Advertisment
  • 287
  • 22-06-2022 10:56

Bir gecə ermənilərin hərbi hissəsində qaldıq

Quliyev Elcan: “Düşməni atəş açdığına peşman etdik”

Quliyev Elcan Kazım oğlu 2001-ci il oktyabrın 20-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. Orta təhsilini kənddə yerləşən Sahib Əliyev adına tam orta məktəbdə alıb. 2020-ci il iyulun 11-də hərbi xidmətə yola düşüb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edib. Hərbi xidmətdə olduğu zaman sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında 2-ci Qarabağ müharibəsi başlayıb.

Elcan həmin günləri xatırlayaraq bildirib ki, onları birinci Suqovuşan qəsəbəsinə aparıblar: “Oktyabrın 6-da gecə saat 4 radələrində Suqovuşana çatdıq və ermənilər bizi pusquya saldılar. Ağır artilleriyadan atəşə tutulduq. Bizim artilleriya qüvvələrimiz onları cavab atəşilə susdurdular. Lakin döyüş yoldaşlarımızdan şəhid və yaralılarımız oldu. Yaralı və şəhidlərimizi tibb maşını ilə yola saldıq. Özümüz isə bir gecə ermənilərin hərbi hissəsində qaldıq”.

Növbəti gün Xocavənd rayonuna yola düşüblər. Orada bir neçə gün mühafizədə qalıblar. Burada da ermənilər əsgərlərimizi atəşə tutub: “Biz də cavab verməklə düşməni atəş açdığına peşman etdik. Sonra yolumuza davam edərək daha da irəli getdik”.

Vətən muharibəsi 2020-ci ilin noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza ataraq təslim olması ilə yekunlaşdı. Bundan bir neçə gün sonra Elcan və digər hərbçilərimiz yenə Xocavəndə gediblər. Ancaq şəxsi heyət gəlməzdən əvvəl ərazi minalardan təmizlənib: “Təmizlənmiş ərazilərdə çadırlar quraraq yerləşdik. 11 gün orada qaldıq. Bu müddət ərzində posta çıxırdıq. Qaldığımız sonuncu gün ermənilər bizə havada iz buraxan güllələrlə atəş açmışdı”.

O sonra noyabr ayının axırında Ağdam rayonunun Şelli və Əliağalı kəndlərində olub. Əsgərlərimiz Əliağalı kəndində ermənilərin məktəbinə yerləşmişdi. Bu kənddə 2 ay mühafizədə olub. Axırıncı olduğu yer isə Ağdam rayonunun Şelli kəndi idi.

Elcan 2022-ci ilin yanvar ayının 1-də Ağdam rayonunun Şelli kəndindən evə buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Quliyev Elcan Kazım oğlu “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bəxtiyar CƏFƏRLİ





Oxşar xəbərlər