Advertisment

“44 günlük müharibədə qazandığımız təcrübələr keçirilən təlimləri bizim üçün asanlaşdırır” - Hərbi ekspert

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir. Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri də iştirak edir.

Təlimdə hərbi pilotlar plana uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər. Sonrakı günlərdə təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər. Həmçinin, pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan digər tapşırıqlar da müvəffəqiyyətlə yerinə yetirilir. Beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.

Digər ölkələrlə birlikdə keçirilən bu cür təlimlərin Azərbaycan pilotlarının daha da püxtələşməsinin əhəmiyyəti barədə Herbiand.az-a danışan Azərbaycanın Hərbi Hava Qüvvələrində uzun illər müxtəlif vəzifələrdə xidmət etmiş, Vətən müharibəsində ordu aviasiyasının fəaliyyətini yaxından izləmiş, ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Müşfiq Məlikov bildirib ki, 2020-ci il sentyabrın 27-i ikinci Qarabağ müharibəsi başlayana qədər bizim Hərbi Hava Qüvvələrimiz Pakistan, Türkiyə və eləcə də NATO tərəfkeşi olan ölkələrin təcrübəsindən istifadə etməklə pilotlarımız müəyyən təcrübə əldə edirdilər:

Dörd erməninin 5 uydurması - Bütün təyyarə və vertolyotları Azərbaycan  ordusu məhv edib

“Amma Vətən müharibəsi bitdikdən sonra artıq onlar bizim təcrübədən istifadə etməklə öz pilotlarını püxtələşdirirlər. 44 günlük savaş ərzində biri təyyarə digəri isə helikopter olmaqla Hərbi Hava Qüvvələri iki uçuş aparatı itirdi. Bu, çox ideal göstəricidir. Təsəvvür edin, Ukrayna savaşının 44-cü günündə Rusiya 180 hərbi təyyarə və 154 helikopter itirdi”.

Müşfiq Məlikov vurğulayıb ki, 44 günlük savaş bütün hərb tarixində dərin iz buraxa bildi. Çünki biz savaşı dağlıq ərazidə apardıq:

“Burada hərbi hədəflərin ifşası və məhvi olduqca çətin idi. Amma biz bunu qazandığımız təcrübəyə görə edə bildik.

Rus sərkərdəsi Aleksandr Suvorovun bir sözü var: “Təlimdə çətindir - döyüşdə asandır”. Amma bizdə bu frazanın əksi oldu. 44 günlük müharibədə qazandığımız təcrübələr indi keçirilən təlimləri bizim üçün asanlaşdırır. Biz döyüş keçmiş hərbçilər kimi təlimlərdə bir örnəyik”.

Bəxtiyar CƏFƏRLİ