Advertisment

“3 dövlət arasında dialoqun baş tutması və Ermənistanın belə bir dialoqun reallaşmasına razılıq verməsi...” - Politoloq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, bizim Qafqazla bağlı yanaşmamız, baxışımız inteqrasiya, əməkdaşlıqdır və Azərbaycan artıq bir neçə dəfə buna başlamaq, ilk addımı atmaq üçün təkliflər verib: “Biz bu məsələni gürcü həmkarlarımızla məsləhətləşmişik və Gürcüstan hökuməti də Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün təşkili və bu dialoqun başlanması ideyasını dəstəkləyir. Təəssüf ki, Ermənistan imtina edir, bunun səbəbini bilmirəm, heç bir məntiqli izahat tapa bilmirəm”.

Dövlət başçısı oxşar cəhdlərin bəzi Avropa institutları tərəfindən də edildiyini diqqətə çatdırıb: “Yenə də imtina olub. Əgər Ermənistan Cənubi Qafqazda sülhün olmasını istəmirsə, onda bir sual meydana çıxır, onlar nə istəyir? Əgər onlar növbəti müharibə istəsələr, bu, onlar üçün fəlakət olacaq və bunu aydın başa düşürlər. Və düşünürəm ki, Ermənistandakı hakimiyyət və revanşist qüvvələr açıq şəkildə anlayır ki, bu dövlətçiliyin sonu olacaq. Ona görə də mən hesab edirəm ki, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər. Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin mövqeyi aydındır - biz bu dialoqa başlamaq istəyirik, qarşılıqlı fəaliyyətə başlamaq istəyirik, ancaq təbii ki, Ermənistansız bu mümkün olmayacaq”.

Üç dövlət arasında dialoqun və ya görüşün baş tutması nəyə xidmət edərdi və hansı üstünlükləri ola bilər?

Əgər üçtərəfli görüş ideyası baş tutsa Cənubi Qafqazın güclənməsi, sabitlik və Ermənistanla münasibətlərin yaxşılaşması baxımından bu dialoqu necə qiymətləndirmək olar?

Mövzu ilə bağlı Herbiand.az-a danışan “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, dünən Azərbaycan prezidenti cənab İlham Əliyev Qlobal Bakı Forumunda çıxışı zamanı bir çox istiqamətli məsələlərə toxundu. Xüsusilə də Cənubi Qafqazda proseslərin gələcək inkişaf istiqamətlərilə bağlı Azərbaycan dövlətinin konseptual baxışlarını əks etdirdi:

“Azərbaycan dövlətinin Cənubi Qafqazda 3 dövlət - Gürcüstan, Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcəyi ilə bağlı bölgəmizin sülh və yüksək iqtisadi inkişafın nail olunduğu barış bölgəsinə çevrilməsilə bağlı mövqeyini açıqladı. Açıq şəkildə bəyan etdi ki, Azərbaycan dövləti uzun illər ərzində işğala məruz qalıb. İşğaldan azad edilən ərazilər ermənilər tərəfindən darmadağın edilib. Eyni zamanda, Azərbaycana kifayət qədər maddi, mənəvi zərbələr vurulub, tarixi, mədəni abidələrimiz dağıdılıb. Lakin buna baxmayaraq Azərbaycan yenə də humanist davranış nümayiş etdirərək 44 günlük müharibədən keçən ilyarım ərzində Ermənistana bir neçə dəfə sülh müqaviləsi imzalamaqla bağlı təklif səsləndirib. Amma təəssüf ki, Ermənistan tərəfi heç bir ciddi səbəblər gətirmədən bu təkliflərdən imtina edib. Çıxış zamanı Prezidentimiz eyni zamanda, həm də bir sıra beynəlxalq güclər və siyasi institutlar tərəfindən də Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamaqla bağlı müzakirələrə başlamaq təklif edildiyini, amma təəssüf ki, bu təkliflərin də rədd edildiyini qeyd etdi. Bütün bunlar onu göstərir ki, Ermənistan Cənubi Qafqaz ailəsinin bir üzvü olaraq adekvat davranmağı, proseslərə reallıqlara əsaslanan münasibət göstərməyi hələ də bacarmır. Baş verə biləcək hadisələrin gələcək inkişaf istiqamətlərini, perspektivlərini düzgün proqnozlaşdırmağı belə bacarmır. Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Ermənistan Cənubi Qafqazın gələcəyilə bağlı baxışlarını açıq şəkildə ifadə etməlidir. Əgər o sülh, barış, əməkdaşlıq, inteqrasiya deyil müharibə istəyirsə bu müharibənin Ermənistan üçün hansı sonucla nəticələnəcəyini yaxşı dərk etməlidir. Yəqin ki, bunu bilirlər. Növbəti toqquşma Ermənistan dövlətinin süqutuna gətirib çıxara bilər”.

“Azərbaycan dövlətinin başçısı həm də Ermənistanın əsassız reallıqlara uyğun olmayan iddialarının heç bir nəticə verə bilməyəcəyi ilə bağlı Azərbaycan xalqının qətiyyətli mövqeyini ifadə etmiş oldu. Qarabağda Azərbaycan vətəndaşlığını qəbul edəcək etnik erməni əhalisinə hər hansı bir statusun verilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Belə mövzulardan spekulyasiya edilməsi Azərbaycan cəmiyyətində qıcıq formalaşdırır. Eyni zamanda, proseslərin tənzimlənməsilə bağlı ümidləri puça çıxarır və Ermənistanın özü üçün ciddi təhlükələr yaradır. Əks halda Ermənistan bu sərsəm iddialardan əl çəkməyəcəksə Azərbaycan da tarixi torpaqlarımız olan Qərbi Zəngəzur, Yerevana tarixi, hüquqi və mənəvi haqqımız daha çox olan torpaqlarımıza iddialar irəli sürmək hüququna malikdir. Həmin ərazilərdə vaxtilə böyük üstünlüyə sahib olan azərbaycanlıların status məsələsini qaldıra bilərik. Bu isə təbii ki, Cənubi Qafqazda proseslərin sülh istiqamətində inkişafını deyil, əksinə konfrontasiyanın yenidən gərginləşdirilməsinə gətirib çıxara bilən bir prosesdir. Bu baxımdan hesab edirəm ki, 3 dövlət arasında dialoqun baş tutması və Ermənistanın nəhayət ki, belə bir dialoqun reallaşmasına razılıq verməsi Cənubi Qafqazda proseslərin tənzimlənməsinə və bir çox istiqamətlərdə - nəqliyyat, kommunikasiya, iqtisadi əlaqələr, insanlar arasında psixoloji rahat mühitin formalaşması, birgə yaşayış, qarşılıqlı etimad mühitinin formalaşması ilə bağlı çox ciddi irəliyə doğru addım olar. Bunun da bölgəmiz üçün kifayət qədər gətirəcəyi üstünlükləri mövcud ola bilər”, - politoloq qeyd edib.

Anar Əliyevin sözlərinə görə, əslində, Azərbaycan prezidentinin çıxışı zamanı səsləndirdiyi Ermənistanla dialoq və əməkdaşlıq təklifləri bölgəmizin və Azərbaycan dövlətinin maraqlarına xidmət etməklə yanaşı, daha çox həm də Ermənistan cəmiyyətinin və dövlətinin maraqlarına uyğundur:

“Ermənistan bunu bütövlükdə dərk etməli, proseslərə məhz bu istiqamətdən yanaşmalıdır. Azərbaycanın təkliflərini düzgün qiymətləndirməli və sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmağa çalışmalıdır. Bir məsələni qeyd etmək istəyirəm. 44 günlük müharibə ilə Azərbaycan Ermənistanı kapitilyasiya sənədi imzalamağa məcbur etdi. İllərlə işğal altında olan torpaqlarımız azad olundu. Sərhədlərimiz və ərazi bütövlüyümüz təmin edildi, işğal faktı tamamilə aradan qalxdı. Azərbaycan qalib tərəf olaraq 10 noyabr 2020-ci il bəyanatından keçən ilyarım ərzində dəfələrlə Ermənistana sülh sazişi ilə bağlı təkliflər irəli sürsə də Ermənistan tərəfindən demək olar ki, bəyanatlar sənədlər səviyyəsindən irəli keçməyən və heç bir real addımlarla müşahidə olunmayan ciddi münasibət görməmişik. Əslində qalib tərəfin məğlub tərəfə belə bir təklif səsləndirməsi bəlkə də tarix üçün çox nadir hallarda rast gəlinən bir prosesdir. Amma Azərbaycan humanist mahiyyətindən çıxış edərək hətta məğlub olan, bizə qarşı soyqırımlar törədən, milli-tarixi-mədəni sərvətlərimizi yerlə-yeksan edən, azərbaycanlıların tarixi 100 illərə söykənən izlərini silməyə çalışan, saxta tarix formalaşdırmağa çalışan ermənilərə yenə də Cənubi Qafqazda birgə yaşayışla bağlı təklif səsləndirməsi xalqımızın sahib olduğu yüksək mənəvi dəyərlərə əsaslandığını göstərir. Amma eyni zamanda, Ermənistan cəmiyyəti unutmasın ki, bu təkliflər daimi olaraq masada qalmayacaq. Prezidentimizin dilindən səslənmiş təkliflərə zamanında adekvat və çevik reaksiya verməsələr, əks düşüncələrini davam etdirsələr, bölgədə konfrontasiyanın böyüməsinə xidmət edən addımlar, sərhədlərimizdə təxribat xarakterli gedişləri davam etdirsələr unutmasınlar ki, Azərbaycan dövlətinin gücü, qüdrəti və ali siyasi iradəsi kifayət edir ki, Ermənistanı qısa bir müddət ərzində növbəti sülhə məcbur etmə prosesinə başlasın. Azərbaycan bu qüdrətdədir. Ermənistanın isə Azərbaycanın bu davranışlarına qarşı müqavimət göstərə biləcək heç bir gücü və artıq beynəlxalq dəstəyi belə mövcud deyil”.

Bəxtiyar CƏFƏRLİ