“Bütün türk dünyasındakı türk topluluqların hamısını gəzmişəm” - Türkiyəli aşıq
İyulun 29-dan 31-dək Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Hacıkənddə yerləşən Xan yaylağında II Milli Yaylaq Festivalı keçirildi. Festivalda 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak etdi.
Qeyd edək ki, İkinci Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilib.
İştirakçılar arasında Türkiyədən gələn sənətçilər də var idi. Herbiand.az saytının əməkdaşı onlardan biri ilə müsahibə alıb.
Müsahibəni təqdim edirik:
- Əvvəlcə özünüzü təqdim edin.
- Adım Kaya Kuzucu. Türkiyənin Malatya şəhərində anadan olmuşam. Hazırda Ankarada yaşayıram. İşim müsiqi ilə bağlıdır. Aşıq və ozanlıq ənənəsilə bağlı master çalışmam var. Doktorluq dərəcəm də bununla bağlıdır. Türk dünyasının musiqilərilə maraqlanıram. Bütün türk dünyasındakı türk topluluqların hamısını gəzmişəm. Sibir, Altay, Hakas, Şorya (indiki adı Rusiyanın Kemerovo vilayəti – red.), Buryat, Omsk, Tümen, Tuva, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Dağıstan, Krım, Makedoniya, Rumıniya, Macarıstan, Bolqarıstan və digər yerlərdəki türklərlə görüşdüm. Mədəniyyətlərini, xalq mahnılarını, nə çalıb-oxuduqlarını, dini və qəhrəmanlıq mahnılarını araşdırdım. Anadoluda hər tərəfi addım-addım gəzmişəm. Bundan başqa türkmən elində Mosul, Kərkük, Bayırbucak, Kıbrısda (Kipr) musiqilərlə, dini və sufi mahnılarıyla da maraqlandım. Bunlar mənim iş sahələrimdir. Azərbaycana da Milli Yaylaq Festivalı üçün gəldim.
- II Milli Yaylaq Festivalında iştirak etməyiniz necə baş tutdu?
- Mən daha əvvəl də Gədəbəydə keçirilən Yaylaq Festivalında iştirak etmişdim. Festivalın təşkilatçısı olan Müzadil Həsənovun dəvətilə gəldim. Eyni zamanda, Türkiyədə yaşayan azərbaycanlı jurnalist Aynur İmran Festivala gəldiyimi biləndə bura gəlməyim üçün mənimlə maraqlandı. Burada ilk 2 gün səhnədə çıxış etdim.
- Festivalın ilk günündən sonunadək iştirak etdiniz. Təəssüratlarınız necədir?
- Festival çox gözəl keçdi. Demək olar ki, türk dünyasının çoxu orada idi. Qaşqay türkləri, halaçlar (İranda yaşayırlar - red.), Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Qaqauz türkləri, Macarıstandan hun türkləri bu festivala gəlmişdilər. Təbii ki, Azərbaycandan qatılan sənətçilər də var idi. Bilirsiniz, yağışın yağması və ya havanın isti olması vacib deyil. Vacib olan düşüncə, bütün türk qardaşlarımızı bir arada toplamaqdır. Hətta İndianadan da (ABŞ) gəlmişdilər. İştirakçılar arasında idmançılar da var idi. Burada məqsəd bu birliyi, bərabərliyi sağlamaqdır və mən bunu gördüm. Ümumiyyətlə, mən dünyada çox festivallara qatılmışam - Amerika, Almaniya, Asiya, Tuva, Türkiyə, Balkanlarda. Gördüklərimə görə onu deyə bilərəm ki, bu festival gələcəkdə dünyada keçirilən böyük festivallar içərisinə girəcək. Hətta ilk onluğa düşə bilər. Festivalda düşüncə, iş və anlayış gördüm, bu da çox vacibdir. Onsuz da qonaqpərvərlikləri tam başqa bir şeydir. Biz bura odlar diyarı deyirik. Odlar diyarı xalqının qonaqpərvərliyi və onlara olan diqqəti isə çox mükəmməldir. Buna görə Türkiyə adından təşəkkür edirəm.
- Festivalda ifa etdinizmi?
- İlk gün 30 dəqiqəyə yaxın çıxışım oldu. Türk dünyasının, məsələn Tuva türkləri, Kıbrıs türkləri, eyni zamanda Azərbaycan mahnılarından oxudum. İkinci gün səhnədə mahnı oxuyan zaman Macarıstandan gələn idmançılar rəqs etdilər və bu da gözəl bir kompozisiya yaratdı. Bilirsiniz ki, Macarıstan həmişə Azərbaycanın yanındadır. Ermənilərlə olan müharibədə başda Türkiyə olmaqla Macarıstan da Azərbaycanı dəstəklədi. Yəni Macarıstan biz türkük, hun, Atillanın nəvələriyik, Azərbaycan da bizim qardaşımızdır deyirlər.
- Sənətinizlə bağlı sizi Azərbaycana başqa tədbirlərə dəvət ediblərmi?
- Xəzərin sahilində köhnə bir düşərgə yeri var idi. Orada dünya türk gəncləri birliyi deyilən strukturumuz var idi. Təxminən 20 il əvvəl ora gəlmişdim. Sonra Abbas Abdulla adlı şair var idi. İndi rəhmətə gedib. Yazıçılar Birliyinin üzvü, Azərbaycanın İstanbuldakı keçmiş konsulu idi. Onunla bir sənədli film çəkdik. Ondan Nargin adasının hekayəsini, Qafqaz İslam ordusunun, Nuru Paşanın hekayəsini dinlədim. Mənə Qafqaz İslam Ordusunun Bakıya gəlib ingilislərə, ruslara və ermənilərə qarşı vuruşaraq müstəqilliyin qazanılıb və Məmməd Əmin Rəsulzadənin də necə cumhurbaşkanı olduğu zamanı anlatdı. Bu da təxminən 15 il əvvələ təsadüf edir. Sonra Gədəbəydə keçirilən ilk milli Yaylaq Festivalına gəldim. İndi də Hacıkəndə növbəti Milli Yaylaq Festivalında iştirak etdim.
- Bildiyiniz kimi, Azərbaycan 2 il əvvəl Qarabağ müharibəsində qələbə çaldı. Qalib dövlət kimi Azərbaycanın incisi olan Şuşada Xarı bülbül festivalı keçirtdik. İndi də Hacıkəndə belə bir festival təşkil olundu. Ümumiyyətlə, bu cür festivalların keçirilməsinə necə baxırsız? Əsas da türk dövlətlərinin birliyi baxımından.
- Bu, cox yaxşı haldır və davam etməlidir. Bu cür festivallar daha da güclənməlidir. Belə festivalları böyüdüb bütün dünyaya anlatmaq və digər qardaşlarımıza da xəbər edərək sayını çoxaltmaq lazımdır. Şərtlər və çətinliklər ağır olsa da və ya hava şəraiti fərq etməz. Amma festival olsun. Çünki, bu cür yığıncaqlar türk birliyini gücləndirir. Türk birliyinin qurula biləcəyinə dair yaxşı haldır.
- Biz Qarabağ müharibəsində qardaş Türkiyənin dəstəyini gördük və bundan məmnunuq. Bu dəstək indi də davam edir və bizim üçün çox vacibdir. Türkiyə və Azərbaycanın hərbi, siyasi, mədəniyyət və digər sahələr üzrə işbirliyini necə qiymətləndirirsiz?
- Həm hərbi sahədə, həm də güc, birlik, iqtisadi iş birliyi, mədəniyyətlərimizin güclənməsi baxımından yaxşı qiymətləndirirəm. Məsələn, mənim işim aşıq və ozanlıqdır. Aşıq musiqisini buradan götürüb Anadoluya qədər aparmaq, körpünün qurulması çox vacibdir. Biz iki dövlət bir millət deyirik. Artıq 3, 4, 5, 6 və ya 7 dövlət bir millət olacağıq. Çünki biz qardaşıq. Bizim yuxarı kimliyimiz türkdür. Bölgələr fərq etməz. Anadolu, Odlar diyarı, Qazaxıstan, Qırğızıstan, Hakasiya, Çuvaş və s. Bu birliklərin tez olması lazımdır. Müstəqil türk dövlətləri təşkilatının qurulması bu birliklərin gözəl bir qurumudur. İnşallah o da olacaq. Buna inanıram.
- Azərbaycan ədəbiyyatı ilə maraqlanırsınızmı?
- Bizdə ulu ozanlar var. Sizdə Füzulini hələ uşaq yaşlarından oxuyurdum. Nizami Gəncəvi və digərlərini də oxumuşam. Bu, mənim işimdir. Aşıqları da uşaq yaşlarından dinləyirik.
- Ümumiyyətlə, festivalın keçirilməsindən, təşkilatçılığın səviyyəsindən məmnunsunuzmu? Xatirənizdə nələr qaldı, orada nələr yaşadız, nə hadisələr oldu?
- Mən buna bir az üzüldüm. Mətbuatda bəzi xoşagəlməz yazılar oldu. Buna ehtiyac yoxdur. Etməməli idilər.
- Havanın yaratdığı çətinlikləri deyirsiz?
- Bəli, bunlar ola bilər, normaldır. Bu, Allahın işidir. Mən bunu yazanları qınayıram. Dağlıq yerdə iyul ayında yağışın, qarın yağması normaldır. Əgər biz yağışdan, xırda istidən şikayət edəcəyiksə, belə çətinliklərə dözə bilmiriksə onda türk birliyini necə quracağıq. Belə şeylər yazılmaz. Buna pis baxıram və qınayıram. Dünyada çox böyük tədbirlərə qatılmışam. Macarıstanda hun-türk qurultayına, Altayda türk qurultaylarına və s. qatıldım. Türkiyədə Ərciyəs qurultayını biz etdik. Bir milyon insan gəlirdi. Hamısında da səhvlər, çatışmazlıqlar olurdu. Bunlar o işin bizdə deyildiyi kimi duzu-bibəridir. Olan şeylərdir. Festivalda hər şey yaxşı idi. Ən əsası bu sevdaya tutulmaq, bu sevgini, birliyi yaşamaq gözəldir.
- Bu yaxınlarda Bakıda Texnofest Azərbaycan aerokosmik və texnologiya festivalı keçirildi. Festival Türkiyə tərəfindən yaradılıb və öz milli texnologiyalarını inkişaf etdirməyi hədəfləyən ilk və yeganə festivaldır...
- Biz həmişə qol-qolayıq, ürəklərimiz birdir. Texnologiyada, kənd təsərrüfatında, mədəniyyətdə, idmanda da həmişə bir olacağıq. Artıq bu qaçılmazdır və sona qədər gedəcək. Uğurlarımızda, kədərimizdə, sevincdə də bir olacağıq. Azərbaycan bizim qardaşımızdır.
- Yekun olaraq nə əlavə edə bilərsiz?
- Mən özəl olaraq bunu bildirmək istəyirəm. Azərbaycandakı qardaşlarımızın da bunu bilmələri lazımdır. Mən indi 60 yaşındayam. Uşaq ikən hələ divarlar yıxılmazdan əvvəl biz buraların sevdasını, nə zaman müstəqil olacaqlar deyə marşlar söyləyirdik, yürüşlər edərdik. Dünyaya səslərini çatdırmaq üçün. O gündən Azərbaycana və digər türk topluluqlarına sevdamız var. Özəlliklə də bozqurdlar türk dünyasının hamısıyla maraqlanır. Azərbaycan bizim yanımızdadr və bu bizim üçün xoşbəxtçilikdir. Onlardan sizə çoxlu salamlar var. Qayıdanda burdan da ora salamlar çatdıracam. Hər şey üçün təşəkkür edirəm. Allah razı olsun. Varlığınız daimi olsun.
- Müsahibə üçün təşəkkür edirik. Sağ olun.
Bəxtiyar CƏFƏRLİ