Advertisment
  • 711
  • 17-06-2022 23:01

Prezident Ermənistana vaxt verdi: Ya qalıcı sülh, ya da ...

“Təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda deyib.

Prezident status haqqında danışmamaq barədə tərəflər arasında şifahi razılaşma olduğunu buildirib. Və Ermənistan hökumətini ərazi iddialarından əl çəkməyə çağırıb.

O, bir daha vurğulayıb ki, Azərbaycanda belə bir inzibati ərazi vahidi yoxdur.

“Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”, - deyə dövlət başçısı qeyd edib.

Maraqlısı odur ki, bir gün əvvəl Paşinyan Ermənistan parlamentində Qarabağ məsələsi ilə bağlı çıxış edərkən “vəziyyət belədir, bizdən artıq heç nə gözləməyin” dedi.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldəki bəyanatına toxunan İlham Əliyev Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarından danışıb, onların tam şəkildə qorunacağını əmin edib.

“Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri Paşinyanın Brüsseldə baş tutmuş üçtərəfli görüşümüzün nəticələrinə dair cənab Şarl Mişel tərəfindən yayılmış bəyanatda aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək”, - deyə o qeyd edib.

İlham Əliyev bir daha xatırladıb ki, Zəngəzur tarixi Azərbaycan ərazisi olub, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Ermənistana verilib. O xəbərdarlıq edib ki, əgər Ermənistan status tələb etsə, Azərbaycan da Qərbi Zəngəzur azərbaycanlıları üçün eyni statusu tələb edəcək.

Dövlət başçısı Bakı forumunda Zəngəzur dəhlizinə də toxunub və qeyd edib ki, bu dəhliz açılmasa, sülhdən danışmaq çox çətin olacaq: “Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var”.

O bildirib ki, hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik.

Rəsmi İrəvan isə hələ də israr edir ki, dəhliz onun üçün “qırmızı xətt”dir, bununla bağlı heç bir razılaşma yoxdur.

Beləliklə, İlham Əliyev yenə də “oyun qaydalarını” diktə etdi, şərtləri təqdim etdi və Paşinyana daha bir il vaxt verdi.



Oxşar xəbərlər