Advertisment

“Suriyada hərbi əməliyyatların keçirilməsi Türkiyənin milli maraq və mənafelərinin qorunması deməkdir” - Politoloq

ABŞ dövlət katibi Entoni Blinken NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Türkiyənin Suriya ərazisində yeni hərbi əməliyyatını şərh edərkən deyib ki, ABŞ Suriyada regionda sabitliyə xələl gətirəcək istənilən eskalasiyaya qarşıdır: “ABŞ Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinin əleyhinədir. Suriyanın şimalında hər hansı yeni hücum bölgədəki sabitliyi pozacaq. Hazırkı atəşkəsi dəstəkləyirik. Biz narahatıq ki, yeni hücum qüvvələri regionda sabitliyi poza və ondan öz məqsədləri üçün istifadə edə bilər. Tərəfdaşlarımızla birlikdə Suriyada İŞİD-ə qarşı effektiv mübarizə aparmağa davam edirik. Və İŞİD-i bizim onları sövq etdiyimiz sərhədlər daxilində saxlamaq üçün göstərilən səylərə xələl gətirə biləcək bir şeyin olmasını istəmirik”.

Bununla bağlı Herbiand.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken və NATO baş katibi Yens Stoltenberqin fikirləri bundan ibarətdir ki, Türkiyə Suriyada hərbi əməliyyat keçirməməlidir. Bu əməliyyatın əleyhinə bir mövqe vardır:

“Lakin Türkiyə öz ərazilərinin təhlükəsizliyini və regional sülhü qorumaq üçün əməliyyat həyata keçirdir. Eyni zamanda, Türkiyənin bu əməliyyatda şəhidləri də var. Bu əməliyyat regional təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir. Türkiyəyə qarşı ABŞ-ın qərəzli siyasəti də yenidən göz önünə çıxır. Çünki Türkiyə hazırda çox kritik bir dövrə daxil olub. İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbul olunmasına qarşı çıxır. Bunun da öz səbəbləri var. İsveç PKK/PYD/YPG terror qruplaşmalarına maliyyə dəstəyinin axıdılmasında iştirak edən dövlətdir. Gülənçilərə də dəstək göstərir. Bu, Türkiyə milli maraqları baxımından qəbul olunan deyil. Türkiyə yazılı zəmanətlər istəyir, bir sıra şərtlər irəli sürür. Yalnız bu şərtlərin yerinə yetirilməsi baş verərsə Türkiyə veto hüququndan istifadə etməyəcək. NATO hərbi-siyasi bloku konsensus əsasında təşkil olunur və böyük bir coğrafiyada təhlükəsizliyi təmin edir”.

Politoloq qeyd edib ki, İsveç və Finlandiya problematikasıyla yanaşı həm də Türkiyədə prezident seçkiləri yaxınlaşır:

“2023-cü il hər baxımdan Türkiyə üçün əlamətdar bir ildir. Cümhuriyyətin yaranmasının 100 illiyi qeyd olunacaq və seçimlər baş verəcək. Ərdoğan təbii ki, bu seçkilərdə qalib gəlməkdə maraqlıdır. Regional geosiyasi aktor kimi rolu günü-gündən möhkəmlənən Türkiyə ABŞ-ın planlarına uyğun olmayan müstəqil xarici siyasət yürüdür. Bununla yanaşı həm də daxili siyasət uğurla qurulur. Lirənin möhkəmlənməsilə bağlı təşəbbüslər və daxili ictimai-siyasi sabitliyin demokratik dəyərlərinin bərqərar olunması baxımından Türkiyə böyük bir məsafə qət edib. Müdafiə sənayesi sahəsində əldə olunan uğurlar, pilotsuz uçuş aparatlarının dünya hərb elmində inqilab etməsi Türkiyənin nüfuzunu bir qədər də artırıb. Türkiyə həm də Rusiya-Ukrayna müharibəsində sülh təşəbbüsləriylə çıxış edir. Hər iki tərəf arasında sülhün əldə olunmasında etibarlı vasitəçi rolunu oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, Antalya Diplomatik Forumu, İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında görüşün keçirilməsindən sonra Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında son telefon danışığında yenidən nümayəndə heyətləri arasında görüşün keçirilməsi fikri irəli sürülmüşdü. Burada BMT-də vasitəçi kimi çıxış edəcək. Bu da Türkiyənin regional və qlobal geostrateji ambisiyalarından xəbər verir”.

İlyas Hüseynovun sözlərinə görə, xüsusi məsələ həm də qida və ərzaq təhlükəsizliyi ilə bağlıdır:

“Bilirsiniz ki, Qara dəniz bölgəsində minalar yerləşdirilib. Hazırda strateji əhəmiyyət kəsb edən buğdanın nəqli problemi yaşanır. Sığorta şirkətləri gəmi daşımaçılığında qiymətləri çox qaldırıblar. Belə olan təqdirdə Türkiyə sabitliyi qorumaqla qidanın və gübrələrin təhlükəsiz şəraitdə daşınmasında yardımçı ola bilər. Bu həm də hazırda böyük çətinliklər yaşanan strateji əhəmiyyətli məhsulların daşınmasında Türkiyənin rolunu bir qədər də möhkəmləndirəcək. Yəni, belə demək mümkündürsə Türkiyə hər vasitə ilə öz geostrateji nüfuzundan istifadə etməyə çalışmaqla regional sülhü və təhlükəsizliyi qorumaqda maraqlıdır. Bu cür dövlətin ABŞ-ın xarici siyasət strategiyasına uyğun olmayan addımlar atması rəsmi Vaşinqtonu narahat edir. Biz bilirik ki, NATO-da əsas söz sahibi ABŞ-dır. Lakin NATO kontekstində Türkiyə ikinci böyük orduya malikdir. Böyük hərbi potensialı vardır. Öz ərazilərinin təhlükəsizliyini qorumaq üçün səyləri birləşdirir. Ona görə də Suriyada hərbi əməliyyatların keçirilməsi Türkiyənin milli maraq və mənafelərinin qorunması deməkdir. Bu istiqamətdə Türkiyə qərarlı və israrlıdır və dayanıqlı sülhün möhkəmləndirilməsində addımlar atır”.

Bəxtiyar CƏFƏRLİ