Advertisment
  • 109
  • 09-06-2022 13:54

“Fransada keçirilən görüş erməni ictimai rəyinə dinc şəraitdə təmasların vacibliyini təqdim edə biləcək” - MÜSAHİBƏ

Fransanın Strasburq şəhərində azərbaycanlı və erməni gənclərin görüşü keçirilib. Fransa-Almaniya Gənclər Ofisi (OFAJ) adlı təşkilat tərəfindən təşkil olunan görüşə Azərbaycan və Ermənistandan 10 gənc qatılıb. Görüş təşkilatın “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində baş tutub. Tədbirə Fransadan və Almaniyadan da gənclər qatılıb.

Qeyd edək ki, belə bir təşəbbüs ötən ilin dekabrında Azərbaycan və Ermənistan ölkə liderlərinin Brüsseldə keçirilən görüşündə razılaşdırılıb.

Mövzu ilə bağlı Herbiand.az siyasi şərhçi Azər Həsrətdən müsahibə alıb:

- Azər bəy, belə görüşlərin keçirilməsi Azərbaycan və Ermənistan cəmiyyətinə nə verə bilər?

- Azərbaycan və Ermənistan cəmiyyəti arasında yaxınlaşma üçün atılan addımları mən təqdir edirəm. Çünki müharibə bitib, Azərbaycan qalibdir. Torpaqlarımızı işğaldan azad etmişik. Ermənistan dövləti ilə, eləcə də Ermənistan xalqı ilə masa arxasında oturub dinc şəraitdə müzakirələr aparmaqdan çəkinməməliyik. Zatən biz üstün durumdayıq. Üstəlik əbədi düşmənlik də edə bilmərik. Biz qəbul etməliyik ki, qonşuluğumuzda Ermənistan dövləti var və bu dövlətlə dinc yanaşı yaşayacağıq. O baxımdan belə görüşlərin keçirilməsini şəxsən təqdir edirəm.

- Fransada keçirilən görüş nəyisə dəyişə bilərmi?

- Əlbəttə dəyişəcək. Çünki erməni ictimai rəyi yavaş-yavaş azərbaycanlılarla dinc təmaslara alışmağa başlayacaq. Azərbaycan tərəfi buna çoxdan hazırdır. Ümumiyyətlə, biz döyüşdə vuruşmuşuq. Dinc həyatda da dinc münasibətlərə üstünlük veririk. Amma təəssüflər olsun ki, Ermənistan nə döyüşdə layiqincə vuruşa bilməyib nə də dinc həyatda təmaslara hazır deyil. Bu baxımdan Fransada keçirilən görüş artıq erməni ictimai rəyinə dinc şəraitdə təmasların vacibliyini təqdim edə biləcək.

- 44 günlük müharibəyə qədər xeyli belə görüşlər olub. Bu görüşlər nəyisə dəyişmişdimi?

- Bəli, belə görüşlər olub. Şəxsən mən də belə görüşlərdə iştirak etmişəm. Moskvada, Avropanın müxtəlif şəhərlərində, hətta Ermənistanın özündə bu təmaslarda iştirak etmişəm. Biz o vaxtı da ermənilərə təlqin etməyə çalışırdıq ki, Azərbaycanla ən yaxşısı dinc yolla anlaşmaqdır. Əgər siz bunu seçməsəniz Azərbaycanın güc hesabına sizi anlaşmaya məcbur etmək imkanları da yox deyil. Təəssüflər olsun ki, o vaxt ermənilər bizi eşitmədilər. Özlərini qalib sayırdılar. Torpaqlarımızı işğal altında tuturdular. Elə bilirdilər ki, əbədi olaraq belə də davam edəcək. Ona görə də dinc yanaşmaya meyilli deyildilər. O baxımdan biz onlara təmkinli şəkildə bunu izah edirdik. Və gün gəldi artıq onlar anladılar ki, bizi vaxtında dinləmələri öz xeyirlərinə ola bilərdi. Yəni, əvvəlki görüşlərin faydası olmayıbsa, bu o demək deyil ki, bundan sonra belə görüşlər keçirməməliyik.

- Əgər yenə görüşlər keçiriləcəksə nəyə ümid etmək olar?

- Əvvəldə dediyim kimi, Ermənistan ictimai rəyinin nəhayət ki, sağlaşdırılması. Ermənistanda heç də hamı ucdantutma müharibə manyakı deyil. Azərbaycan torpaqlarını işğal altında tutmaq və ya yenidən işğal etmək iddiasında deyil. Əksər insanlar həqiqətən də dinc yanaşı yaşamağa meyillidirlər və bunu ürəkdən arzu edirlər. Sadəcə Ermənistanda müəyyən siyasi qüvvələr var. Özəlliklə də bu revanşist dediyimiz Sarkisyan-Köçəryan cütlüyü və onların arxasınca gedənlər. Eyni zamanda, erməni diasporu türklərə qarşı həqiqətən də çox qəddar bir yanaşma sərgiləyirlər. Onlar Ermənistan xalqının normal dinc yanaşı yaşamasını istəmirlər. Ümumilikdə götürəndə erməni ictimai rəyinin düşmən ritorikasından çıxış etməyə məcbur edən məhz onlardır. Amma belə görüşlərin keçiriləcəyi və ermənilərin bizimlə təmasları artacağı təqdirdə ümid edirəm ki, ən azından çoxluqda olan dinc yanaşı yaşamaq tərəfdarları nəhayət ki, həm revanşistlərə, həm də diasporaya yerini göstərmiş olacaqlar. Bununla da xalqlar arasında etimad bərpa ediləcək.

- Sizcə, indi Azərbaycan daha çox sülh ritorikası ilə danışmalıdır, yoxsa hədə ritorikası ilə? Və niyə?

- Əlbəttə, bizim sülh ritorikasıyla danışmağımız daha məqsədəuyğundur. Çünki dünyanın gözü üstümüzdədir. Azərbaycan ləyaqətli müharibədə ləyaqətli bir zəfər qazanıb. Dünya bizi ittiham etmək üçün demək olar ki, səbəb tapa bilməyib. Yeri gəlmişkən, hazırda Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə də baxaq. Azərbaycanın apardığı 44 günlük azadlıq müharibəsinə də. Azərbaycan o qədər səliqəli, savadlı, humanist müharibə apardı ki, dünya gücləri bizi ittiham etmək üçün səbəblər tapa bilmədilər. Amma Rusiyanın Ukraynada törətdikləri tam bir fəlakətdir. Nəinki müharibə qanunlarını, ümumiyyətlə insanlıq qanunlarını ayaqlar altına alan bir müharibədir. Belə bir şəraitdə Azərbaycan üstündür. O üstünlüyü də biz sülh ritorikasıyla davam etdirməliyik. Necə ki, Prezident İlham Əliyev öz çıxışlarında sülh yanaşmasına üstünlük verir. Ermənistanı həqiqətən də ortada olan məsələləri yalnız masa arxasında həll etməyə səsləyir. Bunun üçün iradə nümayiş etdirir. Biz bundan sonra da sülh ritorikasına üstünlük verməliyik. Məşhur bir deyim var: “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Biz müharibəyə də hazır olmalıyıq. Zatən Azərbaycan həmişə müharibəyə hazırdır. O baxımdan bizim narahatlığımız üçün əsas yoxdur. Torpaqlarımız öz əlimizdədir. Nəzarət öz əlimizdədir. Ermənistanla bizim çözmək istədiyimiz məsələ sadəcə olaraq qarşılıqlı şəkildə bir-birimizin ərazi bütövlüyümüzü tanımaqdır. Eyni zamanda, dinc qonşuluq münasibətlərini bərpa etməkdir. Bu baş verməzsə Azərbaycanın itirəcəyi bir şey yoxdur. Ermənistan itirəcək. O baxımdan biz sülh ritorikasını davam etdirməliyik.

Bəxtiyar CƏFƏRLİ



Oxşar xəbərlər