Advertisment

“Lavrov burada ermənilərə müəyyən mesajlar göndərmək istəyib ki...” - Politoloq

“Çox güman ki, Fərrux kəndinin hansı ərazidə yerləşməsindən Lavrovun xəbəri yox idi. Düşünürəm ki, Lavrov Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhəddində yerləşdiyini fikirləşirdi. Məsələn, Şurnux kəndi kimi. Ona görə də belə cavab verdi. Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında olan bu dəqiqləşdirilmələr onu göstərir ki, Nazirliyin mütəxəssisləri sonradan vəziyyəti olduğu kimi bilərək bu dəyişiklikləri ediblər”.

Bunu Herbiand.az-a “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Xocalı rayonunun inzibati ərazi vahidinə daxil olan Fərrux kəndi ətrafında yaranmış situasiya ilə bağlı jurnalistin verdiyi suala cavabını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın nəyə görə belə addım atmasına və ümumiyyətlə, ermənilərin xoşuna gəlmək niyyətində olmasına gəldikdə isə, aydındır ki, mətbuat konfransı İrəvanda baş tutub:

“Lavrov burada ermənilərə müəyyən mesajlar göndərmək istəyib ki, guya Rusiya ermənilərin yanındadır, onların maraqlarını nəzərə alır və qorumağa çalışır. Azərbaycan tərəfinin açıqlamaları və reallıq onu göstərir ki, Fərruxla bağlı olan olaylar heç də Azərbaycan-Ermənistan münasibətlərinə aid olan məsələ deyil. Fərrux kəndi, ümumiyyətlə sərhəddə yerləşmir. Ona görə sərhəddə gedən proseslərin Fərruxa və Qarabağda yerləşən digər yaşayış məntəqələrinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən qeyd etmək lazımdır ki, Rusiya tərəfi bu hadisəni insident kimi qələmə verir. Burada heç bir insident baş verməyib. İnsident nə deməkdir? Hər hansı bir hərbi toqquşma, çaxnaşma və digər təhlükəli prosesə insident adını qoymaq olar. Fərrux ətrafında gedən proseslər isə heç bir təhlükəyə və hərbi çaxnaşmaya gətirib çıxarmamışdı. Bunu insident kimi qələmə vermək düzgün deyil. Bu, Azərbaycan tərəfinin regionda apardığı mövqelərin dəqiqləşdirilməsi nəticəsində baş verən bir prosesdir. Fərrux kəndi Azərbaycan ordusunun nəzarətinə keçib. Ümumiyyətlə, bu yer Azərbaycan ərazisidir. İstər Azərbaycan tərəfinin nəzarət etdiyi, istərsə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin hamısı Azərbaycan əraziləridir. Ona görə də Azərbaycan öz ərazisində hansı işlərin aparılması ilə bağlı heç kəsə hesabat verməməlidir”.

İlqar Vəlizadə qeyd edib ki, digər tərəfdən Fərrux azərbaycanlıların yaşadığı qədim kənddir:

“Üçtərəfli sazizə əsasən azərbaycanlılar tərk etdikləri doğma yurd-yuvalarına qayıtmalıdırlar. Ona görə də Azərbaycan tərəfinin bu kəndi nəzarətə götürməsi məntiqə uyğundur və burada heç bir ziddiyət yoxdur. Düşünürəm ki, bu məsələ belə də qiymətləndirilməlidir. Heç bir insident yoxdur. Hər halda Azərbaycanın bu bəyanata verdiyi reaksiya bundan xəbər verir”.

Bəxtiyar CƏFƏRLİ