Advertisment

Almaniya Ukraynaya yeni silahlar verəcək

Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkə Ukraynanı müasir hava hücumundan müdafiə sistemi ilə təmin edəcək.

Herbiand.az ukranews.com-a istinadən xəbər verir ki, o, bunu Almaniya parlamentində müzakirələr zamanı deyib.

Belə ki, debat zamanı ana müxalifət partiyasının lideri Fridrix Merts kanslerin Ukrayna ilə bağlı siyasətini tənqid edib. Buna cavab olaraq Olaf Şolts Ukraynaya əlavə silah tədarükünü elan edib.

“Yaxın həftələrdə biz Niderland ilə sıx əməkdaşlıq edərək Ukraynaya dünyanın ən qabaqcıl 12 özüyeriyən haubitsasını tədarük edəcəyik”, - Şolts bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna hərbçilərinin “Panzerhaubitze 2000”də təlimi bir neçə gündən sonra başa çatacaq.

“Federal hökumət də bu yaxınlarda qərar verdi ki, IRIS-T sistemi ilə biz Almaniyada mövcud olan ən qabaqcıl hava hücumundan müdafiə sistemini təhvil verəcəyik”, - kansler deyib.

Beləliklə, onun sözlərinə görə, Almaniya Ukraynaya bütün şəhəri Rusiyanın hava hücumlarından qorumaq imkanı verəcək.

Bundan əlavə, Almaniya Ukraynanı düşmənin haubitsalarını, minaatanlarını və raket artilleriyasını aşkar edən müasir radarla təmin edəcək.

Şolts qeyd edib ki, Almaniya ABŞ-la sıx əməkdaşlıq çərçivəsində çoxlu reaktiv yaylım atəşi sistemləri də tədarük edəcək. Lakin bu atəş sistemləri Rusiyanın ərazisinə çatmayacaq.