Advertisment
  • 296
  • 03-06-2022 13:16

“100 günün yekunu odur ki, Rusiya Silahlı qüvvələri…” - Hərbi ekspertlə müsahibə

  • Bu gün Rusiya-Ukrayna müharibəsinin 100-cü günüdür. Bu müddət ərzində tərəflər şəxsi heyət və texnika baxımından xeyli itkilərə məruz qalıb. 100 gün ərzində Ukraynanın minlərlə günahsız mülki vətəndaşı həlak olub və əsir götürülüb. Yer üzündən silinən şəhər və kəndlər, tapılan kütləvi məzarlıqlar, rus əsgərlərinin Ukrayna xalqına qarşı zorakılıq və qətliam hallarının sayı-hesabı yoxdur. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin 20 faizi işğal olunub.
  •  
  • Herbiand.az müharibənin 100-cü günüylə bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyevdən müsahibə alıb.
  •  
  • Müsahibəni təqdim edirik:

- Rusiya-Ukrayna arasında gedən müharibənin 100 gününü necə dəyərləndirmək olar?

- Müharibənin Rusiya beyin mərkəzləri tərəfindən 4 günlük bir müddətə planlandığı halda müharibəni 100-cü gündə müşahidə etməyimiz ilk başdan bütün planların yanlış olduğunun göstəricisidir. Görünən odur ki, Baş qərargah müharibənin planlarını Kremlə məruzə edəndə bunun həyata keçirilə biləcəyi güvəncini vermişdi. Nəticə etibarilə strateji və əməliyyat planlarının heç biri onların göstərdiyi müddətlərdə həyata keçirilə bilmədi. Bu səbəbdən müharibənin gedişatının niyə 100-cü günə gəlib çatdığının əsas səbəbi ilk başda strateji və əməliyyat planlarının yanlış olmasıdır. Rusiya qarşı tərəfin güc balansını doğru-düzgün hesablaya bilmədi. Müharibələrdə qalib tərəf hər zaman o tərəf olur ki, öz silahlı qüvvələrinin və qarşı tərəfin gücünü bilir. Görünən odur ki, ilk başda Rusiya Silahlı qüvvələrinin hərbi beyin mərkəzləri Ukraynanın gücünü düzgün qiymətləndirmədilər. Bu səbəbdən biz müharibənin 100-cü gününə gəlib çatmışıq.

- Rusiya müharibənin keçən 100 günündə istədiyinə nə qədər nail olub?

- Rusiya Silahlı qüvvələri Ukraynada belə müqavimət olacağını gözləsəydilər birinci 4 gündə bütün strateji xüsusi əməliyyatlar bölmələrini, xüsusən də desant bölmələrini birinci eşalonda məhvə məcbur etməzdilər. Rusiyanın ən böyük döyüş gücü sayılan desant qüvvələrini Ukrayna qoşunları məhv etdilər. Sonra 2-ci, 3-cü eşalonda Rusiya Silahlı qüvvələrinin ehtiyatlardan müharibəyə daxil edilən qoşunları o qədər də döyüş aparmaq qabiliyyətinə malik olan qüvvələr deyildi. Yalnız “Vaqner” xüsusi hərbi kampaniyanın üzvləri xaric. Onlar başqa bölgələrdə müharibələr gördükləri üçün birinci eşalondan sonrakı mərhələdə nisbətən döyüş qabiliyyətinə malik olan qüvvələr idi. Onlar hələ də sahədədirlər və döyüşürlər.

 - Ukraynadan bu cür müqavimət gözlənilirdimi?

 - Görünən odur ki, 2014-cü ildə baş verən 1-ci Rusiya-Ukrayna münaqişəsindən sonrakı müddətdə Ukrayna qoşunları Şimali Atlantika Alyansının və Avropa ölkələrinin hərbi strukturlarının hərbi və maliyyə dəstəyilə çox hazırlanmış oldular. Yeni müharibəyə əslində Ukrayna Silahlı qüvvələri və xalqı dirəncə görə hazırlıqlı gəldi. İndiki müharibənin nəticəsini motivasiya həll edir. Müharibənin gedişatında əsas məsələ tərəflərin döyüşən qüvvələrinin motivasiyalarıdır. Ukrayna Silahlı qüvvələri və xalqının ilk 4 gündən sonrakı mərhələdə şoku adladıqdan sonra hər keçən gün motivasiyalarının artdığını görürük. Onlar bir az da motivasiyanı təbii ki, müttəfiqlərindən, Şimali Atlantika Alyansından maliyyə və digər dəstəklə alırlar. Hər keçən gün bu güc Ukraynaya artaraq daxil olur. Rusiya Silahlı qüvvələri isə müharibənin ilkin mərhələlərində 3 hərbi dairəylə başlamışdılar. Sonra digər iki hərbi dairənin Silahlı qüvvələrini də 2-ci, 3-cü eşalonda müharibəyə daxil etdilər. Bununla da əməliyyatları müharibənin 100-cü gününə qədər çıxdığı hədlərə qədər davam etdirə bilirdilər. Amma Rusiyanın gücü tükənərək gedir. Nə mənada gücü tükənərək gedir? Biz bilirik ki, müharibənin başlanğıcında zirehli texnika, raket artilleriya sistemləri, təyyarələr, helikopterlər, atəş yaylım sistemləri və s. silahlar konkret rəqəmlərlə ifadə olunur. Güc nisbətində də bilinirdi ki, Ukraynanın gücü nədir. Rusiyada itkilər müqabilində azalma geir. Müharibənin hər günündə ilkin mərhələdə Rusiya 1000 nəfərə yaxın şəxsi heyət baxımından itki verirdisə, indi bu rəqəm 200-250 civarına enib. Texnikalar baxımından da itkiləri var - 3000-4000 ədəd zirehli texnika, 200-ə yaxın təyyarə, 150-dən yuxarı helikopter və s. Bu itkilər yeri doldurulacaq itkilər deyil və artan templə gedir. Rusiyaya da özündən başqa köməyə gələn yoxdur. Belarus da hələ gələcəkdə özünün nə qədər hərbi gücünü istifadə etməsi baxımından imitasiya edir.

- Xarici dövlətlərin Ukraynaya hərbi yardımlarının arxasında nə dayanır? Ukraynanın qalib gəlməsi, yoxsa Rusiyanın qalib gəlsə belə bu müharibədən zəifləmiş halda çıxması?

- ABŞ, İngiltərə və Fransanın Ukrayna müharibəsinin başlanğıcında əsas istəkləri Rusiyanın əməliyyatlar teatrında çökdürülməsidir. Bu, onların gizli niyyətidir. Rusiya Silahlı qüvvələri əslində Ukraynada nə qədər məhv edilsə, zəiflədilsə NATO güclü duruma düşəcək. NATO-ya daxil olan ölkələrin hərbi gücü və maliyyə vəsaitlərilə Rusiyanın imkanlarını bərabər etmək olmaz. Onları hərbi güc nisbətində qiymətləndirmiş olsaq uzun vadədə Rusiya bu hərbi gücü yenmək imkanında deyil. Amma NATO Ukrayna vasitəsilə və ona verdiyi dəstəyin müqabilində Rusiyanı zəiflədə bilər. Əslində əsas məqsədlərdən biri odur. Müharibə nə qədər uzanarsa Rusiyanın bir o qədər hərbi güc və iqtisadi baxımdan çökməsini gözləyirlər. Rusiya isə əksinə. Tələsir ki, operativ hədəflərini erkən ələ keçirsin. Xüsusən də Luqansk, Donetsk, Xerson bölgələrini tam nəzarətə götürməklə məncə Rusiya istəyir ki, gələcəkdə masaya otursa bu ərazilər üzərindən siyasi iradəsini həyata keçirə bilsin. Onlar bu hədlərə çıxmaq üzrədirlər. 100 günün yekunu odur ki, Rusiya Silahlı qüvvələri ilkin mərhələlərdəki planlarından fərqli olaraq 2-ci mərhələdə planladığı operativ hədəf və hədlərə çıxmaq üzrədirlər. O hədlərə çıxdıqdan sonra çox güman ki, Rusiya müharibənin dayanmasına razı olacaq. Amma Ukrayna buna razılıq versə. Görünən odur ki, Rusiya o hədlərə çıxsa belə Ukrayna öz torpaqlarını azad etməkdə çox qərarlıdır.

- Müharibə uzandıqca Ukraynaya verilən silahların gücünə görə keyfiyyəti və kəmiyyəti getdikcə artır. Xüsusən də ABŞ-ın lend-liz proqramı çərçivəsində güclü silahların verilməsi gözlənilir. Bu hal müharibənin daha da qanlı olmasına və uzanmasına gətirib çıxarda bilərmi?

- Düşünürəm ki, indiki mərhələdən fərqli olaraq müharibənin ən gərgin fazası təbii ki, lend-liz çərçivəsində Ukraynaya daxil ola biləcək və digər hərbi yardımların çatdırılmasından sonra növbəti fazanın başlanması olacaq. O zaman Ukrayna artıq əməliyyatlar teatrında vəziyyəti nəzarətə götürəcək. Artıq ondan sonrakı mərhələdə biz müharibənin davamının Ukrayna lehinə gedəcəyini gözləyə bilərik. Əgər hər hansı bir fors-major hal olmasa bu müharibənin hələ önümüzdəki günlərdə Ukrayna lehinə artan templə davam edəcəyini gözləyə bilərik.

Bəxtiyar CƏFƏRLİ



Oxşar xəbərlər