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məqamları diqqətə alır, ya da diqqətə almalıdır. Rəsmi Bakı müharibədən əvvəlki, müharibə dövründə və müharibədən sonrakı tutduğu "qızıl balans" siyasətini davam etdirməlidir. Separatçıların və separatçılığa dəstək verən qüvvələrin manevr imkanlarını məhdudlaşdırmaq, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycanın suverenliyinin bərpası yönündə siyasi kurs davam etdirilməlidir. 

Anar Bayramoğlu